EN

6 AYLIQ UŞAQ QİDASI ÜÇÜN 1000 MANAT... – “Bütün ərzaq məhsullarına tətbiq olunan vergilər aşağı salınsın"

Bu günlərdə deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı uşaq yeməkləri və uşaq ləvazimatlarının qiymətinin bahalaşmasından şikayətlənib. Deputat bildirib ki, əhalinin bunları almağa imkanı yoxdur. Ə. Məsimli təklif edib ki, uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır.

Məlumat üçün bildirək ki, Azərbaycanda uşaqlar üçün qida məhsulları istehsal olunmur. Ölkəmizə süni uşaq qidaları daha çox Türkiyə, Almaniya, İordaniya, İsveçrə və Rusiya kimi ölkələrdən gətirilir. İdxal olunan bu qidaların qiyməti isə aztəminatlı ailələr üçün əlçatan deyil.

“AzPolitika”-nın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq paytaxtda yerləşən supermarketlərdən birində uşaq qidalarının qiymətləri ilə maraqlanıb. Nə qədər təəccüblü görünsə də, ölkəmizdə hazırda qiyməti 84 manatdan baha olan süni uşaq qidaları satılır. Orta keyfiyyətdə olan və pediatrların məsləhət gördükləri qidaların qiyməti isə 20 manatdan bahadır.

Uşaq qidalarının bəzilərinin qiymətini oxuculara təqdim edirik:

- “Kabrita” (dəmir qutu) – 84 manat 99 qəpik;

- “Aptamil” (dəmir qutu) - 52 manat 99 qəpik;

- “Aptamil” (sadə qutu) - 30 manat 99 qəpik;

- “Kabrita” (sadə qutu) – 23 manat 99 qəpik;

- “Nan” – 18 manat 59 qəpik;

- “Hipp” organic – 17 manat;

- “Bellakt” – 12 manat 15 qəpik;

- “Hipp” night tea – 10 manat 35 qəpik;

- “Malyutka gold” – 12 manat 99 qəpik;

- “Organic” - 8 manat;

- “Bebi” – 7 manat 75 qəpik;

- “Premium” – 7 manat 75 qəpik;

Qeyd edək ki, ən ucuz uşaq qidası İran istehsalı “Kent” 1 manat 75 qəpiyə, “Prinç unu” uşaq qidası isə 2 manat 35 qəpiyə təklif olunur.

Pediatrlara görə, əgər ana uşağı təkcə süni uşaq qidası ilə qidalandırırsa, bu qida uşağa maksimum bir həftə üçün kifayət edir. Yox əgər uşaq ana südü ilə bərabər süni uşaq qidası qəbul edirsə, 14 gündən bir valideyn bir qutu süni uşaq qidası almalıdır. Bu zaman ən bahalı uşaq qidası üçün bir aya 168 manat ödənməlidir. Uşağın ən azı 6 ay süni uşaq qidası qəbul etməli olduğunu nəzərə alsaq, bir valideyn 6 ayda qiyməti 84 manat 99 qəpik olan süni uşaq qidası üçün 1020 manat pul xərcləməlidir.

 

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, sözügedən vergi güzəşti fərdi şəkildə təkcə uşaq qidalarına yox, bütün ərzaq məhsulları üçün tətbiq edilməlidir: “Təklifim budur ki, ərzaq məhsullarına tətbiq olunan vergilər aşağı salınsın. Məsələn, biz avtomobil, məişət texnikası və ya mobil telefon alan zaman da 18 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirik, hər hansı bir ərzaq məhsulu alanda da. Mən ərzaq məhsullarının ƏDV-sinin qeyri-ərzaq məhsulları ilə müqayisədə aşağı salınmasının tərəfdarıyam. Məsələn, bu rəqəm 10 faizə endirilə bilər”.

