EN

Arzulardan boy atan şəhər

Sumqayıt – 75

Dünyanın coğrafi xəritəsində qocaman Xəzərin sahilində qərar tutan bir gənclik şəhəri var. Bura Cənubi Qafqazın 2-ci sənaye mərkəzi olan Sumqayıtdır. Yaranmasından cəmi 75 il ötür, amma burada qısa müddətdə neçə əsrə sığmayan möhtəşm quruculuq işləri görülüb. Unudulmaz Xalq şairi Nəbi Xəzri demişkən, bu gözəl, müasir şəhər olmasaydı, bəlkə də, yer üzü bir qədər boş görünərdi...

Sumqayıt İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ-nin kimya və metallurgiya sənayesinin inkişafı üçün əsas bazalardan biri olaraq yaradılıb. Bakıdan bir qədər şimalda pərvəriş tapan bu sənaye sektoru on illərlə neft-kimya məhsullarının istehsalı mərkəzi kimi fəaliyyət göstərərək, iqtisadiyyatın mühüm sütunu olub. Paralel şəkildə evlər, təhsil, səhiyyə və mədəniyyət ocaqları, kitabxanalar tikilib, yaşıllıqlar salınıb və nəhayət, 1949-cu ildə Sumqayıta şəhər statusu verilib.

Düz yarım əsr əvvəl, hakimiyyətə gəlişinin 5-ci ilində – 1974-cü ilin noyabrında Azərbaycan rəhbəri Heydər Əliyev Sumqayıt Dövlət Dram Teatrının indiki binasında (o vaxt Səməd Vurğun adına mədəniyyət sarayı idi) şəhərin 25 illiyinə həsr olunan təntənəli yubiley mərasimində çıxış edib. Gənc şəhərin önəmini diqqətə çatdırıb, Sumqayıtın planlaşdırılması, yaşıllaşdırılması, arxitekturasına yüksək qiymət verib. Ulu öndər hər zaman yeni sahil şəhərinin inkişafını diqqətində saxlayıb: sovet dönəmində 10 dəfə, müstəqillik illərində isə 6 dəfə buraya səfər edib. Unudulmaz dahi şəxsiyyətin hər səfəri sumqayıtlılardan ötrü tarixi hadisəyə çevrilib, xeyir-bərəkət, inkişaf, tərəqqi rəmzi olub.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk dönəmdə – ötən əsrin 70–80-ci illərində Sumqayıt iqtisadi potensialına görə keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda tanınan bir şəhərə çevrilib. Buradakı müəssisələrin çeşidli məhsulları ittifaqın 700-dən çox şəhərinə və xarici dövlətlərə ixrac olunurdu.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu 21 il ərzində Sumqayıta 30 dəfədən çox səfər edib və onun inkişafı üçün onlarla sərəncam imzalayıb. Dövlət başçısı hər səfərində modern sənaye sahələri, müəssisələrlə bərabər, müxtəlif sosial-mədəni obyektlərin açılışını reallaşdırıb. Qədirbilən sakinlər fəxrlə deyirlər ki, Prezidentimizin bir əli daim Sumqayıtın üstündədir. İndi Sumqayıt büdcədən dotasiya almayan, yəni əldə etdiyi gəlirlə yerli xərclərini qarşılamaq imkanına sahib olan şəhər statusundadır. Təkcə son 8 ildə gənclik şəhərində infrastruktur layihələrinə 6 milyard 500 milyon manatdan çox investisiya qoyulub.

Bu böyük sənaye mərkəzi ölkəmizin makroiqtisadi göstəricilərinin artmasında xüsusi yer tutur. Yeni əsrdə yaradılan sənaye parklarında kimya, metallurgiya, elektroenergetika, tikinti və toxuculuq, qida sənayesi müəssisələri müasir, modern üslubda ərsəyə gətirilib. “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsi, Keramik Plitələr, Əlvan Metallar və Ferroərintilər, “Azgüntex” zavodları, tərkibinə çörək sexləri, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Gilan” Tekstil Parkı, “SOCAR Karbamid” və “SOCAR Polymer” kimi zavodlar burada fəaliyyət göstərən faydalı iş əmsallı müəssisələrin yalnız bir qismidir. Fərəhli haldır ki, ötən əsrdə adı atmosferi çirkləndirən sənaye məkanları sırasında öndə çəkilən Sumqayıt artıq turizm obyektlərinin inşasının həyata keçirildiyi şəhərdir. Prezident İlham Əliyevin gənclik şəhərinə səfərlərində bu barədə verdiyi tapşırıqlar lazımınca icra olunur.

