EN

Bu ölkədə müflis olan şirkətlərin sayı ARTDI – STATİSTİKA

Almaniyada müflisləşmə sayı 2024-cü ilin oktyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9% artıb.

Yenicag.az yerli BILD nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika Xidməti məlumat yayıb.

Qəzetinin verdiyi məlumata görə, son bir neçə ay ərzində iflas müraciətlərinin sayında davamlı artım müşahidə edilir. Bu tendensiya ölkənin iqtisadi mənzərəsində ciddi narahatlıqlara səbəb olub.

Halle İqtisadi Tədqiqatlar İnstitutunun professoru Stefan Müller nəşrlə söhbətində bildirib ki, dövlət dəstəklərinin dayandırılması bir çox şirkəti çıxılmaz vəziyyətə salıb:

“Pandemiya dövründə aşağı faiz dərəcələri və hökumət dəstəyinin köməyi ilə fəaliyyətini davam etdirən şirkətlər indi artan xərclər və uzunmüddətli iqtisadi durğunluq təzyiqi altındadırlar”.

KİV əlavə edib ki, müxtəlif sektorlar arasında nəqliyyat və logistika sahələri iflaslardan ən çox təsirlənənlər sırasındadır. Bununla yanaşı, turizm, hotelçilik, restoran biznesi və tikinti sahələrində də iflas göstəriciləri yüksəkdir.

Ekspertlər 2024-cü ildə Almaniyada korporativ iflasların sayının 20,000-dən çox olacağını proqnozlaşdırır. Bu, pandemiya dövründə tətbiq edilən hökumət dəstəyinin və aşağı faiz dərəcələrinin iqtisadiyyata verdiyi süni dəstəyin artıq tükəndiyini göstərir.

Almaniya hökuməti və iqtisadçılar isə böhranla mübarizə yollarını axtararkən, iş dünyası yeni iqtisadi reallıqlara uyğunlaşmaq üçün tədbirlər görməli olacaq. Uzunmüddətli iqtisadi bərpa üçün struktur islahatların və təşviq paketlərinin hazırlanması zərurəti ön plana çıxır.

Nəsimi Ələsgərli

Chosen
17
yenicag.az

1Sources