Ekspert qeyd edir ki, uşaq qidalarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir:“Bu məsələ ilə İqtisadiyyat Nazirliyindən ayrılan Elektron Rəqabət İnformasiya Sistemi məşğul olmalıdır. Bu rəqabət orqanı analiz etməlidir ki, bazarda monopoliya var, yoxsa yox? Yəni inhisarçılıq rəqabət məcəlləsinin pozulması kimi hallar varsa, bu qiymətlər üzərində nəzarət formalaşdırıla bilər. Monopoliya o halda ola bilər ki, uşaq qidaları bir əldən bazara girsin, bu qidaları ölkəyə vahid komanda ilə işləyənlər gətirsin və ya müxtəlif şəxslər eyni anda razılaşma əsasında qiymətləri qaldırsınlar. Bir sözlə, süni şəkildə bazar mexanizminə müdaxilə olsun. Yox əgər, xüsusi nələrsə edilmirsə, bu zaman qiymətlərlə bağlı hökumətin ata biləcəyi hər hansı bir addım yoxdur”.

X. Kərimlinin sözlərinə görə, bazar iqtisadiyyatı mühitində fərqli qiymətlər olmalıdır:“Burada kasıb insanlarla yanaşı, varlı insanlar da var. Hərkəs öz büdcəsi əsasında seçim etməlidir. Bazardakı uşaq qidalarının strukturu da, gətirildiyi ölkələr də fərqlidir. Məsələn, Rusiya, Belarusiya ilə yanaşı, ABŞ və Avropa ölkələrindən də qidalar gətirilir. Bu səbəbdən “hamısının qiyməti eyni olsun” yanaşması da yanlışdır. Məsələn, ABŞ-də fəaliyyət göstərən aylıq 3-5 milyon gəliri olan uşaq qidası istehlakçısı bir şirkətin məhsul xərci olur və bu qida ölkəmizə 50-60 manata gəlib çıxır. Bu zaman hökumət bir güzəşt edə bilmir”.

“Düşünürəm ki, vətəndaşlar özləri büdcələrinə uyğun uşaq qidalarını seçməlidirlər. Şərt deyil ki, hərkəs bahalı qidalardan istifadə etsin. Bizə məlumdur ki, burada bir qədər yönləndirmələr də var. Həkimlər özləri də valideynləri bu qidaları almağa yönləndirir, oradan komissiya qazanırlar. Digər tərfdən, uşaq qidaları ilə bağlı reklamlar da bu məsələdə müəyyən dərəcədə rol oynayır”, - deyə ekspert bildirib.

 

 

Statistikaya görə, ölkəmizdə yenidoğulanların 82,9 faizi (hər min nəfərə) ana südü ilə qidalanır. Onlardan 3 ayına qədər yalnız ana südü ilə qidalananlar 58,2 faiz təşkil edir. 6 ayına qədər ana südü qəbul edən körpələr 68 faizdir. Onlardan yalnız ana südü ilə qidalananlar isə 39,2 faiz təşkil edir. 12 ayına qədər ana südü ilə qidalananlar 46,4 faiz, 1,5 yaşına qədər ana südü ilə qidalananlar 16,9 faiz, 2 yaşa qədər ana südü ilə qidalananlar 8,7 faizdir. Bu, olduqca təhlükəli rəqəmdir.

Qeyd edək ki, ana südü ilə qidalanan yenidoğulan körpələrin sayı (hər min nəfərə) 2010-cu ildə 77.9 faiz, 2011-ci ildə 74.5 faiz, 2012-ci ildə 83.5 faiz, 2013-cü ildə 86.5 faiz, 2014-cü ildə 93. 2 faiz, 2015-ci ildə 90.3 faiz, 2016-cı ildə 95.2 faiz, 2017-ci ilə 89.7 faiz, 2018-ci ildə 82.8 faiz, 2019-cu ildə 82.9 faiz təşkil edib.

E. Bəyməmmədli

“AzPolitika.info”

 

Chosen
22
1
turanpress.com

2Sources