EN

Silah Putini danışıq masasına oturdacaq

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Bryansk vilayətinin Karaçev şəhəri ərazisindəki logistika mərkəzinin 1046-cı arsenalını atəşə tutaraq obyektə 6 ədəd ATACMS raketi ilə zərbə endirib.

Zərbə nəticəsində obyektin texniki ərazisində yanğın baş verib. Rusiya tərəfi 5 raketin Hava Hücumundan Müdafiə (PVO) qüvvələri tərəfindən vurulduğunu, birinin isə zədələndiyini bildirib. Rusiya Baş Qərargahı Bryansk vilayətindəki sursat anbarının zərbə nəticəsində məhv olduğunu rəsmi olaraq təsdiqləyib. 

Bu, Ukraynanın ATACMS raketlərini Rusiyanın ərazisinə ilk dəfə olaraq tətbiq etməlidir. ABŞ bu növ silahların təminatını uzun müddət məhdudlaşdırmışdı, lakin sonradan Prezident Co Bayden Ukraynaya bu raketləri Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verdi. 

Baydenin ATACMS raketləri ilə Rusiyaya zərbə vurulmasına icazə verməsi bir neçə mühüm siyasi nəticəyə səbəb ola bilər. 

Birincisi, ABŞ ilə Rusiya arasındakı münasibətləri daha da gərginləşər. Rusiya artıq bu addımı qınayaraq, ABŞ-nin Ukraynaya belə silahlar göndərməsinin eskalasiyaya səbəb olacağını deyib.

İkincisi, bu qərar ABŞ daxilində də siyasi mübahisələrə səbəb ola bilər. ABŞ-də xüsusilə Respublikaçılar Partiyasının üzvləri münaqişənin diplomatik yolla həllinə üstünlük verirlər və bu növ silahların Ukraynaya göndərilməsi onların mövqeyini zəiflədə bilər. Eyni zamanda, Baydenin qərarı Avropadakı bəzi ölkələrin müharibəyə qarışmasına dair ehtimalları daha da gücləndirir. Xüsusilə Almaniya və Fransa bu silahların istifadəsinin təhlükələrinə dair narahatlıqlarını bildirirlər.

Mövzu ilə bağlı ukraynalı politoloq Aleksandr Oxrimenko “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, heç bir nüvə müharibəsinin olmayacaq. O hesab edir ki, Rusiya artıq tamamilə Çinin vassalı olub:

"Çin lideri Si Cinpin açıq şəkildə sərt şərtlər qoydu ki, nüvə silahları, nüvə təxribatları qadağandır. Hətta 2022-ci ildə Putin Xarkov ərazisində nüvə partlayışı həyata keçirmək istəyirdi. Lakin Si Cinpin bunu qadağan etdi və Putin dərhal fikrini dəyişdi". 

A. Oxrimenko qeyd edib ki, Rusiya raket zərbələrinin müharibənin gedişatını köklü şəkildə dəyişə biləcəyini düşünür. Buna görə də hazırda Kremlin məqsədi qorxutmaq, öz gücünü nümayiş etdirməkdir: 

"Çünki o, nə isə edə biləcəyini göstərməyə çalışır. Lakin baxın, artıq birinci zərbə vuruldu, amma Rusiya bunu görməzdən gəldi. Mən belə başa düşürəm ki, Rusiya ərazisinə raket zərbələri davam edəcək və zamanla Tramp fikrini dəyişəcək. Aydın məsələdir ki, əgər vəziyyət belə davam edərsə, Tramp Rusiyanın yalnız güclü bəyanatlar verə bildiyini, lakin raket zərbələrinə cavab verə bilmədiyini, nüvə silahlarından istifadə edə bilmədiyini görəcək".

Ekspert Rusiyanın hərbi təlimlər zamanı yalnız 7% nüvə silahlarının işlək vəziyyətdə olduğunun aşkarlandığını deyib. Onun fikrincə, qalan bütün silahlar istifadə oluna bilməz: 

"Bu məlumat artıq kəşfiyyat tərəfindən sızdırılıb və hər kəs anlayır ki, Rusiya kifayət qədər potensiala sahib deyil. Bütün bunlarla yanaşı, yenə də ortada Çin məsələsi var. Hazırda Rusiya Çindən tamamilə asılıdır və bütün qərarlar Pekində qəbul edilir. Mən belə başa düşürəm ki, indi Kremlin Çindən kömək istəməsi gözlənilir. 

Əslində bu, danışıqlara hazırlıqdır. Raket zərbələri, Rusiyaya qarşı nüvə təhdidləri – bunlar hamısı danışıqların başlanğıcıdır. Çünki danışıqlar yalnız güc mövqeyində olarkən aparıla bilər. Kremlin qorxub tez bir zamanda nüvə doktrinasını imzalaması faktı göstərir ki, həqiqətən də Kremlin raket zərbələrindən qorxur və təslim olmağa hazırdır".

Chosen
41
cebheinfo.az

1Sources