Son günlər Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçılarından bir qismi Sumqayıt–Novxanı aralığındakı otellərdə qalır və onlar şəhərlə tanışlıq gəzintilərinə də çıxırlar. Qonaqlar paytaxt Bakının 30 kilometrliyində “göylərə meydan oxuyan, ayağı torpaqda möhkəm dayanan” müasir şəhərin gözəlliklərinə heyran qalırlar.

Yeri gəlmişkən qeyd edək ki, Sumqayıt ölkəmizin ən yaşıl şəhəridir. Burada özünəməxsus ekoloji standartlar formalaşıb. Hər sakinə 26 kvadratmetr yaşıllıq düşür. Parklarda, xiyabanlarda saysız-hesabsız, növbənöv ağaclar əkilib, “yaşıl ada”lar salınıb. Sumqayıtda bir ağac da var ki, bəlkə də, dünyada misli yoxdur. Bu, son vaxtlar əsaslı təmir edilmiş müqəddəs məkan – Şəhidlər xiyabanındakı “Zəfər ağacı”dır. Sumqayıt yetirməsi olan Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanın, Milli Qəhrəman Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazovun, həmçinin Vətən Müharibəsi Qəhrəmanları Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsmayılov və Mehrab Niftəliyevin ailə üzvləri şəhidlərimizin əziz xatirəsinə ucaldılmış “Qalib Azərbaycan əsgəri” abidəsi ilə bərabər, “Zəfər ağacı”nın da açılışında kövrək və qürurlu anlar yaşayıblar. Ölkəmizdə bir ilk olan, budaqlarından hərəsi bir şəhidin adına olan 3 min yarpaq-lövhəcik asılmış “Zəfər ağacı” bu müqəddəs məkana gələn hər kəsin diqqətini çəkir. Abidə “Sumqayıt Texnologiyalar Parkı” (STP) Şirkətlər Qrupu tərəfindən yaradılıb. Xiyabanın ziyarətçiləri, toy edən cütlüklər bu qəhrəmanlıq rəmzinin fonunda ehtiramla şəkil çəkdirirlər.

Sumqayıtlılar və şəhərin indiki rəhbərliyi bu gözəl məkanın inkişafında zəhməti olan, ona şan-şöhrət gətirən insanları da unutmurlar. Yəhya Məmmədov, Kamran Hüseynov, Kərim Axundov kimi şəxslər ilk dövrlərdə Sumqayıtda sənaye və metallurgiyanın inkişafında böyük rol oynayıblar. Fədakar zəhmətləri ilə tanınmış Əmək Qəhrəmanları Məzahir Abdullayev, Zəminə Həsənova, Murad Zeynalov, Tofiq Kərimov, Şəmşad Pənahov, Dadaş Dadaşov, Aslan Osmanov, Əsəd Məmmədəliyev, Məşədi Əliyev, Ağaxan Ağayev Sumqayıtın adını ucaldanlar olublar. Təsadüfi deyil ki, onların adlarına şəhərdə küçələr var, abidələri qoyulub, yaşadıqları evlərin divarına xatirə barelyefləri vurulub. Sumqayıtın fəxri sayılan tanınmış şəxslər də çox olub: İzzət Sadıxov, Nərçə Ağayev, Nurəddin Babayev, Ərşad Kərimov, Zamin Hüseynov və başqaları xoş hisslərlə xatırlanırlar.

