EN

Dəm qazı təhlükəsindən necə qorunaq? – Nələri bilməliyik?

Payız-qış mövsümündə təbii qazın istifadəsinə tələbat xeyli artır. Ona görə də sözügedən mövsümlərdə bir çox insan dəm qazından zəhərlənmə halları ilə üzləşir. Hətta həyatlarını itirirlər. Artıq tez-tez belə bəd xəbərlər eşidirik. Təəssüf ki, hər il eyni xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, faciəvi hallar təkrarlanır. Zəhərlənmə halları isə təhlükəsizlik tələbləri pozulduğu üçün baş verir. Bəs həmin təhlükəsizlik tədbirləri hansılardır? Bu bəladan necə qorunaq?Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Missiya.Az-a açıqlamasında deyib ki, ümumiyyətlə qaz təsərrüfatı harada varsa, orada da təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır:“Qaz təsərrüfatı olan evlərdə dəm qazı əleyhinə, qaz sızması əleyhinə dedektivlər olmalıdır. Bu qanunvericilikdə öz əksini tapır. Qaz sızması əleyhinə olan dedektivlər dəm qazı ortaya çıxanda yüksək səs siqnalı verir və istehlakçı məlumatlı olur. Habelə sızma anında klapan bağlanır, qazın verilişi dayanır. Bədbəxt hadisədən qurtuluruq”.

Elmar Nurəliyev dəm qazının yaranma səbəblərindən də danışıb. O vurğulayıb ki, dəm qazı natamam yanma məhsuludur, yanma prosesi yanlış getdikdə yaranır:“Proses o zaman səhv gedir ki, otaqda kifayət qədər hava, oksigen olmur. Tüstü bacaları işlək vəziyyətdə olmalı və ildə iki dəfə yaxşıca təmizlənməlidir. Tüstü bacasını yoxlamaq üçün kağız parçasını götürüb yandırmaq lazımdır. Əgər sovurma qabiliyyəti yoxdursa demək ki, tüstü bacası işlək deyil. Standartlara uyğun olmayan qaz cihazlarından istifadə etdikdə, həmin cihazlara kənar müdaxilələr də dəm qazının əmələ gəlmə ehtimalını çoxaldır. Qaz təsərrüfatı olan yerlərdə, ventilyasiya və ya havalandırma quraşdırılmalıdır. Qaz sızması əleyhinə dedektiv də olmalıdır. Otaqdakı qaz peçlərinə də diqqət yetirmək vacibdir. İki gözlü qaz peçi üçün otaq minimum 8 kvadrat, üç gözlü qaz peçi üçün 12 kvadrat, dörd gözlü qaz peçi üçün 15 kvadrat olmalıdır. Qaz təsərrüfatına dair hər hansı təmir işləri ixtisaslı müəssisə tərəfindən aparılmalıdır. Hamam otaqlarında da qaz avadanlığının quraşdırılması təhlükəsizlik baxımından yolverilməzdir. Əgər quraşdırılıbsa orada da ventilyasiya və sadalanan digər təhlükəsizlik üçün vasitələr olmalıdır”.

Zərintac MayisqızıMissiya.Az

Chosen
27
missiya.az

1Sources