EN

Mikroneziya sakinləri niyə su əvəzinə qazlı içki içməyə məcburdurlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mikroneziya Federativ Ştatlarının nümayəndələri COP29-a mühüm bir missiya ilə - iqlim dəyişikliyi ilə mübarizədə səslərinin eşidiləcəyinə əmin olmaq üçün gəliblər".
Bunu Mikroneziyanın iqlim dəyişikliyi üzrə dövlət katibinin köməkçisi Lyusil Apis Overhoff Oxu.Az-a açıqlamasında bəyan edib.
O, ölkəsinin üzləşdiyi problemlərdən danışıb və COP29-a öz yollarını müəyyən etmək, "kanoe"lərini lazımi təyinat məntəqəsinə çatdıra bilmək üçün gəldiklərini bildirib. Overhoff qeyd edib ki, tədbirdə müxtəlif prioritetləri olan bir çox ölkənin nümayəndələri iştirak edirlər ki, bu da konsensusa nail olmağı çətinləşdirir.
"Bundan hamının qazanması üçün biz birlikdə işləməyi, bir-birimizə hörmət etməyi öyrənməliyik", - deyə o vurğulayıb.
Overhoff Mikroneziyanın əsas ümidlərindən birinin iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparmağa kömək edəcək yeni kollektiv kəmiyyət hədəfinin qəbul edilməsi olduğunu vurğulayıb. O, Mikroneziya kiçik adalarından misal gətirib və bildirib ki, burada duzlu suyun içməli suya qarışması səbəbindən insanlar su əvəzinə qazlı içki içməyə məcbur olurlar, bu isə diabet xəstəliyinin artmasına və ətrafların amputasiyasına gətirib çıxarır.
Bundan əlavə, güclü istilik və temperaturun artması kənd təsərrüfatı məhsullarının məhsuldarlığına mənfi təsir göstərir, okean səviyyəsinin qalxması isə ada sakinlərinin evlərinə təhlükə yaradır. Mikroneziya maliyyə çatışmazlığı səbəbindən bu problemlərlə çətinliklə mübarizə aparır.
"Ümid edirik ki, biz kreditlər əvəzinə qrant alacağıq. Çox resursumuz olmadığı üçün kredit almaq və onu qaytarmaq bizim üçün çətindir. Ona görə də qaytarmağa ehtiyac duyulmayan qrantlara ümid edirik", - deyə Overhoff əlavə edib.
Rufina Abdullayeva
Chosen
43
2
oxu.az

3Sources