EN

Hüquqşünas alim, nüfuzlu ziyalı

Məsumə Məlikova – 95

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Fazil qızı Məlikova Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universiteti) hüquq fakültəsində 70 ildən artıq bir müddətdə − 1952-ci ildən bu günədək elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Alim kimi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınan Məsumə xanım dövlət və hüquq nəzəriyyəsi, hüquq tarixi, siyasi-hüquqi təlimlər tarixi elmlərinin inkişafına, bütövlükdə, Azərbaycanda elm siyasətinin səmərəli həyata keçirilməsinə böyük töhfələr vermişdir.

Azərbaycanda hüquqşünaslığın bir elm və ixtisas kimi formalaşmasının bünövrəsini qoyanlardan biri, özünün elmi məktəbini yaradan və onu inkişaf etdirməklə hüquq elmini layiqincə təmsil edən Məsumə Məlikova böyük və mənalı həyat yolu keçmişdir. Onun elmi-pedaqoji fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə həsr olunmuş məqalələrdən birində − 1994-cü ildə nəşr edilmiş Azərbaycan qadınlarının həyat və fəaliyyətinə dair “Hər sətirdə bir tarix” adlı ensiklopedik topluda Məsumə Məlikova haqqında verilmiş yazı bu sözlərlə başlayır: “Hüquq elmləri doktoru alimlik dərəcəsi almış ilk azərbaycanlı qadın, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar hüquqşünas”. Onu bu uca zirvəyə yüksəldən şəxsi elmi potensialı və gərgin əməyi olmuşdur.

22 noyabr 1929-cu ildə Bakı şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açmış və tərbiyə almış Məsumə Məlikova erkən yaşlarından oxumağa, biliyə böyük həvəs göstərmiş, əməksevərliyin mahiyyətini dərk etmiş və onu özünün yaşam tərzi və fəaliyyəti ilə sübuta yetirmişdir. Onun xarakterinin formalaşmasında və elmin yüksək səviyyəsinə çatmasında məhz bu amillərin böyük rolu olmuşdur. Elə hazırda da Məsumə Məlikovanı tanıyanlar onun elmi işlərə necə tələbkar olduğunu, məzmunlu, keyfiyyətli elmi işlərin hazırlanması yolunda necə səy göstərdiyini, elmi fikirlərin və yanaşmaların dəqiqliyinə və tutumluluğuna necə həssaslıqla yanaşmasını müşahidə edə bilərlər.

Böyük alimin ömür payının ən önəmli səhifələrindən biri onun Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil aldığı illəri əhatə edir. Özünün geniş erudisiyası və biliklərə yiyələnməkdə sonsuz həvəsi ilə seçilən Məsumə Məlikovanın həyatının sonrakı dönəmi məhz bu illərdən qidalanmışdır. 1952-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra elmə münasibətdə şəxsi səyini, bilik və bacarığını, habelə elmi-pedaqoji fəaliyyətə həvəsini nəzərə alan hüquq fakültəsinin rəhbərliyi M.Məlikovanı “Dövlət hüququ” kafedrasında müəllim vəzifəsində saxlamışdır.

1953-cü ildə ADU-nun aspiranturasına qəbul olunmuş və tədqiqat işində şəxsi istedadını nəzərə alan ADU rəhbərliyi M.Məlikovanı elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam etmişdir. Aspiranturanı bitirdikdən sonra 1958-ci ildə MDU-da “M.F.Axundovun ictimai-siyasi baxışları” mövzusunda namizədlik, 1973-cü ildə isə “XIX əsrin II yarısı–XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. Lakin elmi və pedaqoji fəaliyyətini təhsil aldığı doğma universitetlə bağlamış, burada müəllimlikdən kafedra müdirliyinədək şərəfli bir yol keçmişdir.

M.Məlikova 1968-ci ildən indiyədək hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir. O, 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilmiş ilk hüquqşünas qadın alimdir.

Özünün çoxillik elmi-pedaqoji fəaliyyəti ərzində M.Məlikova yüksək ixtisaslı mütəxəssislər hazırlamış, ölkədə və ondan kənarda monoqrafiyalar, dərsliklər, kitablar, çoxsaylı elmi məqalələr müəllifi kimi tanınmışdır. Onun elmi əsərlərinin sayı 200-dən artıqdır. Hüquq elminin ümumnəzəri və tarixi sahələrini əhatə edən bu elmi əsərlər və bir alim kimi M.Məlikovanın əldə etdiyi elmi nailiyyətlər onun istedadının, öz qarşısına qoyduğu məqsədlərinə nail olunmasındakı gərgin əməyinin nəticəsidir.

