EN

Mülk sahibləri ilə dövlət qurumları arasında mübahisələrə son qoyula bilər

Azərbaycanda binaların çıxarışlarında tikilmə tarixinin qeyd edilməməsi bir sıra problemlər yaradır. Bu, xüsusilə mülkiyyət hüquqları, tikililərin təhlükəsizlik standartlarına uyğunluğunu müəyyənləşdirmək və tarixə əsaslanan dəyərləndirmə proseslərini çətinləşdirir. Zaman-zaman paytaxt sakinlərinin zorla evlərindən çıxarılması və kompensasiyanın məqbul olmaması halları müşahidə olunub.

Çıxarışlarda tikilmə tarixinin qeyd edilməməsi mülk sahibi ilə dövlət qurumları arasında mübahisələrə də səbəb olur. Əsasən qeyri-qanuni tikililər və ya dövlət tərəfindən əmlakın özgəninkiləşdirilməsi zamanı problemlər yaradır.  Həmçinin, belə hallar məcburi köçürülmələrə və ədalətsiz kompensasiya təkliflərinə yol açır.

Ekspert:

 Elnur Fərzəliyev


Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a deyib ki, daşınmaz əmlak sahəsində ən böyük problemlər çıxarışlarda binaların, qeyri yaşayış obyektlərinin və yaxud fərdi yaşayış evlərinin tikilmə tarixinin qeyd edilməməsidir: "Hər hansısa bir istehsal məhsullarında o məhsulun istehsal tarixi və bəzilərində isə keyfiyyətinin bitmə tarixi qeyd olunur. Əgər çıxarışlarda əmlakın inşa olunduğu və istismar müddətinin bitmə tarixi qeyd olunarsa, bu nəinki süni formada artan qiymətləri endirər, hətta əmlak bazarında daşınmaz əmlakların satış qiymətlərinin çox ciddi bir formada tənzimlənməsinə gətirib çıxarıar. Əlbəttə, gələcəkdə  bu icra olunacaq. Yalnız o zaman hər kəs əmlak sahibi ola biləcək".

Qeyd edək ki, tarixi tikililərin sənədləşdirilməməsi də onların yenidənqurma və ya bərpa proseslərində itirilməsinə gətirib çıxara bilər. Bu, həm də memarlıq abidələrinin tarixən düzgün sənədləşdirilməməsinə səbəb olur.

Belə problemlərin qarşısını almaq üçün qanunvericiliyə əlavə və dəyişikliklər təklif olunur, o cümlədən binaların qeydiyyat prosesində daha şəffaf və detallı məlumatların daxil edilməsi tövsiyə edilir.

Afaq Mirayiq,
Musavat.com

Chosen
10
musavat.com

1Sources