EN

Xəzər dövlətləri ayırmır, birləşdirir

Bakıda  BMT-nin İqlim Dəyişmələri üzrə  Çərçivə Konvensiyasının növbəti 29-cu sessiyası başa çatmaq üzrədir. Noyabrın 11-dən başlayaraq,  dünyanın 196 ölkəsindən 72 min nəfərə yaxın iştirakçı  bir araya gələrək, bəşəriyyətin qlobal ekoloji problemlərinin həlli üçün indiyə kimi görülmüş işləri qiymətləndirir, eyni zamanda, zamanın çağırışlarına uyğun yeni qərarlar qəbul etmək  məqsədi ilə yollar arayırlar. Beynəlxalq aləmdə tanınmış elm və düşüncə sahibləri, vətəndaş cəmiyyətinin  təmsilçilərinin saatları Bakı vaxtı ilə işləyir.

Sessiyada iştirak edən bir Azərbaycanlı kimi sonsuz qürur hissi ilə deyim ki,  COP-29 müstəqillik əldə etdikdən sonra  ölkəmizdə  keçirilən  ən böyük  hadisə olmaqla,  həm də beynəlxalq ictimaiyyətin respublikamıza xüsusi hörmətinin və dəstəyinin bir göstəricisidir. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində fəxrlə bildirmişdir ki, ötən ilin dekabrında, təxminən, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verilib. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.

Dünyada coğrafi məkan etibarı ilə o qədər də böyük olmayan Azərbaycanın davamlı inkişafı, ətraf mühitin qorunması sahəsində əldə etdiyi uğurlar və qarşıdakı illər üçün müəyyən edilmiş hədəflər, qlobal enerji, xüsusən bərpa olunan  enerji istehsalındakı fəaliyyəti dünyada təqdir edilməkdədir.

COP29-da  dünyanın ekoloji mənzərəsinin real  vəziyyəti  bütün açıqlığı ilə müzakirə olunur, yeni dövrün çağırışları səslənir və birmənalı olaraq qeyd edilir ki, iqlim dəyişiklıyinin zərərli təsirlərinin azaldılması, dünyanın yeni, yaşıl ekoloji standartlarının yaranması üçün bütün dövlətlərinin səylərinin birləşdirilməsinə, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və həmrəyliyə  ehtiyac var. Xüsusən, Afrikanın geridə qalmış, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərinə, iqtisadiyyatı təbii resursları istismar etmək üzərində qurulmuş digər dövlətlərə ekoloji layihələr üçün maddi  dəstəyin göstərilməsi barədə  səylər artırılmalıdır.

Bakının ev sahibliyi etdiyi sammitdə dünyanın müxtəlif ərazilərində çalışan on min nəfər vətəndaş cəmiyyəti təmsilçisi iştirak etmişdir. Respublikamızda ekoloji sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da sammitdə kifayət qədər təmsil olundular. Bunların sırasına bölgələrdə çalışan QHT-lərin təmsilçiləri də  qoşuldular və beynəlxalq təşkilatlarda şalısan həmkarları ilə bir araya gələrək, faydalı əməkdaşlıq əlaqələri yarada bildilər.

Cop29 çərçivəsində Milli QHT Foruma aid və digər  pavilyonunda hər gün müxtəlif məzmunlu məsələlər müzakirə olunurdu. Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri kimi biz də bir neçə məsələlərin müsakirəsində iştirak etdik. Azərbaycan Respublikasınin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Yaşıl zonada “Watter” konfrans zalında baş tutan forumda Xəzəryanı ölkələrdən olan bir sıra QHT nümayəndələri, tanınmış beynəlxaq ekspertlərin iştirak etdiyi “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı beynəlxalq konfrans çox maraqlı və canlı keçdi. Bildirildi ki, Xəzər dövlətləri ayırmır, əksinə birləşdirir, ona görə də dənizin  üzləşdiyi problemlərin həlli də həmrəylik, birgə fəaliyyət, səfərbərlik tələb edir.

Milli QHT forumun pavilyonunda  Formun və Pan-Afrikan İqlim Ədalət Alyansı “İnklüziv iqlim fəaliyyəti: Afrika və Azərbaycan QHT-lərinin birgə iqlim fəaliyyətləri üçün maliyyələşmə mexanizmləri” adlı tədbir də ekoloji problemlərin həlli istiqamətində birgə əməkdaşlığın yeni  nümunəsi oldu. Ümumiyyətlə, sammitdə iştirak və gündəlik müxtəlif informasiya mənbələrindən aldığımız  digər məlumatlar onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyət ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin bərpa olunması, təbiət dəyən zərərin azadılması üçün  karbon emissiyasının azaldılması, iqlim maliyyəsi, adaptasiya və yaşıl enerjiyə keçid təşəbbüslərini dəstəklədi, yeni sənədlər imzalandı.  

Hesab edirəm ki, COP-29 konfransının nəticələrinin təşviqində və geniş ictimaiyyətə çatdırılmasında  vətəndaş cəmiyyəti təmsilçilərinin  mühüm rolu olacaq. Bura məlumatlandırma və maarifləndirmə, lobbi fəaliyyəti, şəbəkələşmə, sosial ədalət məsələləri, təcrübə mübadiləsi və başqa fəaliyyət sahələrini aiddir.

Sonda əlavə edim ki, bizim bölgədə fəaliyyət göstərən “Ana Kür” İctimai birliyimiz 2010-cu ildə Ədliyyə Nazirliyində  qeydiyyatdan keçməklə, əsasən, Kür çayının ekosisteminin qorunması, su resursların səmərəli istifadəsinə köməklə və çay hövzəsindəki ekoloji problemlərin öyrənilməsi ilə məşğuldur. İndiyə kimi,   dövlətimizin maliyyə dəstəyi ilə 10-dan çox   ekoloji layihə həyata keçirmişik. Lakin Cop29-un fəaliyyətini yaxından izlədikdən sonra sanırıq ki, yeni dövrün çağırışlarına  cavab vermək üçün  beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə xaricdə fəaliyyət göstərən həmkarlarımızla   əməkdaşlığı genişləndirməliyik.

Rüstəm Məlikov, 
“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə  Kömək İctimai Birliyinin sədri

 

Chosen
33
xalqqazeti.az

1Sources