Çoxsaylı monoqrafiyaların, dərsliklərin və elmi məqalələrin müəllifi olan M.Məlikova məhsuldar, peşəkar, geniş dünyagörüşlü alim-tədqiqatçı kimi tanınmışdır. Onun elmi-tədqiqat fəaliyyətinin başlıca istiqamətlərinin içərisində hüquqşünaslığın iki mühüm sahəsini – ümumi dövlət və hüquq nəzəriyyəsinin və siyasi-hüquqi təlimlər tarixinin aktual problemlərinin tədqiqini xüsusi qeyd etmək lazımdır. Məsumə xanım Azərbaycanda milli siyasi və hüquqi təlimlər tarixi elminin banisi olmuş, hüquq elminin bu sahəsində məktəb yaratmış və hüquqşünaslıqda yeni istiqamətin təməlini qoymuşdur.

Məsumə Məlikova ilk dəfə elmi metodologiyanın müxtəlif üsullarından istifadə etməklə dövlət və hüquqi təlimlər tarixi sahəsində mühüm nailiyyətlərə imza atmış, maarifçiliyin ən erkən köklərinin yer aldığı bir sıra hüquqi abidələri, xüsusən də zərdüştiliyin qanunlar külliyyatı olan “Avesta”nı və “Kitabi-Dədə Qorqud” eposunu tədqiq etmiş, bu hüquqi abidələrdə siyasi-hüquqi ideyaların mahiyyətini açıb göstərmişdir. “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyi ilə əlaqədar aparılan araşdırmalar kontekstində bu böyük abidədə ictimai-siyasi ideyaların ilk tədqiqi məhz professor M.Məlikova tərəfindən həyata keçirilmişdir. Onun bu eposda ictimai-siyasi və hüquqi ideyaların araşdırılmasına həsr olunmuş “Kitabi-Dədə Qorqud” da ictimai-siyasi və hüquqi ideyalar” adlı kitabı böyük elmi marağa səbəb olmuşdur.

Görkəmli alim hüquq ədəbiyyatında ilk dəfə Azərbaycanda ideya cərəyanlarının tarixini, maarıfçilik ideologiyasının təşəkkülü və inkişaf qanunauyğunluqlarını, Azərbaycanın görkəmli maarifçilərinin siyasi-hüquqi baxışlarını tədqiq etmiş, ən qədim dövrlərdən XX əsrin başlanğıcınadək bu ideologiyanın dövrləşdirilməsi konsepsiyasını elmi cəhətdən əsaslandırmışdır. Onun “M.F.Axundovun ictimai-siyasi baxışları” (1958), “XIX əsr-XX əsrin başlanğıcında Azərbaycanda siyasi-hüquqi təlimlər tarixi” (1972) kitablarında, eləcə də “Nizami Gəncəvi və Azərbaycan maarifçiliyi” (1992) , “Azərbaycanın siyasi-hüquqi təlimlər tarixinin dərk edilməsində tarixilik və varislik prinsipləri” (2006), “Azərbaycanda maarifçiliyin tarixinin dövrləşməsi məsələsinə dair” (2008), “III-X əsrlərdə Azərbaycanda maarifçiliyin tarixi” (2009) və s. bu qəbildən olan əsərlərində Azərbaycan maarifçiliyinin siyasi və hüquqi ideyalarının, sosial tərəqqi, dövlətin, hüququn və şəxsiyyətin qarşılıqlı əlaqəsi problemlərinin ilkin tədqiqi aparılmışdır.

