EN

COP29-da iştirak edən süni intellekt mütəxəssisindən dezinformasiyalarla mübarizə ilə bağlı YENİ İDEYA – MÜSAHİBƏ

Azərbaycanın COP29-a ev sahibliyi etməsinin çoxsaylı faydaları sırasında qabaqcıl ideyaların ölkəmizə gəlməsini qeyd etmək olar. Konfransın faydalarından biri də ölkəmizdəki istedadların üzrə çıxarılmasıdır.

Bizim.Media-nın bugünkü müsahibi COP29-da mühüm tədbirlərin birində süni intellekt üzrə çıxışçı kimi iştirak etmiş 16 yaşlı azərbaycanlı şagird Orxandır.

- Orxan, zəhmət olmasa özünüz haqqında qısa məlumat verin.

- Mən, Orxan Məmmədov, hal-hazırda Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıram. Belə demək olarsa, süni intellekt mütəxəssisiyəm. Bu mövzuda məqalələrim var.

- Siz COP29-da nə təqdim etdiniz?

- Mən COP29-da “Digital Innovation Pavilion”-da iqlim dəyişmələri barədə cəmiyyətin məlumatlandırılması mövzusunda UNESCO ilə birlikdə təşkil edilmiş tədbirdə çıxış etdim. Qeyd edim ki, sözügedən pavilyon KPMG və SAP SE kimi tanınmış şirkətlərin dəstəyi ilə yaradılıb. Mən süni intellektin iqlim dəyişmələri ilə mübarizədə rolu və məzmun tövsiyə sistemləri kimi alqoritmlərin bu mövzuda ictimai məlumatlandırmanı necə formalaşdırdığı barədə danışdım.

- Sizin təqdimatınızın əsas məqamlarını bizə izah edə bilərsinizmi?

- Bəli, məmnuniyyətlə. Təqdimatımda sosial media platformalarında istifadə edilən süni intellekt (maşın öyrənmə) alqoritmlərinin iqlim dəyişikliyi ilə bağlı ictimai fikirlərə və fəaliyyətlərə necə təsir etdiyi barədə məlumat verdim. İqlim böhranı ilə mübarizədə sosial medianın üstün və mənfi tərəflərini işıqlandırdım. Sosial media platformalarında süni intellekt həllərindən istifadənin əsas faydası iqlimlə bağlı məlumatları başqa cür çatması çətin olan auditoriyalara yaymaq qabiliyyətidir. Eyni zamanda sosial medianın yanlış məlumatların yayılmasındakı roluna da toxundum. Süni intellektin rolu barədə izah etdim ki, sosial mediada məzmun tövsiyə sistemləri kimi maşın öyrənmə alqoritmləri, insanlara doğru olanı deyil, axtardıqlarını verərək təsdiq qərəzini yaradır.

- Tədbirdə başqa hansı maraqlı fikirlər irəli sürüldü?

- Tədbirdə həqiqətən çox hazırlıqlı çıxışçılar var idi. Onlar çoxlu sayda qiymətli fikirlər irəli sürdülər. Mənim üçün xüsusi maraq doğuran sosial mediada fakt yoxlanmasının təşviqi və süni intellekt tərəfindən yaradılan yanlış məlumatları müəyyən etmək üçün texnologiyaların yaradılması ideyası idi. Hesab edirəm ki, bu mənim gələcəkdə üzərində işləyəcə biləcəyim mövzu ola bilər.

- Necə oldu ki, belə gənc yaşda süni intellektdə bu qədər bacarıqlı oldunuz?

- Vaxt və zəhmətlə. Süni intellekt mövzu ilə maraqlanmağa başladığım zaman artıq kompüter elmləri üzrə möhkəm bir təməlim vardı, bu da mənə sürətli öyrənməyə imkan verdi. Mən əsasən onlayn kurslardan və universitet dərsliklərindən istifadə edirəm. ABŞ və Avropanın bir çox qabaqcıl universitetləri öyrənmək istəyənlər üçün səxavətlə pulsuz təhsil resursları təqdim edirlər.

- Bu sahədə yeni başlayanlara nə məsləhət verərdiniz?

- Mənim yeni başlayanlara əsas məsləhətim budur: real layihələrdə işləyin və uğursuzluqdan qorxmayın. Kurslar və dərsliklər faydalı olsa da, praktiki təcrübə kompetensiyanın inkişafı üçün vacibdir. Hər bir uğursuzluq öyrənmək və inkişaf etmək üçün bir fürsətdir. Ən əsası, riyaziyyatı lazımınca qiymətləndirin. Süni intellekt mahiyyətcə bir riyaziyyat sahəsidir. Maşın öyrənmə alqoritmlərini dərin şəkildə anlamaq üçün onların arxasındakı riyaziyyatı başa düşmək vacibdir.

- Gələcək üçün hədəfləriniz nədir?

- Mən süni intellekt sahəsini irəli aparmaq və onun faydalarının cəmiyyətin hər bir təbəqəsinə çatmasını təmin etmək üzərində işləmək istəyirəm.

Bizim.Media

Chosen
26
bizim.media

1Sources