EN

Ərdoğan COP29-un qlobal önəmindən danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunun açılış mərasimində Azərbaycan paytaxtında keçirilən COP29-un dünyaya dərin narahatlıqla anlatdığı qlobal ekoloji təhlükəyə toxunaraq bildirib:

“Bakıda keçirilən COP29 Liderlər Zirvəsində ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinin qorxuducu həddə çatdığını bir daha yaxından gördük. Ötən əsrdə bir damla nefti, axan insan qanından daha dəyərli sayan materialist zehniyyət dünyamızın çox əzab çəkməsinə səbəb oldu.

Afrikadan Asiya, Latın Amerikasına qədər getdiyimiz hər bölgədə gözünü pul, qızıl və gümüş bürümüş anlayışın arxasında qoyduğu dərin ağrılara rast gəlirik. Müstəmləkəçilər yalnız insanları qətlə yetirmədilər. Onlar milyonlarla məsum insanla bərabər, böyük bir ətraf mühit qətliamı da törətdilər. “Yeddi bacı” adı ilə tanınan neft şirkətlərinin I Dünya müharibəsi başda olmaqla, son əsrdə bəşəriyyətin üzləşdiyi bir çox müharibə, çevriliş, münaqişə və qətliamda əlləri olduğu məlum bir həqiqətdir.

Diktatorlar, çevrilişçilər və zülmkarlar tərəfindən enerji mənbələri idarə edilərkən, insan həyatı, azadlıqlar və ədalət heç sayıldı. XXI əsrdə istismara və tamaha əsaslanan bu amansız sistemin davam etməsi mümkün deyil. İnsana və ətraf mühitə lazım olan dəyər verilmədən, dünyada sülh və əmin-amanlıq təmin oluna bilməz”.

Enerji, nəqliyyat və rabitənin, xüsusilə birlikdə inkişafın lokomotivi olduğunu, kifayət qədər keyfiyyətli və təmiz enerjinin uyğun qiymətlərlə kəsintisiz təmin edilməsinin bütün ölkələr üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan daha sonra söyləyib: “Yaxın tarixdə bölgəmizdə baş verən böhranlar, enerji təchizatı təhlükəsizliyinin ölkə iqtisadiyyatları üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini bir daha xatırlatmışdır. Rusiya–Ukrayna arasında mininci gününü geridə qoyan müharibə, xüsusilə enerji sahəsində xarici asılılığın risklərini göstərdi. Türkiyə müharibə edən hər iki tərəflə qurduğu balanslı əlaqələr sayəsində bu çətin dövrü ən rahat keçirən ölkələrdən biri oldu. Bunun əksinə, avropalı dostlarımız müharibənin yaratdığı enerji böhranını birbaşa hiss etdi və çox ciddi çətinliklərlə üzləşdilər”.

Türkiyə Prezidenti əlavə edib ki, bu gün enerji təchizatında bir böhran yaşanmasa da, bu sahədə təhlükəsizliyin təminatına hər zaman hazır olmaq vacibdir. Türkiyə enerji siyasətini bu anlayışla, təbiətə zərər verməmək üzərində qurub.

XQ

Chosen
18
2
xalqqazeti.az

4Sources