EN

Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib

COP29 çərçivəsində Yaşıl zonada Bakı Dövlət Universiteti və EkoSfera Ekoloji Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  Universitetdən bildirilib ki, tədbirin moderatoru, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemləri həll etmək üçün universal bir çağırış olduğunu deyib. O qeyd edib ki, universitetlər təhsil, tədqiqat və əməkdaşlıq yolu ilə bu məqsədlərin inkişafında mühüm rol oynayır.

BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Fariz Quliyev, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə çıxışlarında Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ali təhsil müəssisələrinin rolundan danışıblar. Vurğulanıb ki, dayanıqlı inkişaf, iqlim fəaliyyətləri və qlobal sağlamlıq haqqında kurslar tələbələrə real problemləri həll etmək üçün bilik və bacarıqlar qazandırır. Universitetlər beynəlxalq əməkdaşlıq edir, təcrübələri bölüşür, birgə tədqiqatlar aparır və genişmiqyaslı həll yolları hazırlayır. Birgə tədqiqat təşəbbüsləri bərpaolunan enerji və ya ictimai sağlamlıq kimi məsələləri həll edir. Beynəlxalq əməkdaşlıq vasitəsilə universitetlər innovasiyaları təşviq edir, gələcək liderləri davamlı və ədalətli bir dünya qurmağa hazırlayır.

BDU-nun rektoru Elçin Babayev isə çıxışında universitetlərin ümumi fəaliyyətlərində Dayanıqlı İnkişaf Məqsədlərinin təsirindən danışıb. Tədbirdə iştirak edən müxtəlif universitet nümayəndələrini beynəlxalq reytinqlərdəki uğurlarına görə təbrik edən rektor bildirib ki, bu nailiyyət də son illər ali təhsil müəssisələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edən fəaliyyətlərinin nəticələrindən biridir.

Chosen
45
1
ikisahil.az

2Sources