EN

Zəngəzur dəhlizi bu tarixdə açıla bilər: Üç məsələdən biri həll olunur

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Azərbaycan və Ermənistan dekabrdan yenidən sülh müstəvisində aktiv danışıqlara başlayacaq. Sülh mətni ətrafında son yazışmalar fonunda gözləntilər nədən ibarətdir?
 
- Hazırda diqqət Bakıda keçirilən COP29-a yönəlib. Amma bu o demək deyil ki, Bakı ilə İrəvan arasında sülh müstəvisində müzakirələr dayanıb. Üç istiqamət üzrə tərəflər danışıqları davam etdirir. Bunlar sülh müqaviləsi, şərti sərhədlərin gələcək aqibəti və kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Kommunikasiya xətlərinin açılması və sülh müqaviləsi ikitərəfli danışıqlarla yanaşı, beynəlxalq şərtlərdən asılıdır. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə region ətrafında vəziyyət dəyişə bilər. Bu mənada Nikol Paşinyan hakimiyyətinin də narahatlığı müşahidə edilir. Ona görə də, Ermənistanın xarici siyasətində bir qədər korrektələr edilməkdədir.
 
 
- Azərbaycanla danışıqları gərginləşdirən səbəblər nə idi?
 
- Ermənistan bölgədə geosiyasi vəziyyəti gərginləşdirdiyindən kommunikasiyaların açılması ilə bağlı ziddiyyətlər yaranır. Əslində, Bakı və İrəvan arasında bu məsələyə görə ciddi ziddiyyətlər yox idi. Fikir ayrılıqları olsa da, prosesləri danışıqlar masasında həll etmək olardı. Sadəcə olaraq burada İran, Fransa, Rusiya və ABŞ-ın üst-üstə düşməyən baxış bucaqları var. Ona görə bu məsələ uzanır.
 
- Belə çıxır ki, Zəngəzur dəhlizinin açılması elə də asan olmayacaq...
 
- Dəhlizdə keçid, sadələşdirilmiş giriş-çıxış imkanlarının olması da mümkün idi. Fərqli mexanizmlərdən istifadə etməklə Zəngəzur dəhlizini sabah da açmaq olar. Əgər Ermənistan tərəfi bununla bağlı siyasi qərar vermiş olsa, prosesi yekunlaşdırmaq mümkündür.
 
- Qısa zamanda sülh prosesini tormozlayan başlıca amilin aradan qaldırılması ehtimalı varmı?
 
- Sülh müstəvisində danışıqlar gedir. Sadəcə olaraq burada həllini tapmayan məsələlər var. Bu, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır. Normativ hüquqi aktlarla bağlı məsələyə də Ermənistan hakimiyyəti yenidən baxmalıdır.
 
- Vaxtın uzanması region üçün nə vəd edir?
 
- Sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının uzanması bölgə ətrafında vəziyyətin gərginləşməsi deməkdir. Bu eyni zamanda ciddi çağırışlar yaradır. Zaman etibarilə Azərbaycanın tələbləri də genişlənə bilər.
 
- Hansı tələbləri nəzərdə tutursunuz?
 
- Qərbi Zəngəzur bölgəsində Ermənistan ciddi şəkildə silahlanmaqdadır. Ağır artilleriya, raket kompleksləri əraziyə yerləşdirilib. Bu isə Azərbaycan dövlətçiliyi üçün ciddi çağırış deməkdir. Ona görə də, Ermənistanın silahsızlaşdırılması kimi tələblərin olması da realdır.
 
- Bu nə zaman baş verə bilər?
 
- Əgər Ermənistan danışıqlarda özünü qeyri-obyektiv aparacaqsa, belə bir tələbin olması qaçılmazdır. Hələlik isə Bakı İrəvandan Ermənistan Konstitusiyasında olan əsassız iddiaları aradan qaldırmağı tələb edir. Paşinyan bölgə ilə bağlı bəyan etdiyi məqsədlərə çatmaq istəyirsə, bunun üçün vaxt az qalıb. Bölgə ətrafında müharibələr toqquşmalar gedir. Fürsətdən istifadə edib Cənubi Qafqazdakı məsələləri yoluna qoymaq mümkündür.
 
- Bu olmasa regiondakı prosesin axarında nə kimi dəyişikliklər gözlənilir?
 
- Böyük ölkələrin bir-biri ilə anlaşmasını və Cənubi Qafqazla bağlı qərarlar verməsinə şahidlik edə bilərik. Suveren və müstəqil Azərbaycan üçün hər bir halda məqsəd və nəticə məlumdur. Ermənistan üçün isə nəticələr tamam başqa cür ola bilər. Ona görə də, Nikol Paşinyan üçün 2025-ci il sonuncu şans ilidir.
 
Chosen
12
4
moderator.az

5Sources