Dünyanın ən sürətli inkişaf tempinə malik olan ölkələri sırasında yer alan Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf modelinə malik olan Azərbaycan müasir dünyanın çağırışlarına cavab verən məsələlərlə bağlı tədbirlərin təşkil edilməsinə önəm verir.
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib, çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib. Üstəlik bəzi layihələrin idayalarının müəllifi kimi çıxış edib, xoşməramlı təşəbbüslərlə dünya ictimaiyyətinin rəğbətini qazanıb. Konkret olaraq, Azərbaycan ardıcıl dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Dövlətimiz Avropa İttifaqının 27 ölkəsindən 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Etiraf edək ki, bu göstərici dünya siyasətində unikal nümunədir. COP29-un Bakıda keçirilməsi qərarı da təsadüfi deyil, bu, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir. Buna uyğun olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda dövlət siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. "Yaşıl enerji" əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. Bu faktorlar COP-un məqsəd və məramını ifadə edir. Bu tədbirə Azərbaycanın evsahibliyi isə olduqca böyük əhəmiyyət kəsb edir, gücümüzü bir daha dünya dövlətlərinə göstərir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsindən qaynaqlanaraq, Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Azərbaycanda COP29-un yüksək səviyyədə keçirilməsi onun yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir. Nəzərə almaq lazımdır ki, planetimizi narahat edən iqlim dəyişikliyi ilə bağlı məsələlər, məhz Bakıda müzakirə olunaraq həlli yolları axtarılır.
Regionda ilk dəfə olaraq ölkəmizdə keçirilən COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemləri müzakirə olunmuşdur. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı genişlənmişdir. Prezident İlham Əliyevin COP29 çərçivəsində noyabrın 13-də Bakıda keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir: "Biz məhz fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə, qasırğalardan, zəlzələlərdən və daşqınlardan əziyyət çəkən ölkələrə yardım göstərmişik".
Dövlət başçısı tədbirdə həmçinin neokolonializm və iqlim dəyişmələrinə də toxunub: "Fransa və Niderlandın, xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, - gəlin, həmin ərazidəki xalqları alqışlayaq, - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər..."
Onu da qeyd edək ki, COP29-da dünyanı narahat edən bir sıra qlobal məslələrin həlli yolları müzakirə edilib. Belə ki, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı strateji tərəfdaşlıq haqqında Saziş mühüm əhəmiyyət daşıyır. COP29 çərçivəsində su məsələləri və iqlim fəaliyyətləri üzrə Bəyannamə qəbul edilib, İtki və Zərərlərə Cavab Verən Fond ilə Dünya Bankı arasında əməkdaşlıq müqaviləsi, Filippinin Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi ilə İtki və Zərərlərə Cavab Verən Fond arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Həmçinin COP29 çərçivəsində SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin "IntelliGrid" arasında "Azəriqaz" İstehsalat Birliyinin bütün xidmət zonasında müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair Saziş imzalanıb. Bundan əlavə SOCAR İtaliyanın "İtalgas" şirkəti ilə əməkdaşlığa dair saziş imzalayıb. COP29 çərçivəsində Cəbrayıl rayonunda inşa ediləcək 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihə üzrə "Azərbaycan Respublikası Hökuməti ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında İnvestisiya Müqaviləsi və "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi" imzalanıb. Bu layihənin icrası nəticəsində ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması gözlənilir.
Eyni zamanda, COP29 tədbirləri zamanı "AzərEnerji" ilə "GE Vernova" şirkəti arasında sənəd imzalanıb. Bu saziş Amerika şirkəti şirkəti tərəfindən "Azərenerji"nin Şirvan şəhərində yerləşən "Cənub" Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100 % hidrogen yanacağı ilə işləməyə keçidinin təmin edilməsini nəzərdə tutur. Hidrogeni isə özümüz istehsal edəcəyik.
Mühüm məsələlərdən biri də ondan ibarətdir ki, tədbirə qatılan nümayəndə heyətləri ölkələrinin iqlim dəyişikliyi ilə mübarizəyə vəsait ayıracaqlarını bəyan ediblər. Məlumdur ki, iqlim dəyişikliyinə qarşı mübarizə böyük miqdarda vəsait tələb edir. COP29-da İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə məqsədilə çoxsaylı sənədlər imzalanıb, bəyənatlar səsləndirilib. Heç şübhəsiz ki, həmin sənədlərin icrasında Azərbaycan yenə də dünya ölkələrinə nümunə olacaq. Nəticə etibarilə qeyd edilməlidir ki, Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, kiçik ölkə olmasına baxmayaraq qlobal əhəmiyyət kəsb edən problemlərin həllinə nəinki özünün töhfəsini verməyə, həmçinin beynəlxalq aləmi prosesə cəlb etməyi bacarır.
Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31