EN

“Rüsvayedici məğlubiyyətdən sonra vacib qərarlar almağa məcbur olduq”

Azərbaycan millisinin azarkeş qrupu “Göyqurdlar” bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, fanatlar yığmanın uğursuz nəticələrinə narazılığını bildirib və bir sıra tələblər irəli sürüb:

“Əziz Azərbaycan azarkeşləri,

Milli komandamızın son rəsmi oyunlardakı qələbəsindən artıq 1 il ötüb (16.11.2023 Azərbaycan 3:0 İsveç). 2 gün əvvəl (19.11.2024) İsveçə qarşı əldə olunan 0:6-lıq rüsvayedici məğlubiyyət sonrası vacib qərarlar almağa məcbur olduq. 0:6-lıq oyuna baxdıqdan sonra oyunçuların meydançada döyüşmədiyini gördük.

Bu da o deməkdir ki, onlar artıq arxayanlaşıblar və meydançada tam potensiallarını ortaya qoymurlar. Bu arxayınlıq hər kəsin özünə gəlməsi üçün müəyyən tədbirlərin görülməsini labüd qılır.

Yaxşı və pis gündə də daim dəstək olmağımıza rəğmən milli futbolçularımız ve AFFA bəzən etiraz və tələblərimizi qulaq ardına vurdular.

Milli komandanın illərdir boş qalan tribunaları yalnız onların işinə yaradı. Heç bir etiraz və təzyiqə məruz qalmadan istədiklərini edib at oynatdılar.

Hamısı matç sonrası duşlarını qəbul edərək evlərinə rahat şəkildə getdilər və qeyri-peşəkar komandalara qarşı qazanılmalı olan qələbələr sonrası belə dolğun mükafatlarını aldılar.

Ancaq artıq buradayıq, 11-ci sektordakı yerimizi tərk etməyəcəyik. Gedən bizlər yox, o bayrağa layiq olmayanlar olacaq.

Siz qələbələri sıralayana kimi heç kimə rahat yoxdur. Qəzəbimizi də, sevincimizi də sizinlə bölüşəcəyik.

Hər məğlubiyyət sonrası meydançadan qaçıb getmək yoxdur, hər kəs ölkənin adını rəzil duruma düşürdüyü hər əmələ görə hesabat verməlidir. Biz bu bayrağı sevirik və bayrağımız eşqinə daim öz tribunamızda olacağıq. Yaxşı gündə də, pis gündə də !

Tələblər:
•⁠ ⁠Dövlət himninin bütün futbolçular tərəfindən ürəkdən oxunması

•⁠ ⁠Milli komandada qələbə mükafatının UEFA Millətlər Liqasında “D” liqasının (və ya rəqibin) səviyyəsinə uyğun azaldılması

•⁠ ⁠Uyğunsuz(Bacarıqsız) milliləşdirilmiş futbolçuların mərhələləli şəkildə göndərilməsi

•⁠ ⁠Ürəyində bayraq və vətən sevgisi olmayan futbolçuların qonorar qarşılığında milli komandaya çağrılmaması. Həmin futbolçulardan nə nəticə tələb etmək, nə də onları oyuna görə qınamaq mümkündür.

•⁠ ⁠Hər məğlubiyyət sonrası meydançanı belə də olmalı imiş kimi tərk etmək adətinə son qoyulmalı, hər kəs oynadığı formanın və millinin haqqını dərk etməlidir. Uğurlu nəticələrə görə mükafat verildiyi kimi, uğursuz nəticəyə görə də oyunçular və məsul şəxslər hesabat verməlidirlər".

Chosen
19
sportinfo.az

1Sources