EN

Zaur Axundovun müsahibəsindəki biabırçılıqlar – TƏHLİL

“Araz Naxçıvan” proqnozlaşdırılandan ikiqat yaxşı nəticə qazanmaqdadır. “Kəpəz”ə qalib gəlib müvəqqəti 1-ci yerə qalxdı, ikinci pillədəki yerini isə möhkəmlətdi.
“Kəpəz”in ev oyunlarını Tovuzda keçirməsi səbəbindən “Araz Naxçıvan”ı izləmək üçün bölgəyə gedən Zaur Axundov orda brifinq keçirib.

Axundov bu klubun prezidenti idi. İndi isə Naxçıvan Futbol Federasiyasının prezidentidir. Onun qardaşı isə Mərdəkanda məskunlaşmış Naxçıvan təmsilçisinin prezidentidir. Axundov eyni zamanda futzal federasiyasının prezidentidir. Beyin yandı, bilirəm…

Nəysə, məzə-mərəkə bununla kifayətlənmir. İki federasiyanın prezidenti olmaq qanun pozuntusudur. Hələ bunu Axundova xatırladan olmayıb. Kefi istədiyi kimi addım atanlar zümrəsindəndir, nə edə bilərik.

Qayda, qanun pozuntularının, səriştəsizliyin kəllə-çarxa çıxdığı digər məqamları isə Axundovun brifinqdə verdiyi cavablarda da görə bilərik.

Ən əvvəl, NFF prezidenti olaraq klubun soyunub-geyinmə otağına girmək ayıbdır. Ona görə yox ki, orda soyunub-geyinirlər, ona görə ki, o otaq, bir növ, komandanın “məhrəm yeridir” və yalnız baş məşqçi və komanda üçündür. Federasiya prezidenti komanda görüşü rəsmi formada təşkil etməlidir, o cür yox.

Sitat: “Rəqibdən 10 qat zəif ola bilərsən. Amma uduzanda kişi kimi uduz, dovşan kimi yox”.

Milli komanda biabırçı hesabla uduzduğuna görə tənqid olunmalıdır və bu azadlıq bütün vətəndaşlara məxsusdur. Lakin vəzifə səlahiyyəti deyilən anlayış var. NFF prezidentinin futbolçuları dovşan sayması aşağılamaqdır və həvəskar çıxışdır.

Əlavə edir: “Bu oyunçular can qoymadı. Bilmirəm niyə. Əgər bu komanda mənim olsaydı, əvəzedici komandanı oynadardım, amma onları qoymazdım. Fernandu Santuş olmur, kim olur olsun”.

Fikir verirsinizsə, baş məşqçini danır, aşağılayır, inkar edir. “Əvəzedici komandanı oynadardım” deyir. Növbəti hərzə-hədyan çıxış, diletant yanaşma.

Və belə adam(lar) illərdir ki, ölkə futbolunda mühüm vəzifələrdəndir.

Davam edək.

“Mən İcraiyyə Komitəsində olanda da deyirdim ki, milli komandanın klublarla əlaqəsi yoxdur. Arada bir koordinator yoxdur. Ki, klubun da rəhbərinə lazım olanda iradını bildirsin. Ay filankəs, sizin klubdan 3 futbolçu dəvət etmişik. Onlara siz də motivasiya verin”.

Fikir verdinizmi, millidəki zəif çıxışa görə klubdan oyunçuya motivasiya verilməsini istəyir. Futboldan anlayışı bu səviyyədə olan Axundov uzun illər AFFA İcraiyyə Komitəsində idi. Niyəsə əvvəlki rəhbərliyin dövründə, məsələn, Slovakiyaya 5 cavabsız qolla uduzanda belə asıb-kəsmirdi, coşub-daşmırdı.

Başqa bir hədyan fikrə fikir verək:

“Əgər futbolçu meydanda qorxursa, ayağını topa qoymursa ki, zədə alaram, buna Santuş, De Byazi və ya mən, siz nə edə bilər? Özünü qoruyur ki, klubda yaxşı maaş alıram. Niyə burda özümü zədələyim. Sonra da klubdan yola salsınlar. Bunu mən görürəm. Bu adamlar klub tərəfindən cəzalanmalıdılar”.

Görürsünüzmü, adam futbolu bilmir, idarəçilikdə xəbərsizdir. Millidəki zəif çıxışa görə klubun futbolçunu cəzalandırmasını istəyir. Cəngəllik qaydaları…

Yoldaşlıq oyunlarında, əhəmiyyətsiz qarşılaşmalarda nəinki qələbə, hətta heç-heçəyə görə futbolçulara böyük məbləğdə pul mükafatı ayıran keçmiş AFFA rəhbərliyinin futbolçuların “beynini zəhərlədiyini” demir, ancaq “premiya” istəmələrinə hiddətlənir. Halbuki bu məsələlər elə Axundovun da AFFA-da cövlan etdiyi dövrlərə təsadüf edir. Utanmasan, danışmağa nə var ki…

Digər mənasız sitat:

“Federasiya bütün şəraiti yaradıb. Çarterlə uçuşu, yemək-içməyi, ən yaxşı otellərdə qalmağı federasiya edir. Peşəkar baş məşqçi gətirilib. Bundan başqa nə etməlidir? Bunu mənə başa salın. Rövşən Nəcəf lazım olan şəraiti yaradıb”.

İki daşın arasında yeni AFFA rəhbərinə də yarınır… Bu heç, adam bilmir ki, AFFA-nın əsas işi onun sadaladıqları deyil, doğru sistem yaratmaqdır. Məsələn, milli komandaya uyğun, doğru məşqçi seçimi və s. kimi.

“Araz Naxçıvan”nın Naxçıvanda oynamalı olduğu xatırlananda isə bülbül kimi ötən Axundov tonu aşağı salmalı olur, jurnalistlərin bu məsələdə iradlarının haqlı olduğunu bildirir və yenə də bu məsələnin konkret nə vaxt həll olunacağını deyə bilmir.

Əslində, o bilməməlidir, klub rəhbərliyi bilməlidir. Ancaq qardaşından soruşsun da…

Vəziyyətin naqolaylığına, yiyəsizliyinə baxın da. Nəysə…

Kamil Əhməd

Chosen
52
futbolpress.az

1Sources