EN

Beynəlxalq qanunları “yan”layan vəkil

Ermənipərəstlər artıq cəhənnəmə vasil olmuş qondarma rejimin sabiq “dövlət naziri”, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran erməni əsilli rusiyalı milyarder, qlobal fırıldaqçı Ruben Vardanyanın gündəmdən düşməməsi üçün cəhdlər göstərməkdə davam edirlər. Bu dəfə “Vardanyan ailəsinin beynəlxalq hüquq məsləhətçisi” kimi təqdim edilən vəkili Cared Qenser  “Azadlıq” radiosuna  müsahibəsində onu “qəhrəman” kimi təqdim etməyə çalışıb. Hətta o,  beynəlxalq hüquqa istinad etmədən,  əməllərinin təfərrüatına varmadan Ermənistanda belə  siyasi məhbus kimi tanınmayan Vardanyanın “siyasi məhbus” olduğunu iddia edib. Halbuki, hazırda Bakıda heç bir nəfər də erməni əsilli məhbus yoxdur. Xalqımıza qarşı soyqırımı, qətliamlar törədən, əsirlikdə, girovluqda olan soyaşlarımızı  ağlasığmaz işgəncələrlə qətlə yerirən, digər təxribatlar törədən faşist xislətli bir neçə erməni əsilli cani vardır ki, onlar, o cümlədən Vardanyan törətdikləri cinayətlərə görə beynəlxalq hüquq normaları çərçivəsində mühakimə olunurlar.  Bu mənada vəkilin Vardanyanın hərbi əsir olmasını bildirməsi olduqca gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə rəsmi Bakının hər hansı bir öhdəliyi yoxdur. Olmaya vəkil bunu bilmir?

Həm də o iddia edib ki, “humanitar fəaliyyət”lə məşğul olan Ruben Vardanyan ona görə təqib və həbs edilib ki, guya o özünün fikir və ifadə azadlığından, sərbəst toplaşmaq və siyasi iştirak hüquqlarından istifadə edib. Bu ki lap ağ oldu! Yəqin,  bu, üzdəniraq vəkil bilməmiş deyil ki, Qarabağ bölgəsindəki separatçılara həmin əraziyə qanunsuz soxulmuş bu ünsür  rəhbərlik edirdi. Hətta o, humanitar yükün Ağdam-Xankəndi yolu ilə Xankəndinə daxil olmasına imkan vermirdi. Vardanyanın mənfur əməlləri bununla bitmir. Belə ki, beynəlxalq aləmdə də korrupsioner kimi tanınan, çirkli pulların yuyulması ilə məşğul olan, barəsində araşdırmalar aparılan Vardanyan qondarma “dqr”, Rusiya və Azərbaycan arasında yeni üçtərəfli sazişin imzalanması tələb etməklə yanaşı,  ölkəmizin ünvanına hədə-qorxu bəyanatları səsləndirirdi. Yəni, onun hərəkətləri təkcə Azərbaycanın suverenliyini pozmaqla kifayətlənməyib, həm də regionda sabitliyi pozmağa yönəlmişdi. Amma Vardanyanın bu şousunu, eləcə də həyata keçirmək istədiyi digər şoularını Azərbaycan uğurlu diplomatik gedişləri sayəsində fiaskoya uğratdı.

Bir müddət öncə Cared Qenser belə bir çağırış da etmişdi: “Azərbaycan hakimiyyəti öz ölkəsinin beynəlxalq arenada ciddi qəbul olunmasını və COP29-un sülh konfransına çevrilməsini istəyirsə, Rubenə qarşı pis rəftarını dayandırmalı, onu və Qarabağın digər siyasi məhbuslarını dərhal azad etməlidir”.  Əvvəla,  ötən il sentyabrın 27-də Qarabağdan qaçarkən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviç ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub, onunla heç də pis rəftar olunmur. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir. Onun çay içməsinə isə söz ola bilməz. Ümumiyyətlə, təkcə ona qarşı deyil, digər canilərə, separatçılara yəni, qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyana, Bako Saakyana, Araik Arutyunyana, sabiq "xarici işlər naziri" David Babayana, eləcə də “parlament sədri” David İşxanyana, generallar-Lyova Mnatsakanyana, David Manukyana da eyni münasibət göstərilir. Halbuki, Ermənistan bizim əsirlərə və ələ keçirdiyi mülki şəxslərə qarşı amansız və qəddar davranıb. Elə Birinci Qarabağ müharibəsində Ermənistanın əsir götürdüyü 4000-dən çox Azərbaycan vətəndaşının taleyindən bu günədək bir xəbər olmaması bunu sübut edir.

O ki qaldı vəkilin “Azərbaycan hakimiyyəti öz ölkəsinin beynəlxalq arenada ciddi qəbul olunmasını və COP29-un sülh konfransına çevrilməsini istəyirsə” fikrinə, elə rəsmi Bakı beynəlxalq arenada ciddi qəbul edildiyinə görə, onun banlamasını əsla nəzərə almadı. Almaq niyyətində də deyil. Bu mövqe dəfələrlə rəsmilərimiz tərəfindən bəyan edilib. Bu  mənada vəkilin bu “çağırışı”nın Vardanyanın ailəsindən yalnız və yalnız pul qoparmağa hesablandığı açıq-aydın görünür.

Daha sonra vəkil həmin müsahibəsinda vəkil Vardanyanla bağlı olaylara ermənipərəstlərin irəli sürdükləri, amma beynəlxalq ictimaiyyətə həqiqət kimi qəbul etdirə bilmədikləri “etnik təmizləmə” fonunda utanıb-qızarmadan müdafiəsinə qalxdığı cinayətkara haqq qazandırmağa, həmçinin bölgəni tərk edənlərin sayını şışirməyə çalışıb. Halbuki, dünyanın heç bir ölkəsi, BMT missiyası, həmçinin Ermənistan 2023-cü ildə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı etnik təmizləmə baş vermədiyini bildirib. İkincisi, Qarabağı tərk edənlərin sayı heç də onun iddia etdiyi qədər deyil. Ən yaxşı halda bu rəqəm 50 mindir ki, onlar da Qarabağı könüllü tərk ediblər. Halbuki, rəsmi Bakı onların həmin ərazilərdə yaşamaları üçün hər cür şərait yaratmışdı. Buna görə onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək. Ancaq onlar belə bir addım atmadılar.

Bütün bunları analiz edəndə belə qənaətə gəlmək olur ki, Cared Qenser əslində belə iddiaları beynəlxalq hüquq normaları çərçivəsində deyil, bəzi hayların dezinformasiyaları əsasında irəli sürür. Onun bu iddiaları isə Azərbaycana qarşı aparılan  informasiya müharibəsinin tərkib hissəsindən başqa bir şey deyil.  Bütün bunlar da onun həqiqi vəkilliyini şübhə altına alır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
24
ikisahil.az

1Sources