Elmi ictimaiyyət arasında özünün çoxşaxəli yaradıcılığı ilə tanınan M.Məlikovanın böyük elmi tutumlu və maraqlı əsərləri Sovetlər Birliyinin hüquqşünas alimlərinin diqqətini cəlb etmişdir. O, SSRİ-nin ən nüfuzlu universitetlərində çalışan hüquqşünas alimlərlə birlikdə “Siyasi və hüquqi təlimlər tarixi” adlanan çoxcildli monoqrafiyaların üç cildində (I,II,III cildlər), eləcə də “Siyasi və hüquqi təlimlər tarixi” adlı dərsliklərdə (1965, 1971, 1991) bir neçə bölmənin müəllifi olmuşdur. 1985-ci ildə Moskvada çap edilmiş “Siyasi və hüquqi təlimlər tarixi” kitabının “Qədim dünya” adlanan I cildində, 1986-cı ildə “Orta əsrlər və İntibah dövrü” adlı II cildində, 1989-cu ildə “XVII-XVIII əsrlər”i əhatə edən III cildində, 1965 və 1971-ci illərdə “Siyasi təlimlər tarixi” dərsliyində, 1991-ci ildə “Siyasi və hüquqi təlimlər tarixi” dərsliyində bir neçə bölməni məhz professor M.Məlikova yazmışdır. Həmin bölmələrdə Şərq mütəfəkkirlərinin siyasi və hüquqi baxışlarının tədqiqi, Azərbaycan mütəfəkkirlərinin əsərlərində, həmçinin dövrün ictimai həyatının hüquqi tənzimini nəzərdə tutan bir çox hüquqi aktlarda öz ifadəsini tapmış siyasi-hüquqi ideyaların araşdırılması və təhlili yer almışdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə olaraq professor M.Məlikova 1991-ci ildə nəşr edilmiş “Hüquq ensiklopedik lüğəti”nin tərtib edilməsində baş redaktor qismində böyük müəlliflər kollektivinə rəhbərlik etmiş və şəxsən özü 85-dən artıq elmi məqalənin müəllifi olmuşdur. Bununla yanaşı, o, “Sovet Hüquq Ensiklopediyası”nda “Avesta” adlı elmi məqalənin, habelə “Azərbaycan Sovet Ensiklopediyası”nda 30-dan artıq elmi-hüquqi məqalələrin müəllifidir.

Məhz professor M.Məlikova ilk dəfə olaraq Azərbaycan dilində “Dövlət və hüquq nəzəriyyəsi” (1979-cu ildə) adlı dərslik yazaraq nəşr etdirmişdir. İlk ana dilli dərslik olmaq etibarilə bu kitab respublikamızın həyatında dövlət və hüququn nəzəri məsələlərini əhatəli surətdə özündə ehtiva etmiş, 1988-ci ildə isə onun ikinci – təkmilləşdirilmiş nəşri işıq üzü görmüşdür.

Sovetlər Birliyi dönəmində hüquqşünaslıq ixtisası üzrə bütün İttifaq miqyasında M.Məlikovanın təşəbbüsü ilə hüquq üzrə təhsilin tədris planına ilk dəfə milli siyasi və hüquqi təlimlər tarixi ilə bağlı fənn daxil edilmiş, 1984-cü ildə onun hazırladığı “Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi” (birgə müəllifliklə) monoqrafiyası dərc edilmişdir. Qədim dövrlərdən XX əsrin başlanğıcınadək Azərbaycanda demokratik siyasi-hüquqi fikrin təşəkkülü və inkişafı prosesinin dərin təhlilini əks etdirən bu monoqrafiya ölkəmizdə hüquq elminin inkişafı, milli fikir tariximizin araşdırılmasında mühüm elmi nailiyyət sayılır.

Görkəmli alimin və onun rəhbərlik etdiyi məktəbin elmi tədqiqatları nəticəsində ölkəmizdə hüquq təhsili sahəsində tədris planına ilk dəfə olaraq “Azərbaycanın siyasi-hüquqi təlimlər tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Müsəlman hüququnun əsasları” fənləri daxil edilmiş və həmin fənlərin tədrisi üçün müvafiq elmi baza yaradılmışdır.

