EN

Gələcəyə çağırış ŞƏRH

Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən Kəlbəcər 15 noyabr, Ağdam 20 noyabr və Laçın 1 dekabr tarixlərində boşaldılmalı idi. Lakin ermənilər Kəlbəcərin boşaldılmasında vaxt məhdudiyyətini önə çəkərək Azərbaycandan əlavə 10 gün vaxt istədi. Ölkəmiz yenə də humanizm siyasətini nümayiş etdirərək vaxtı 10 gün uzatdı. Beləliklə, noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Son dörd ilin qürurverici hadisələrindən biri budur ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. 30 illik dövrün torpaq həsrətinə son qoyulması, hazırda bütün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi sevindirir. Azərbaycan bu torpaqlarda bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Bu mühüm məqam bir daha təsdiqləyir ki, arxada qalan illərdə yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, onların bərpası ilə bağlı da işlərə hazırlıq görülüb, iqtisadi və maliyyə imkanlarımız artırılıb. Bu fikir də hər zaman böyük qürur hissi ilə qeyd edilir ki, Azərbaycan dünya hərb tarixində ilklərə imza ataraq müharibədən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlayıb.

Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsidir. Cənab İlham Əliyevin Sərəncamı ilə şəhər günlərinin təsis edilməsi özündə mühüm məqamları ehtiva etməklə gələcəyə çağırışdır.

Bu sənədə əsasən 20 noyabr Ağdam Şəhəri Günü, 25 noyabr isə Kəlbəcər Şəhəri Günüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam və Kəlbəcərə də həyat yenidən qayıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu rayonlara dəfələrlə reallaşdırdığı səfərlərin hər biri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir.

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu Azərbaycanın təkmil dirçəliş modelinin təqdimatında əhəmiyyətli rol oynadı. Ölkəmiz şəhərsalmanın müasir təcrübəsini təqdim edir.

Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Dövlət başçısı İlham Əliyevin Kəlbəcər şəhərinə etdiyi 6 səfərin hər biri mühüm addımların atılması ilə yadda qalıb. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun uzunluğu 82 kilometrdir. Bölgənin enerji ehtiyatlarından səmərəli istifadə də əsas prioritetlər sırasındadır. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.

Bir mühüm məqamı da xüsusi qeyd edək ki, hər bir bölgəmiz özünəməxsus imkanlara malikdir. Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Burada qızıl, civə, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı və digər yataqlar var. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Bir sözlə, Kəlbəcər gələcəkdə ölkəmizin turizm inkanlarının artmasına böyük töhfələr vermək potensialına malikdir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Chosen
23
2
sesqazeti.az

3Sources