EN

“Hərə nəyi bacarırsa, o futbolu da oynayır”

Azərbaycan yığmasının sabiq müdafiəçisi Ruslan Əmircanovun futbolinfo.az saytına müsahibəsi

– Yığmamızın Millətlər Liqasında İsveçə 0:6 hesablı məğlubiyyətinin səbəbini nədə görürsünüz?

– Acı məğlubiyyətdir. Ayrı-ayrılıqda öz klubunda oynayan uşaqlardır, hərəsi özünə görə yaxşı futbolçudur. Sadəcə, bilsək ki, hansısa taktika, gedişat, kombinasiya üzərində işləyirik, yığmanın baş məşqçisinin konkret futbol fəlsəfəsi var və biz onun sisteminə uyğunlaşırıq, yaxşı futbol oynaya-oynaya uduzuruq, o, adamı yandırmaz. Biri də var ki, meydana çıxırıq və yazıq uşaqlar bilmir ki, kim nə etsin, kim hara qaçsın? Hərə nəyi bacarırsa, o futbolu da oynayır. Əksəriyyət futbolçuları günahlandırır, deyirlər ki, bizdə futbolçu yoxdur. Ancaq elə deyil. Azərbaycanda yaxşı oyunçular var. Sadəcə, onları düzgün yönəltmək lazımdır. Ola bilər, Santuş yeni gəldiyi üçün öz fəlsəfəsini hələ tətbiq edə bilmir, ona müəyyən vaxt lazımdır. Amma bizim o qədər vaxtımız da yoxdur. Artıq D liqasına yuvarlandıq. Bu isə faciədir. İsveçlə görüşdə 3-4 futbolçumuz seçilirdi, qalanları isə özlərini yaxşı tərəfdən göstərə bilmədilər. Həm də rəqib bizi keyfiyyətdə üstələdi. İsveç yığmasının üzvləri Avropa klublarında oynayırlar. Ustalıq səviyyəsi açıq-aşkar görünürdü. Matç başlayan kimi qollar buraxdığımız üçün istədiyimiz oyunu, ümumiyyətlə, qura bilmədik.

– Santuş millimizi D liqasına salmaq üçün gətirilmişdi?

– Santuş Portuqaliya yığmasını Avropa çempionu edib. Futbol baxışı, dünyagörüşü yüksək səviyyədə olduğu üçün milli komandamıza baş məşqçi təyin olundu. Ondan müsbət şeylər gözləyirdik. Düşünürdük ki, Santuş millimizə kömək edə bilər, komandaya yeni həvəs, yeni nəfəs, yeni ruh qatar və yığmamız yaxşı futbol oynamağa başlayar, beləcə nəticələrimiz düzələr. Yeni təyin olunanda hamımızın gözlədiyi bu idi. Təəssüflər olsun ki, ümidlərimiz doğrulmadı, Millətlər Liqasında istədiyimiz nəticəni əldə edə bilmədik. Məşqçi də istəməzdi ki, komanda D liqasına düşsün. Alınmadı.

– Hazırkı heyəti son illərin ən güclüsü hesab edənlər var idi. Necə ən güclü heyətdir ki, komandamız C liqasında belə, qala bilmədi?

– Bəli, belə hesab edənlər çoxdur. Nə qədər ki, çempionatımızda 1 güclü, 9 ortabab komanda çıxış edəcək, futbolçuların millidə Avropa futbolu göstərməsi çətin olacaq. Neçə illərdir, digər klublarımız “Qarabağ”la rəqabət apara bilmirlər. Qurban Qurbanov əziyyət çəkərək, canından, əsəbindən, sağlamlığından keçərək illərin komandasını qurub. Çempionat başlayanda əksəriyyət deyir ki, yenə çempion “Qarabağ” olacaq. Nə qədər ki, belə davam edəcək, çempionatımızda yerli futbolçuların inkişafı getməyəcək. Əslində, heyət yaxşıdır. Dəvət alanlar hazırda Azərbaycanda ən yaxşı oynayanlardır. Başqa yerdən 25 futbolçu tapıb gətirəsi deyilsən ki… Əlimizdə olanlar bunlardır. Sadəcə, materialdan düzgün istifadə etmək lazımdır. Yaxşı-pis ortaya bir sənət əsəri çıxartmalısan. Əgər planın yoxdursa, kor-koranə şəkildə futbolçulara “çıxın, əlinizdən gələni edin” deyiləcəksə, Avropa komandaları ilə oyunlarda belə şeylər keçməyəcək.

– Millətlər Liqasında fiasko yaşayan yığmamızdan dünya çempionatının seçmə mərhələsində nəsə gözləməyə dəyər?

– Baş məşqçi və futbolçular Millətlər Liqasındakı uğursuzluqdan nəticə çıxaracaqlar, buraxılan səhvlərin üzərində işləyəcəklər. İstəyimiz odur ki, dünya çempionatının seçmə mərhələsində lazım olan nəticəni əldə edə bilsinlər. Sadəcə, oturub fikirləşmək, harada səhvlər buraxıldığını müəyyənləşdirmək və onları aradan qaldırmaq lazımdır. Ancaq belə inkişaf edə bilərik. Avropa komandaları buraxdığın səhvi bağışlamırlar.

ABBAS

Chosen
2
futbolinfo.az

1Sources