Bir neçə il əvvəl Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı Zəminə Həsənovanın 100 yaşı tamam olanda doğulduğu Corat qəsəbəsində büstü qoyuldu. Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək dedi ki, unudulmaz insanlar Sumqayıtın tarixinin “qızıl fondu” sayılırlar. Onu da deyək ki, Zakir müəllim təntənəli gecələrə, yubiley mərasimlərinə hazırda aramızda olan sabiq rəhbərləri, şəhərin tanınmış ağsaqqallarını dəvət edib yan-yana əyləşməkdən də zövq alır. Məsələn, ötən əsrin son 7 ilində icra başçısı olmuş Şakir Abışova dəfələrlə ümumşəhər məclislərinin başında hörmət-izzətlə yer verildiyini görmüşük. Əməkdar mühəndis Təbrik Quliyev, Prezidentin fərdi təqaüdçüləri olan şairlər Əşrəf Veysəlli, Ofelya Babayeva, eləcə də tanınmış müəllim-şair Əvəz Mahmud Lələdağ və başqaları uca urvatda tutulmalarından hədsiz məmnun olurlar.

Sumqayıt Ağsaqqallar Şurasının sədri, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, kimya elmləri namizədi Təbrik Quliyevin dedikləri:

– Fəxr edirəm ki, bu gün mən də 1970-ci ildən bəri özümə ünvan seçdiyim Sumqayıtın 75 yaşını qeyd edənlərin arasındayam. Sumqayıtın təməli hələ 1931-ci ildən qoyulub, 1941-ci ildə ilk İES işə düşüb. Sonra İkinci Dünya müharibəsinə görə Sumqayıtın şəhər kimi təvəllüdü gecikib. Nəhayət, 1949-cu ildə, mənim 3 yaşım olanda ona şəhər statusu verilib. Özüm ali təhsilli mütəxəssis olsam da, burada fəhlə kimi işə başlamışam. Tədricən vəzifələrə işə çəkilmişəm və uzun illər kimya müəssisələrinin rəhbəri işləmişəm. Sumqayıta taleyimin şəhəri deyirəm. Bu şəhəri ərsəyə gətirmək üçün çox böyük zəhmət çəkilib. Bura Ulu öndər Heydər Əliyevin arzuladığı, Prezident İlham Əliyevin isə müasir şəhər kimi dirçəltdiyi bir məkandır. Böyük inkişaf və intibah dövrünü yaşayır. Yüksək diqqət və qayğı sayəsində, ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Sumqayıt Cənubi Qafqazın böyük sənaye mərkəzinə, Azərbaycanın abad, gözəl və firavan şəhərinə çevrilib.

Şöhrəti dünyaya yayılan Sumqayıtın Avropa və Asiya ölkələrindən 19 şəhərlə qardaşlıq əlaqələri yaradılıb. Onlardan biri – Sumqayıtla 40 illik qardaşlıq tarixi olan Lüdviqshafenin (AFR) şərəfinə gənclik şəhərində gözəl bir istirahət parkı salınıb. Bu il sentyabrın sonunda isə Sumqayıtın 10 illik dostu – Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaski buraya səfərə gəlmişdi. İşgüzar görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı. Qonaq şəhərlə yaxından tanış oldu, Mehdi Hüseynzadə adına stadiona,

Heydər Əliyev Mərkəzinə, Şahmat Məktəbinə və şəhərin parklarına baş çəkdi, gördüyü gözəlliklərdən vəcdə gəldiyini söylədi.

...Bakıda keçirilən Avrasiya Yazıçılarının Festivalı iştirakçılarının başda dünya şöhrətli yazıçı Oljas Süleymenov olmaqla böyük bir qrupu Sumqayıta gəlmişdi. Müasir, yaşıl şəhərə doğrudan-doğruya heyran qaldılar. Səfərdən sonra Oljas əkə Prezident İlham Əliyevə məktub yazaraq, Sumqayıt haqqında təəssüratlarını bölüşdü və ən xoş sözlərini ifadə etdi. Dünyada gəzmədiyi yer qalmayan ünlü bir yazarın Sumqayıtla bağlı özəl duyğu və düşüncələri, əlbəttə, mötəbər faktdır.

