“Burada olmaqdan çox məmnunam. İqlim dəyişikliyi ilə bağlı fəaliyyətim təxminən 2005-ci ildə başladı. O dövrdə mən Asiyada fəaliyyət göstərirdim. Həmin vaxt qeyd olunduğu kimi əsas diqqət insanlara iqlim dəyişikliyini başa salmağa yönəlmişdi. Biz çoxsaylı lobbi qrupları və cəmiyyətin bəzi təbəqələri ilə qarşılaşırdıq ki, onlar “iqlim etirazçıları” adlandırılırdı. Mənim yolum əslində alimlərə, iqlim alimlərinə, tapıntılarını siyasətçilərə çatdırmağa kömək etməklə başladı. Çünki əgər siz elmi ədəbiyyatı və ya hətta elm dərsliklərinizi oxumusunuzsa, görərsiniz ki, bu, hər zaman anlamaq üçün asan dil deyil. Biz alimlərin iqlim dəyişikliyinin real olduğunu və insan fəaliyyəti ilə bağlı olduğunu göstərən məlumatlarını sadələşdirərək çatdırmağa yönəlmişdik. Elm sahəsində məlum idi ki, təbii iqlim dəyişikliyi var, amma sübutlar çox aydın şəkildə göstərirdi ki, insanlar, bəşəriyyət iqlim dəyişikliyinə səbəb olur.”
Bu fikirləri “ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Dr. Rebekka Nadin Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda keçirilən panel sessiyada deyib.
Rebekka Nadin bildirib ki, cəmiyyətin müxtəlif qruplarından bu elmi faktı rədd etməyə, elmin həqiqi olmadığını və əsassız olduğunu iddia etməyə çalışan çoxsaylı əks lobbilər var idi: “Ancaq son illərdə bu iddiaların rədd edildiyini gördük. İndi biz bilirik ki, antropogen (insan fəaliyyəti ilə bağlı) iqlim dəyişikliyi aydındır və biz daha çox ekstremal hava hadisələrini və yavaş inkişaf edən prosesləri iqlim dəyişikliyi ilə əlaqələndirə bilirik. Bu əlaqənin birbaşa qurulmasının nə üçün vacib olduğunu soruşa bilərsiniz. Bunun səbəbi siyasətçilərin qərarlar qəbul edə bilməsi üçün sübutların olmasıdır. Mənim komandamla birgə apardığım tədqiqatlar və işlər elmi araşdırmalar üçün deyil, konkret suallara cavab tapmaq üçün edilmişdir. Məsələn, ODI (Overseas Development Institute) ilə bir hesabat hazırladıq və göstərdik ki, GCF-in (Yaşıl İqlim Fondu) yaşıl planet təşəbbüsü iqlim elmlərinə kifayət qədər üstünlük vermir. Biz bunu ona görə etdik ki, GCF idarə heyəti öz siyasətlərini dəyişdirə və nəzərdən keçirə bilsin.”
“ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru vurğulayıb ki, sadələşdirilmiş təsdiq prosesini yaxşılaşdırmaq vacib idi: “Tuvalu nazirinin çıxışın bunun nə qədər uzun vaxt aldığını eşitdik. Buna görə apardığımız tədqiqatlar, gördüyümüz işlər və müdafiə etdiyimiz mövzular siyasətçilərin və qurumların ehtiyaclara vaxtında və inamla cavab vermək üçün qərarlar qəbul etməsinə yardım edən sübutlar yaratmağa yönəlmişdir. Bu sahədə görülən digər mühüm işlər də çox vacibdir.”
Orxan Vahidoğlu, “İki sahil”