Müstəqilliyimizi əldə etdiyimiz andan etibarən kafedrada tədris olunan fənlərin elmi-metodiki bazasının yenidən təşkili məsələsini rəhbər tutmaqla professor M.Məlikovanın rəhbərliyi altında və bilavasitə onun müəllifliyi ilə çoxsaylı dərslik, dərs vəsaitləri və elmi məcmuələr hazırlanaraq nəşr edilmişdir. Bunların içərisində xüsusi olaraq “Hüquq nəzəriyyəsi” (2019, 2022, 2023), Azərbaycanın və xarici ölkələrin dövlət və hüquq tarixi sahələrinə dair “Xarici ölkələrin dövlət və hüquq tarixi” (qədim və orta əsrlər) (1997, 2005, birgə müəllifliklə), “Müasir dövlət və hüquq tarixi” (2003, birgə müəllifliklə) dərslikləri, “Qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüququ” (2001, birgə müəllifliklə) dərs vəsaiti və “Qafqaz xalqlarının hüquq abidələrinin antologiyası. Azərbaycanın hüquq abidələri” (17, 18 və 19-cu cildlər, birgə müəllifliklə) elmi məcmuəsini göstərmək olar. M.Məlikovanın yazdığı “Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları” (1995), “Azərbaycanda hüquqi islahatlar və Konstitusiya Məhkəməsi” (1998), “Azərbaycan Respublikası qanunvericiliyinin konstitusiya-hüquqi əsasları” (2003), “Azərbaycan Respublikası qanunvericiliyinin proqnozlaşdırılma məsələləri” (2005), “Rəqəmsal texnologiyaların hüquqi sferaya tətbiqi probleminə dair” (2021), “Beynəlxalq və dövlətdaxili hüququn nisbəti və milli hüquq mənbələrinin sistemi” (2023) və s. kimi elmi əsərlərində ölkəmizdə hüquqi dövlət quruculuğu prosesini sürətləndirən və bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni təkliflər irəli sürülmüşdür.

Professor M.Məlikovanın çoxcəhətli elmi fəaliyyətinə bir çox monoqrafiya, dərslik və dərs vəsaitlərinin, habelə məcmuələrin elmi redaktorluğu, ölkə daxilində, eləcə də onun hüdudlarından kənarda nəşr olunan bir sıra hüquq jurnallarının − “История государства и права” (RF), Azərbaycan-Rusiya müştərək “Между-народное право и сравнительное право”, “AMEA-nın Xəbərləri” jurnalının tarix və hüquq elmləri seriyasının, AMEA-da “M.F.Axundzadə Ensiklopediyasi“nın hazırlanmasına dair redaksiya heyətinin, “Hüquqi dövlət və qanun”, “Dövlət və hüquq”, “Hüquq+Gənclik” jurnallarının redaksiya heyətlərinin üzvlüyü daxildir. M.Məlikova 30 ildən artıq müddətdə “Bakı Universitetinin Xəbərləri” jurnalının sosial-siyasi elmlər seriyasının redaktorudur və bu jurnalda fundamental elmi problemlərlə bağlı məqalələrin hazırlanması və nəşri istiqamətində yorulmadan fəaliyyət göstərir.

Elmi kadrların hazırlanması işinə böyük töhfələr verən görkəmli alim yalnız ölkəmiz deyil, həmçinin xarici ölkələr üçün yüksək ixtisaslı elmi kadrlar hazırlığına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında 30-dan artıq, o cümlədən Suriya, İordaniya, Fələstin, Vyetnam və s. ölkələr üçün hüquq üzrə fəlsəfə doktoru, 5 hüquq elmləri doktoru dissertasiya işi müvəffəqiyyətlə müdafiə edilmişdir. M.Məlikova hazırda da hüquq üzrə fəlsəfə doktoru və hüquq elmləri doktoru proqramı üzrə elmi rəhbərliyini davam etdirir.

Azərbaycanın milli hüquq sisteminin formalaşmasında və qanunvericiliyinin təkmilləşdirilməsində mühüm xidmətləri olan professor M.Məlikova Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını tərtib edənlərdən biri, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikanın 1978-ci il və müstəqil Azərbaycanın 1995-ci il konstitusiyalarının, Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasının hazırlanması üzrə komissiyaların üzvü olmuşdur.

M.Məlikova ölkəmizdə, kеçmiş sоvеt rеspublikаlаrındа və хаrici ölkələrdə kеçirilmiş çoxsaylı еlmi kоnfrаnslаrın fəal iştirаkçısı olmuşdur. Belə ki, o, 1976-cı ildə İngiltərədə keçirilmiş Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının X konqresində Siyasi Elmlər Assosiasiyası İcraiyyə Komitəsinin üzvü kimi iştirak etmiş və “Zaman amili və Azərbaycanda milli dövlət quruculuğunun nailiyyətləri” mövzusunda məruzə ilə çıxış etmiş, 1986-cı ildə ABŞ-də və Kanadada Amerika və sovet hüquqşünaslarının seminar müşavirəsində sovet hüquqşünaslarının Assosiasiyasının xüsusi qrup iştirakçısı kimi, 1991-ci ildə Türkiyədə Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinin nümayəndəsi kimi iştirak etmişdir. О, ölkəmizdə 1991-ci ildə ilk dəfə kеçirilən Аzərbаycаn–Аmеrikа simpоziumunun təşkilаtçılarından biri оlmuş və onun elmi məruzəsi böyük maraqla qarşılanmışdır.