Hazırda Sumqayıtın “zümrüd boyunbağı”sına gözəl Dənizkənarı Park-Bulvar Kompleksi, Bayraq Muzeyi, Muğam Mərkəzi, Heydər Əliyev Parkı, Dəmiryol vağzalı, yeni memarlıq abidələri, xəstəxanalar, məktəb binaları, universitet, 100-ə qədər “Nümunəvi məhəllə”, necə deyərlər, muncuq-muncuq düzülüb. Bulvardakı 2 saylı “Asan Xidmət” Mərkəzi, 500 metr uzunluğunda tərsanə, burada, eləcə də şəhərin mərkəzində və əsas giriş yolunda yaradılmış Bayraq meydanları, möhtəşəm Paralimpiya və Olimpiya idman kompleksləri, “Nizami” kinoteatrı, Əlillərin Bərpa Mərkəzi, Məhkəmə Kompleksi... şəhərin yeni ünvanlarıdır.

Sumqayıtlılar doğma şəhərin qədrini bilir, onu təmiz və yaraşıqlı saxlamağı şərəf işi sayırlar. Gənclik şəhərində 70-dən artıq “Nümunəvi məhəllə” var. “Qartal” tikinti firmasının təşəbbüsü ilə 75 illik yubiley ərəfəsində 47-ci məhəllədə daha bir belə istirahət guşəsi yaradılıb. Orada kölgəliklər, uşaq əyləncə qurğuları, yaşıllıqlar salınıb, sakinlərin ürəkləri istəyən kimi dincəlməsinə lazımi şərait yaradılıb.

“Qartal”ın direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt şəhər nümayəndəsi Şahin Məmmədov:

– İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla kimya sənayesi istehsalat birliyinə gəlmiş və taleyimi ömürlük Sumqayıta bağlamışam. Yadına gəlirsə, eyni korpusda otururduq: mən oradakı layihə-memarlıq şöbəsində, sən isə “Kimyaçı” çoxtirajlı qəzeti redaksiyasında. Sonralar mən zavodun baş memarı oldum, sənsə respublika mətbuatında işləməyə getdin.

Azərbaycanda ilk dəfə məhz Sumqayıtda “Gənclik” yaşayış kompleksinin inşasını reallaşdırmışam. Özü də mənzil almaq istəyən 70 nəfər o kompleksin inşasında çalışıb və az müddətdə ev-eşik sahibi olub. “Qartal” isə Sumqayıtın ilk sahibkarlıq subyektidir. Müxtəlif tikintilərdə yaxından iştirak etmişik.

Sumqayıta bu gün öz yetirmələri rəhbərlik edirlər, onu təəssübkeşlik duyğusu ilə gözəlləşdirirlər. Düşünürəm ki, hər bir sahibkarın yaşadığı şəhər qarşısında bir mənəvi borcu olmalıdır, onun inkişafı üçün dövlət qurumlarına, icra strukturlarına dəstək verməli, bacardığı qədər gözəllik naxışları çəkməlidir. Dənizkənarı bulvardakı fontan komplekslərindən biri bizim firmanın doğma şəhərə töhfəsidir. Mən nəvələrimlə orada gəzəndə qürur hissi keçirirəm. Kollektivimiz bundan sonra da Sumqayıtın tərəqqisinə zəhmət sərf etmək əzmindədir. Sumqayıtın yüksəlişi hər birimizin fəxridir. Yubileyimiz mübarək olsun!

Şahin müəllimin dediyi bulvarda gəzintimizi davam etdirdik. Adam inana bilmir ki, buralar uzun illər ərzində baxımsız vəziyyətdə olmuş, zir-zibil məkanına çevrilmişdi. Cəmi 8 aya tikilib abadlaşdırılıb. Həmin müddətdə Zakir müəllimin hər iş günü məhz buradan başlayıb, burada da qurtarıb. İndi ərazi açıq səma altında yaşıl muzeyi xatırladır. Buna görə də bulvar kompleksi beynəlxalq mükafata layiq görülüb. Dövlətimizin başçısı ilham Əliyev buranı “cənnət guşəsi” adlandırıb. İlin bütün fəsillərində sakinlər parkda dincəlir, uşaqlar əyləncə guşələrində oynamaqdan yorulmurlar. Bulvara ictimai nəqliyyat marşrutu da açılıb.

