EN

Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

Image

Fransanın indiki hakimyyətinin xarici siyasətində çoxsaylı qüsurlara yol verdiyi məlum həqiqətdir. Burada Fransa prezidenti Emmanuel Makronun xüsusi rolunun olması da heç kimə sirr deyil. ümumiyyətlə, belə hesab edilir ki, Makron Fransa tarixində ən uğursuz dövlət başçısıdır. 

Bu dövlət dünya siyasətində rolu olmuş və öz ölkəsinin milli maraqlarına uyğun uğurlu siyasəti yürütmüş Şarl de Qoll, Jak Şirak, Fransua Mitteran kimi dövlət başçıları ilə tarixdə iz qoyub. Amma bu gün Fransa dövlət başçısının yerində olmamasından əziyyət çəkir və çoxsaylı ölkələrlə Parisin münasibətlərinin pisləşməsi qeyd edilənlərin real təzahürüdür.

Bu arada Fransa daha bir ölkə ilə siyasi, diplomatik qalmaqal yaşayır. Belə ki, Makronun Haiti liderlərini “axmaq” adlandırması ölkələr arasında qalmaqala səbəb olub. “The Guardian” nəşrinin  yazdığına görə, Haiti hökuməti Makronun “dostyana olmayan və yersiz” şərhlərinə etiraz etmək üçün ölkədəki Fransa səfirini çağırıb. Belə ki, Fransa prezidenti Karib ölkəsindəki vəziyyəti şərh edərkən Haitinin keçid prezident şurasının baş naziri vəzifəsindən kənarlaşdırılması barədə qərarını “tamamilə axmaqca” adlandırıb. Bu qərar noyabrın əvvəlində silahlı qarşıdurmaların kəskinləşməsi fonunda qəbul edilib. Makron deyib: “Açığı, Haitini məhz narkotik alveri ilə məşğul olmağa yol açan haitililər məhv ediblər”. Bu sözlərdən sonra Braziliyada Fransa Prezidenti şura ilə fikir ayrılığına görə hakimiyyətdən kənarlaşdırılan Haitinin keçmiş baş naziri Ariel Anrini tərifləyib. Makron onun böyük lider olduğunu söyləyib. Fransa lideri qeyd edib: “Onlar tam axmaqdırlar, onu işdən çıxarmamalı idilər”.  Nəticədə Makronun açıqlamaları keçmiş Fransa müstəmləkəsi olan Haitidə qəzəbə səbəb olub. Lakin Çilidə Makron öz tonunu yumşaltmalı olub: “Fransa heç vaxt böhrandan üz çevirməyəcək... Faciə qarşısında heç vaxt ikili standartlar olmayacaq, istər Haitidə, istər Venesuelada, istərsə də Avropanın qapısında”. “The Guardian” qeyd edib ki, Haiti rəhbərliyi daxili çəkişmələrlə parçalanıb və təhlükəsizliyi bərpa etmək və seçkilərə zəmin hazırlamaq tapşırığı verilən keçid prezident şurasının üç üzvü korrupsiyada ittiham olunur. Onlar öz vəzifələrində qalırlar. “The Guardian” həmçinin əlavə edib ki, Fransa Haitidə təhlükəsizliyin bərpasına kömək etmək üçün nəzərdə tutulmuş, ciddi resurs çatışmazlığı olan təhlükəsizlik missiyasının maliyyələşdirilməsi üçün BMT fonduna 4 milyon avro, həmçinin öz hərbçiləri üçün fransız və kreol dili kurslarının maliyyələşdirilməsini öhdəsinə götürüb.

Göstərilən bu misal bir daha təsdiq edir ki, 2018-ci ildə prezident seçilən Makron dövlətə rəhbərlik etdiyi dövrdə qəbul etdiyi uğursuz qərarları ilə Fransanı iflasa sürükləyib, dünya çapında nüfuzdan salıb. Fransanın üst-üstə yığılaraq qalmış daxili problemlərini həll edib əhalisinin istəklərini nəzərə almaq əvəzinə Makron islamofob, antisemitizm, Azərbaycanofob siyasətinə xidmət edən bir rəhbər olaraq özünü hörmətdən salıb. O, sülhlə yaşamaq istəyən dövlətlər arasında düşmənçilk toxumlarını səpməyə, yeni gərginlik ocaqlarını yaratmağa çalışır. Məhz Makronun uğursuz xarici siyasəti nəticəsində Fransa Afrika ölkələrindən qovuldu. Fransa bu gün ada dövlətlərinin istismarını davam etdirməklə insan haqlarını kobudcasına pozan və beynəlxalq hüququ ayaq altına atan dövlət kimi tarixə düşüb. Makron Angela Merkeldən sonra Avropada özünü bütün Avropanın lideri kimi aparmağa çalışdı. Amma onun dövlət rəhbərinə xas olmayan qeyri-normal hərəkətləri Fransanı Avropada da hörmətdən salıb. Məhz Makronun səriştəsiz rəhbər olması onun iqtidarını Avropa və Fransanın parlament seçkilərində uduzması ilə nəticələnib. Ümumiyyətlə, Fransanın nüfuzuna Makron qədər zərbə vuran heç bir lider olmayıb. Digər tərəfdən, Makron itirdiyi beynəlxalq nüfuzunu Cənubi Qafqazda Ermənistan hesabına qazanmağa çalışır, regionda gedən proseslərə müdaxilə edir.  Amma burada da fiasko ilə üzləşir. Xarici siyasətdə isə Azərbaycanla münasibətlərin pisləşməsi Makronun ən böyük səhvlərindən biri oldu. Fransızlar İkinci Qarabağ müharibəsini bəhanə edərək Ermənistanla yaxınlaşmağa, hətta ölkədə yerləşməyə belə başladılar. Onlar müxtəlif adlar altında öz rəsmilərini, hərbçilərini Azərbaycan-Ermənistan sərhəddinə göndərərək məkirli planlarına nail olmaq niyyətindədirlər. Lakin Paris tamamilə əks mənzərə ilə üzləşir. Fakt budur ki, Fransanın həm daxili, həm də xarici siyasəti Makronun ölkəyə rəhbərliyi dövründə nəzərəçarpan dərəcədə deqradasiyaya uğrayıb. Ölkə daxilində insan hüquqlarının pozulması, Makron hökumətinin islahatlarına qarşı dinc nümayişlərin qəddarlıqla dağıdılması, etiraz aksiyalarında “sarı jiletlilər” hərəkatının bir neçə üzvünün öldürülməsi və yaralanması dövlətin apardığı daxili siyasətin heç də qənaətbəxş olmadığını, insan haqlarının kobud şəkildə pozulduğunu təsdiqləyən hadisələrdir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq siyasətdə də əsas söz sahiblərindən biridir. Ancaq bu istiqamətdə də Yelisey sarayı tərəfindən atılan addımların bir çox hallarda beynəlxalq hüquq normalarına zidd olduğu açıq-aşkar görünür. Fransanın hələ də müstəmləkəçilik əsarətində saxlamağa çalışdığı bir sıra Afrika ölkələrində Fransa siyasətinə qarşı güclənən etiraz dalğası onların yeni müstəmləkəçilik siyasətinin iflasa uğradığını göstərir. Makron hakimiyyətdə qaldıqca Fransanın mövqe və nüfuzunun yerlə bir olacağı qaçılmazdır.

Nahid SALAYEV





Chosen
22
baki-xeber.com

1Sources