EN

"Qlobal Cənub QHT Platforması" nədir- Azərbaycan COP-da növbəti addımını atdı...

Image

Rauf Zeyni: “Qlobal Cənub QHT Platformasının yaradılması ictimai hadisə kimi qiymətləndirilməlidir”

COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Konfransda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib.

Bəyanatda Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilib.

Qeyd edək ki, COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb.

“Bu platforma Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən QHT forumunun tarixində çox önəmli bir addımdır”

Qlobal Cənub QHT Platforması ilə bağlı Milli QHT Forumunun prezidenti Rauf Zeyni ilə həmsöhbət olduq.

- Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır.  Qlobal Cənub QHT Platforması nə deməkdir?

- COP29 çərçivəsində Azərbaycan çox beynəlxalq tədbirə ev sahibliyi etdi və tarixi imza atdı. İlkin müzakirələr dövründə belə demişdim ki, COP29 elə bir mühum beynəlxalq tədbirdir ki, Azərbaycan üçün dövlət imtahanıdır.  Bir mütərəqqi, inkişaf etmiş dövlət olaraq biz böyük dövlətlərin, güclü dövlətlərin əhatəsində olan bir dövlət kimi göstərdik ki,  dövlətçilik məsələsində güclü, qüdrətli bir dövlətik ki, biz bu böyük beynəlxalq tədbirlərin də ən yüksək səviyyədə öhdəsindən gələ bilirik. Bu təkcə mənim sözlərim deyil, COP 29-a gələn çox mötəbər tanınmış insanların dilindən bunları eşitdik. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan çox böyük tarixi bir konfransa, beynəlxalq tədbirə mükəmməl səviyyədə ev sahibliyi etdi. COP29 da iştirak edən tanınmış şəxslər bu konfransla bağlı yüksək fikirdə olduqlarını dilə gətirdi. Onlar açıqlamalarında deyiblər ki, bir neçə COP tədbirində iştirak etsələr də, Azərbaycanın təşkilatçılığı ilə keçirilən COP konfransı müsbət mənada seçilir. COP29-un əsas məqsədlərindən biri dünyada iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin birgə əməkdaşlığını gücləndirməkdir. Milli Qeyri Hökumət Təşkilatının təşəbbüsü ilə COP-la bağlı tədbirlər keçirildi. QHT-lərin iştirakı ilə müzakirələr aparıldı, nəticələr əldə olundu. Əldə olunan nəticələrdən biri də Milli QHT Forumununun təşəbbüsü ilə 137 ölkədən 1023 QHT  təmsilçisi qoşulduğu Qlobal Cənub QHT Platformasının yaradıldı. Bu platforma Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən QHT forumunun tarixində çox önəmli bir addımdır. QHT aləmində ilk imza hadisədir ki, 137 ölkədən 1023 təşkilatın qoşulub. 

- Bu platformanın nə kimi əhəmiyyəti var?

- Belə bir platformanın yaradılması olduqca önəmli hadisədir. Qlobal Cənub QHT Platformasının yaradılması ictimai hadisə kimi qiymətləndirilməlidir. İndiyə qədər belə bir qlobal QHT platforması yaradılmamışdı. Hesab edirəm ki, yaşıl dünyaya həmrəylik və COP29 çərçivəsində imzalanan sənəd əldə olunan tərəfdaşlıq baxımından da əhəmiyyətlidir.

- Sizcə, Qlobal Cənub QHT Platformasının yaradılmasında məqsəd nədir? 

- Bu platformanın yaradılması bəşəriyyətin xilası baxımından da vacibdir. Onu da deyim ki, Azərbaycanın 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvü olan QHT-lərin əməkdaşlığı baxımından da əhəmiyyətlidir. Bir sözlə, bu platformanın böyük perspektivi var. Hesab edirəm ki, gələcəkdə Qlobal Cənub QHT Platformasına qoşulacaq ölkələrin sayı artacaq. Bir neçə ölkənin QHT-si də adıçəkilən platformaya üzv olacaq. 

- Qlobal Cənub QHT Platformasının yaradılması Vətəndaş Cəmiyyətlərinin inkişafına necə təsir edəcək?

- Qlobal Cənub-Cənub QHT Platformasının yaradılması öhdəliyi həm ruhlandırıcı, həm də vacibdir. Azərbaycan Vətəndaş Cəmiyyətlərinin çox böyük potensialı var. Bu gün platformanın yaradılması həmin potensialı ortaya qoyur. Məlum oldu ki, Azərbaycan QHT-lərini region, ölkə ilə məhdudlaşdırmaq mümkün deyil. Azərbaycan QHT-lərinin imkanları daha çox olsa biz daha yüksək səviyyədə dünyanı ictimai nöqteyi nəzərdən fəth edə bilərik. Bu da bizim üçün böyük hadisədir. Məlum məsələ ilə bağlı zəhməti keçən həmkarlarıma təşəkkür edirəm, uğurlar arzu edirəm

- Azərbaycanın bu addımı beynəlxalq arenada necə dəyərləndirilir?

- Bu platforma regional səsləri yüksəldəcək, əməkdaşlığı inkişaf etdirəcək. Bu gün ölkələrimiz tarixi sənədlərə imzalar atmaqla gələcək nəsillər üçün əməkdaşlıq imkanlarının yeni təməllərini qoydu. Bu təməllər bizi sarsılmaz birliyə və qardaşlığa aparacaq.

Günel CƏLİLOVA





Chosen
24
1
baki-xeber.com

2Sources