EN

Azərbaycan millisinin sabiq məşqçisi: "Çox məsuliyyətsiz, həvəssiz, istəksiz bir komanda gördük" - MÜSAHİBƏ

Azərbaycan yığmasının sabiq futbolçusu və məşqçisi Mahmud Qurbanov Report.az-a müsahibə verib. İdman.biz xəbər verir ki, mütəxəssis milli ilə bağlı fikirlərini bildirib, komandanın Millətlər Liqasının cari mövsümündəki nəticələrinə toxunub.

- İsveçlə matçı və ümumilikdə komandanın tsikldəki nəticələrini dəyərləndirərdiniz.

- Son oyunda komanda çox bərbad çıxış etdi. 5 müdafiəçi və 2 dayaq yarımmüdafiəçi ilə oynamağımıza baxmayaraq, rəqib cərimə meydançamıza asanlıqla daxil olur, top qəbul edirdilər. Hətta ilk hissədə cərimə meydançamızın daxilində dabanları ilə futbol oynayırdılar. 5 müdafiəçi ilə oynayasan, amma rəqib müqavimət görmədən cərimə meydançana daxil ola - bu, qəbuledilməzdir. Bəlkə də 90 dəqiqənin yarısını bu şəkildə oynadılar. Hücumların alınmaya bilər, amma müdafiədə bu cür çıxış etmək olmaz axı. Düzdür, qapıçımızın da səhvi var idi. Amma bəlkə də hesabın ikirəqəmli olmamasının səbəbkarı məhz qapıçı idi. Çox hallarda komandanı qoldan xilas etdi. Çox məsuliyyətsiz, həvəssiz, istəksiz bir komanda gördük. Açığı, bunu gözləmirdim.

- Bu komandanın Azərbaycanın müstəqillik tarixinin ən yaxşı yığması adlandırılmasına münasibətiniz necədir?

- Futboldan başı çıxmayanlar bu komandanı tariximizin ən yaxşı yığması adlandırırlar. Yaxşı nədir? D Liqasına düşmüşük, yığmanı necə tərifləyə bilərik? Bəzi oyunçular sanki 90 dəqiqənin bitməsini gözləyirdilər. İstək, aqressiya görünmürdü. Futbolçular başa düşmürlər ki, təkcə özləri üçün oynamalı deyillər. Biz Azərbaycanı təmsil edirik. Avropada bütün nəticələrə baxırlar. Rəqib güclü, keyfiyyətli ola bilər. Amma belə asanlıqla uduzmaq olmaz. “Tarixin ən yaxşı yığması” sözünü heç ağlımızdan da keçirməməliyik. Nə vaxtsa nəticə göstərsək, Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazansaq, o zaman danışa bilərik. Biz deyirdik ki, Skandinaviya ölkələri topla oynamaqda zəifdirlər. Amma İsveçin oyununa baxanda heç də belə düşünmək olmaz. Oyunçular topla necə davranırdılar, ötürmələr edirdilər - bunlar hamısı məktəbdir. Yığmamızda isə bunun əksini gördük.

- Millinin heyətində köklü dəyişikliklərə ehtiyac var?

- Bu, Azərbaycanın bir nömrəli yığmasıdır. Ustalıq yoxdursa, komanda ruhu olmalıdır, bu şəkildə mübarizə aparmalıyıq. Yığmanın oyunları 2-3 aydan bir olur. Yəni hər həftə oynamırlar. Ona görə də millinin formasında meydana çıxdınsa, hər şeyi unutmalısan, bütün gücünü qoymalısan, hətta artığını etməlisən. Əlbəttə, dəyişiklik lazımdır, labüddür. Bu il komandanın yaxşı çıxış edəcəyinə inamım var idi. Ancaq uğursuz olduq.

- Fernandu Santuşun işi haqda nə düşünürsünüz? Nəyisə dəyişmək istədiyi hiss olunur?

- Heç bir dəyişiklik yoxdur. Deyə bilərlər ki, vaxt azdır, oyunçuları tanımır. Hələ ki, heç bir yenilik yoxdur. Xəyallarla yaşayırıq, amma realist olmaq lazımdır. Millətlər Liqasında Estoniyanı udsaydıq, C Liqasında qala bilərdik. Şanslarımızı məhz Estoniya ilə oyunlarda itirdik.

- Bütün bunlara görə kimin yaxasından yapışmaq lazımdır?

- Futbolla məşğul olanların hamısının. Axtarsaq, çox günahkar tapa bilərik. Uduzanda çox problemlər olur. İndi kimə nə deyəsən ki? Hamı bir-birini günahkar hesab edəcək.

- Futbol veteranlarını da çox günahlandırırlar…

- Özüm barədə deyim ki, futboldan kənardayam və mənim üçün danışmaq asandır. Əslində belə deyil. Biz də camaat içinə çıxırıq. Hamı soruşur ki, futbolumuz niyə bu vəziyyətdədir? Belə sualları mənə də verirlər. Buna cavab vermək çətindir. Deyirlər ki, yığmada dəyişiklik lazımdır. Baxın, görün aşağıdan kimləri gətirmək mümkündür? Futbol oynayan çoxdur. Amma yaxşı futbolçularımız azdır.

İdman.biz

Chosen
4
2
idman.biz

3Sources