Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyosla görüşüb.
Day.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Əlavə edilib ki, eyni zamanda, Azərbaycanın gələn il sədrlik edəcəyi forumla əlaqədar prioritetlərin müəyyənləşdirilməsi və bu istiqamətdə Çili təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ötən il Beynəlxalq Nəqliyyat Forumunun beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiqinə dair qərar qəbul edilib.
Bununla da sözügedən mötəbər beynəlxalq qurum tərəfindən Azərbaycanda beynəlxalq daşımaların tənzimlənməsi və idarə edilməsinin ən yüksək beynəlxalq tələblərə uyğun təşkil edildiyi qəbul edilib.
Azərbaycan Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokola Ulu Öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 27 noyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən qoşulub.
Beynəlxalq Nəqliyyat Forumu tərəfindən verilən çoxtərəfli və çoxdəfəli illik icazələrlə Azərbaycan Respublikasında qeydiyyata alınan beynəlxalq yükdaşıma fəaliyyəti göstərən operatorlar tərəfindən 43 Avropa ölkəsinə və əksinə davamlı yükdaşıma fəaliyyəti həyata keçirilir.