Ərazisi 100 hektardan çox, uzunluğu artıq 5 kilometri ötən bulvarda müxtəlif attraksionlar, yay estradası, idman meydançaları, kiçikölçülü gəzinti avtobusları var. “ASAN” Xidmət nərkəzi, Bayraq Muzeyi, Muğam Mərkəzi burada yerləşir.

Sumqayıt bulvarının yanında, Sahil küçəsi boyunca “göydələn”lərdən ibarət yaşayış kompleksi də var. Oradakı binaların birində yaşayan dostum Hümbət Quliyev dedi:

– Eyvanda oturub çay içmək, bulvarın gözəlliyindən zövq almaq ayrı bir aləmdir. Dənizə açılan mənzərəsi, təmiz havası ruh oxşayır. Ərazinin genişliyi burada insan xəyalını qartal kimi mavi ənginliklərə qanadlandırır. Məncə, bu əsrarəngiz məkan bulvar adlı gözəlliyi ərsəyə gətirənlərin özlərinə ucaltdıqları əbədi bir abidədir. Sumqayıt onu sevənlərin “şah əsəri” sayılır. Yaradan, quran əllərə alqış!

Son illər ərzində şəhərin sanitar vəziyyətinin normal saxlanılması, məişət tullantılarının idarə olunması gündəlik nəzarətdə saxlanılan əsas məsələlərdən birinə çevrilib. Şəhər rəhbərliyinin ciddi tələbkarlığı sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi sahəsində mütəmadi tədbirlər keçirilir və hər tərəf, necə deyərlər, gül qoxuyur.

Sumqayıtın idarəetməsində bir üstün cəhət də budur ki, hazırkı icra hakimiyyəti ilk gündən şəhər sakinləri ilə ünsiyyətə açıq olması ilə nüfuzunu daha da artırıb. Bir qayda olaraq, hər həftə şəhərin müxtəlif ərazilərində əhali ilə görüşlər keçirilir. Vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılır. İş cədvəlinin ən gərgin vaxtlarında belə Zakir müəllim bu görüşləri təxirə salmır. Sözünün dinlənildiyini, müşkülünün diqqətsiz qalmadığını görən hər kəsin dövlət oranlarına ehtiramı daha da artır.

Bir neçə aydır ki, Sumqayıtda silsilə yubiley tədbirləri davam edir. Küçələr, parklar al-əlvan bəzədilib, şəhərin mənzərələri üzə gülür, gecə görüntüləri xüsusilə göz oxşayır. Elə Sumqayıtda doğulub böyümüş və burada yaşayan sakin kimi biz hər axşam gəzintiyə çıxıb gözəllikləri gözümüzə, könlümüzə köçürməyə adət etmişik. Bir gün əvvəl də adətimiz üzrə şəhərin seyrinə çıxdıq. Milli Qəhrəman Polad Həşimovun adını daşıyan küçədən keçərək, Səməd Vurğun küçəsinə yön aldıq. Üzərinə “Sumqayıt – 75” yazılmış işıq bəzəkləri sanki alışıb yanırdı. Şəhərin “Azərbaycan”, Heydər Əliyev və “Sülh” prospektləri də öz gözəllikləri ilə əsrarəngiz təsir bağışlayırdı. Sanki günortaymış kimi, küçə və meydanları gəzib-dolaşan adamlar küləyə, soyuğa məhəl qoymadan mənzərələrdən zövq alırdılar. Bütün bunları bir daha müşahidə etdikcə necə gözəl şəhərin sakini olmağımızla yenə də fəxr elədik.

