EN

Evinizi ikiqat ucuz qiymətə qızdırmaq üçün… - Ekspert

Azərbaycandakı çoxmənzilli binalarda istilik effekti 50 faiz uçub gedir. Onların istilik saxlama qabiliyyətini 2 dəfə artırmaq olar.

Bunu Axar.az-a Neft Araşdırmaları Mərkəzinin sədri, ekspert İlham Şaban deyib.

O bildirib ki, vətəndaşlar evlərinin izolyasiyasını düzgün şəkildə qurduqları zaman büdcələrinə 50 faiz qənaət etmiş olarlar:

“Burada söhbət evin pəncərələrindən, qapılarından, divarların izolyasiyasında tutmuş hər bir məqama diqqət yetirməkdən gedir. Mənzilin enerji effektivliyi qaydasında olarsa, qışda mənzilinin qızdırılması üçün 100 manat sərf edən vətəndaş o istiliyi 50 manatla əldə edə bilər. O cümlədən yayda… Məsələ heç də çoxmilyardlıq investisiyalar hesabına başa gələn günəş və günəş panelləri ilə əmələ gələn transformasiyanın əldə edilməsi kimi başa düşülməməlidir. Enerji effektivliyinin artırılması hesabına xərclədiyin enerjini azalda bilərsən. Bizim binalar, o cümlədən Azərbaycanda çoxluq təşkil edən həyət evlərində buna diqqət yetirilmir. Həmişə demişəm ki, insanlar 150-200 min manat xərcləyib, özləri üçün ev tikirlər, amma nədənsə 5-10 min manat onun izolyasiyasına xərcləməyə əlləri gəlmir. Kasıb təbəqənin bunu niyə etmədiyi bəllidir, bəs orta və varlı təbəqə? Onların bu addıma niyə getməməsi maraq doğurur. Maarifləndirilmə gücləndirilməli, belə bir addımlarla qənaət etməyin mümkünlüyü insanlara çatdırılmalıdır. Bununla bağlı təmir-tikinti işləri aparan şirkətlərin həm reklam qabiliyyəti, həm də bilik və bacarıqları olmalıdır. Buna gedilsə, eyni zamanda nə qədər iş yerləri açılar. Sadaladığım məqamlar yeni bilik və bacarıqların iqtisadiyyatda birbaşa tətbiqidir”.

Chosen
11
2
axar.az

3Sources