EN

İncəsənət hərraclarınınaltında yatan GİZLİ MƏQAMLAR - Milyonlar nə üçün XƏRCLƏNİR?

Ötən gün italiyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan 6,2 milyon dollara satılıb. Əsəri çinli kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alıb. O, hətta bananı yeyəcəyini də etiraf edib.

Məntiqlə düşündükdə, bu cür "əsər"lər gərəksiz hesab edilə bilər. Yəni 2 günə yeyiləcək və təkcə lenti qalacaq, heç bir məna ifadə etməyən "sənət nümunəsi"nə nə üçün milyonlar xərclənilsin?! Bəlkə bunun altında yatan başqa məsələlər var?

Mövzu ilə əlaqədar marketinq və ictimaiyyətlə əlaqələr üzrə ekspert Səfər Aslanov Redaktor.az-a açıqlamasında bildirib ki, incəsənət hərracları bəzən çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı risklər daşıyan bir sahə kimi tanınır.

Onun sözlərinə görə, bunun səbəbi sənət bazarının unikal xüsusiyyətləri və şəffaflıq çatışmazlığıdır. Bu barədə qısa əsas məqamlar var:

"Şəffaflığın çatışmazlığı: İncəsənət əsərlərinin alqı-satqısında alıcı və satıcının anonim qalması çox yayğındır. Bu, çirkli pulların yuyulması üçün əlverişli şərait yaradır. Əsər dəyərinin manipulyasiya edilməsi ilə qeyri-qanuni gəlirlər "təmiz" kapital kimi təqdim edilə bilər.

Sənət əsərlərinin qiymətləndirilməsi: Sənət bazarındakı əsərlərin qiyməti tez-tez subyektiv olur. Yüksək qiymətə satılan əsərlər böyük miqdarda vəsaitin qanuni yollarla köçürülmüş kimi görünməsinə imkan tanıya bilər.

Vergidən yayınma: Zəngin şəxslər sənət əsərlərini ofşor zonalarda saxlamaqla və ya dəyərini aşağı göstərməklə vergidən yayınmağa çalışa bilərlər. Həmçinin, incəsənət əsərləri ilə barter əməliyyatları vergitutmadan yayınmaq üçün istifadə edilə bilər.

Hüquqi nəzarətin məhdudluğu: Bir çox ölkədə incəsənət bazarı maliyyə sektoru kimi ciddi şəkildə tənzimlənmir. Bu, onun qeyri-şəffaflıqdan sui-istifadə üçün açıq qalmasına gətirib çıxarır.

Beynəlxalq miqyasda istifadə: Çirkli pulların qlobal səviyyədə yuyulması üçün sənət əsərləri mübadilə vasitəsi kimi istifadə olunur. Yüksək qiymətli əsərlər azad ticarət zonalarında saxlanılır və bir neçə ölkə arasında alınıb-satılır".

Mütəxəssis xatırladıb ki, eyni əsərin 2 nümunəsi 2019-cü ildə 120 min dollara satılmışdı və sonuncu nümunə muzeylərdən birinə hədiyyə edilmişdi. Müəllif kifayət qədər eksentrik ideya və davranışları ilə məhşurdur. Onun əsərləri adətən diqqət çəkən və mübahisələrə səbəb olan mövzuları əhatə edir. Bu da əsərin ictimai marağını artırır və qiymətini yüksəldir:

"Bu əsər, sənət dünyasını, memlər cəmiyyətini və hətta kriptovalyuta dünyasını bir araya gətirən bir simvol kimi təqdim edildi  və yalnız bir sənət əsəri deyil, eyni zamanda sosial-mədəni hadisə kimi qiymətləndirildi. Alıcı da öz növbəsində kifayət qədər azart xarakteri ilə məhşur simadır. 2019-cu ilə məhşur Warren Buffett ilə şəxsi nahar etmək üçün 4,6 milyon dollarlıq rekord məbləğdə təklif vermişdi. 2021-ci ilin dekabr ayında "Blue Origin"in "New Shepard" kosmik gəmisi ilə ilk ödənişli sərnişin kimi uçmaq üçün keçirilən hərracda 28 milyon dollarlıq təkliflə qalib gəlmişdi. Bu hadisələr Castin Sanın məşhur şəxslərlə əlaqə quraraq diqqət çəkmək strategiyasını və medianın diqqət mərkəzində qalmaq üçün apardığı strategiyanı aydın nümayiş etdirir".

S.Aslanov qeyd edib ki, burada sənət əsəri və sənətin dəyərləndirilməsi barədə danışmaq o qədər yerinə düşmür. Məqsəd diqqət mərkəzində olmaq, maliyyə vəsaitlərini müvafiq requlyasiya faktorları vasitəsilə daha məhsuldar idarə etməkdir.

Sevinc İBRAHİMZADƏ

 

Chosen
12
redaktor.az

1Sources