Yubiley ərəfəsində Sumqayıtda mədəniyyət festivalları, kitab yarmarkaları, yeni obyektlərin açılış mərasimləri, möhtəşəm konsert proqramları bir-birini əvəz edir. Hər kəs yubileyə öz töhfəsini verməyə çalışır. Bu gün 75 yaşlı gənclik şəhərinin yalnız sənaye ilə tanınmadığını göstərən ən mühüm cəhətlərdən biri onun mədəniyyət və incəsənət sahəsindəki uğurlarıdır. Burada teatrlar, konsert zalları, muzeylər və incəsənət mərkəzləri məhsuldar fəaliyyət göstərir. Sumqayıtın nisbətən köhnə mədəniyyət ocaqları da yeni görkəm alıb. Kimyaçı Mədəniyyət Sarayı və Sumqayıt Dövlət Dram Teatrının binası ən müasir üslubda əsaslı təmir olunaraq istifadəyə verilib.

Şəhər icra hakimiyyəti ilə üzbəüzdə, möhtəşəm Bayraq Meydanının yanında yerləşən teatr da bayram ovqatındadır. Yeri gəlmişkən, bu il Sumqayıt teatrı da özünün yubileyini yaşayır: ilk dəfə səhnə pərdələrini açmasından düz 55 il ötür. Yubileylə bağlı teatrda yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin şəhərin tarixindən, quruculuq salnaməsindən bəhs edən “Sevgilim Sumqayıt” tamaşası hazırlanıb və repertuarda önəmli yer tutur. Sənət məbədinin baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsərində həyat sınaqları ilə üzləşən kimsəsiz gənc qız yeni şəhərə üz tutur. Sumqayıt ona bir ana kimi qucaq açır, o, burada zəhməti sayəsində tanınır, dəyər qazanır, Vətənə layiqli bir oğul böyüdür. Tamaşanın sonunda günümüz təsvir edilir. Əksər sumqayıtlıların taleyinin tamaşası olan əsər hər baxışda alqışlarla qarşılanır.

Sumqayıtda yaradıcı insanlara da xüsusi diqqət yetirilir. On illərlə şəhərin müxtəlif bucaqlarında məskunlaşmış Əli Kərim adına “Poeziya klubu”nun, nəhayət, ofis problemi həll olunub. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən, Heydər

Əliyev parkında yerləşən geniş, bütün şəraiti olan bir mərkəz şəhərin söz-sənət sahiblərinin ixtiyarına verilib. “Poeziya Evi” adlandırılan sözügedən obyekt əli qələm tutan hər kəs üçün doğma ocağa çevrilib. Klubun rəhbərliyi AYB Sumqayıt bölməsi ilə birlikdə burada həftədə bir neçə maraqlı, yaddaqalan görüş, tədqimat keçirir. Sumqayıt yazarları qayğıya, dəyərə cavab olaraq doğma şəhəri öz əsərlərində daha böyük ilhamla vəsf edirlər. Məsələn, İbrahim İlyaslı “Ağ günlər eşqiylə yaranan şəhər” adlı şeirində yazr:

Həyatın özünə verdik imtahan,
Adınla gecəni gündüzə qatdıq.
Alın tərimizlə yoğruldu mayan,
Səni qarış-qarış qurub yaratdıq.

Yaşıl bağlar saldıq, ağ məhəllələr,
Zülmət gecələri çıraqban etdik.
Gündüz fəhlən olduq, axşam tələbən,
Halal haqqın ilə murada yetdik.

Doğma ağuşunda sevdik, sevildik,
Sevgilər yaşadıq sulardan təmiz.
Qubalı, qazaxlı, qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz...

Bəli, yarım milyona qədər insanın özünə dogma od-ocaq bildiyi 75 yaşlı Sumqayıt öz sakinlərinə ard-arda fərəh bəxş etməkdədir. Yubilyar şəhərin gələcək inkişaf strategiyasında hədəf yerli sənaye potensialını daha da artıracaq texnologiya və innovasiya mərkəzləri ilə yanaşı, yaşıl zonaların genişləndirilməsi, yeni parkların və ictimai məkanların yaradılması, sakinlər və qonaqlar üçün daha cəlbedici bir mühit yaradılmasıdır.

Yubileyin mübarək, Sumqayıt!

Əli NƏCƏFXANLI
XQ

Chosen
31
xalqqazeti.az

1Sources