EN

Xəzər gəmiçiliyi də alternativ yanacağa keçəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) ətraf mühitə təsirləri minimuma endirmək istiqamətində mühüm tədbirlər həyata keçirir. Ekoloji aspektdə fəaliyyətini dayanıqlı inkişaf prinsiplərinə uyğunlaşdıran qurum ətraf mühitə mümkün zərərli təsirlərin sıfıra endirilməsi, o cümlədən tullantıların və emissiyaların minimal səviyyədə saxlanılması, su-enerji resurslarından qənaətlə istifadə olunması istiqamətində planlı və davamlı tədbirlər görür. Bu fikirləri mətbuata açıqlamasında ASCO-nun dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib. 

Onun sözlərinə görə, fəaliyyətini ölkə qanunvericiliyinin, Beynəlxalq Dəniz Təşkilatının tələblərinə, eləcə də gəmiçilik sahəsində mövcud  beynəlxalq konvensiyalara uyğun quran ASCO-nun ekoloji aspektdə dayanıqlı inkişaf prinsiplərinə ətraf mühitin mühafizəsi, qəzaların qarşısının alınması, tullantı və emissiyaların səmərəli idarə olunması, eləcə də ekosistemlərə mənfi antropogen təsirin minimuma endirilməsi aiddir. O deyib ki, bu prinsiplər sırasında təmiz, içməli su resurslarından səmərəli istifadə, biomüxtəlifliyin qorunması, enerji resurslarından qənaətlə istifadə, innovasiyaların dəstəklənməsi yolu ilə ətraf mühitin mühafizəsi üzrə daha əlverişli, mütərəqqi texnika və texnologiyaların tətbiqi xüsusi yer tutur. 

Qeyd olunub ki, ASCO-da dayanıqlı inkişaf siyasətinin davamlı yenilənməsi məqsədilə Ekoloji Sosial İdarəetmə əlaqələndirmə qrupu yaradılıb. Yaxın gələcək üçün hazırlanmış tədbirlər planına emissiyaların azaldılması məqsədilə gəmilərdə konstruktiv dəyişikliklərin və innovasiyaların, eləcədə “EcoPilot” elektron müdaxilə sisteminin tətbiqi, sahil enerji xətlərindən istifadə və gəmilərin korma hissəsində xüsusi istiqamətləndiricilərin quraşdırılması daxildir.

ASCO-da 2027–2030-cu illər ərzində bir neçə gəminin metanol yanacağına keçid üçün retrofit olunduğunu, 2030–2040-cı illərdə isə alternativ yanacaqdan istifadəyə keçidin nəzərdə tutulduğunu diqqətə çatdıran direktorun sözlərinə görə, bu da emissiyaların 2008-ci illə müqayisədə 70-80 faizə qədər azaltmağa imkan yaradacaq. Bütövlükdə isə, qurum 2040-2050-ci illərdə sıfır emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçidi planlaşdırır.

Chosen
84
xalqqazeti.az

1Sources