M.Məlikova müstəqillik dövründə də dövlətimizin bir çox elmi təşkilatlarının fəaliyyətində gərgin əmək sərf etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yarandığı gündən 1998-ci ilədək iqtisadi, fəlsəfə və hüquqi elmlər üzrə Ekspert Komissiyasının sədri, Baş Prokurorluğun Elmi-məsləhət Şurasının və Ali Məhkəmənin analoji şurasının üzvü, AMEA-nın nəzdində Hüquq elmləri üzrə Problem Şurasının sədri, AMEA-nın ictimai elmlər bölməsinin bürosunun və AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının hüquqşünaslıq bölməsinin üzvü kimi elmin müxtəlif sahələrinin təkmilləşdirilməsi yönümündə dəyərli tövsiyələrini vermişdir.

Dövlətimiz professor M.Məlikovanın elmin və təhsilin inkişafındakı xidmətlərini layiqincə qiymətləndirmiş və onu fəxri adlar və coxsaylı təltiflərlə mükafatlandırmışdır. Bu yüksək mükafatların içərisində görkəmli alimin layiq görüldüyü “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adını, “Şərəf nişanı” ordeni və “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalını, “Əmək veteranı” medalını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fərqlənməyə görə” döş nişanını, Bakı Dövlət Universitetinin 75 illiyi münasibəti ilə “Xatirə medalı”nı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Xatirə” medalını və çox sayda fəxri fərmanları göstərmək olar. M.Məlikova 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Yüksək işgüzarlıq qabiliyyəti, gələcəyə olan böyük inamı, xeyirxahlığı, diqqətliliyi, həssaslığı, həmkarları və tələbələri ilə mehriban münasibəti M.Məlikovanın qazandığı yüksək nüfuzun haradan qaynaqlandığını göstərir. Məlumdur ki, hər bir insanın həyatının mənası onun arzularını reallaşdırmasında, konkret hərəkətlərində, özünün fəaliyyətinin gözlə görünə biləcək nəticələrində və nəzərdə tutulan niyyətlərin yerinə yetirilməsində öz ifadəsini tapır. Məsumə xanım o şəxsiyyətlərdəndir ki, onlar bir çox həyati hadisələrdə qalib çıxırlar, çətinlikləri dəf edirlər, nə istədiklərini bilirlər və başqalarına yalnız xeyirxah fikirlər aşıladıqları üçün onların sevimlisinə çevrilirlər.

Bütün mənalı həyatı elmi-pedaqoji fəaliyyətlə bağlı olan M.Məlikovanın neçə-neçə hüquqşünaslar nəslinin yetişməsində misilsiz xidmətləri bütün hüquq ictimaiyyətinə məlumdur. Böyük alimin elmi-pedaqoji fəaliyyətində qazandığı uğurlar, tələbələrinə və həmkarlarına göstərdiyi diqqət və qayğı, elmə münasibətdə tutduğu prinsipial mövqe və nəhayət, onun konkret əməllərində təzahür edən insani keyfiyyətləri və bir alim, pedaqoq kimi keçdiyi zəngin həyat yolu nəinki hüquqşünaslar, həm də elmi-pedaqoji sahədə çalışan bütün insanlar üçün bir nümunədir.

Dərin hörmət və ehtiramı özünün layiqli həyatı ilə qazanmış, öz peşəsinə müstəsna sadiqlik nümunəsinə çevrilmiş, Vətəninə və xalqına layiqli xidmət göstərmiş bənzərsiz alim və nəcib ziyalı, professor Məsumə Məlikovanı yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və hüquq elminin inkişafı istiqamətində bundan sonra da uzun illər fəaliyyət göstərməsini arzulayırıq.

Zaur ƏLİYEV,
Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı

Chosen
39
xalqqazeti.az

1Sources