EN

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) 24-cü sessiyası çərçivəsində “Sağlamlıq hüququ: İslam və insan hüquqları kontekstində” mövzusunda təşkil olunmuş tematik müzakirələrdə iştirak edib.

Hafta.az xəbər verir ki, tədbirdə “İslam ölkələrində sağlamlıq hüququ – İqlim ədaləti və Ombudsman təsisatlarının rolu” mövzusunda çıxışı zamanı müvəkkil hazırda dünyanın bir çox bölgələrində, o cümlədən islam ölkələrində iqlim dəyişmələrinin insanların sağlamlıq hüquqlarından istifadə etmələrinə maneə yaratdığını və əhalinin həssas qruplarına mənfi təsir göstərdiyini bildirib. Bəzi islam ölkələrində baş verən silahlı münaqişələrin də həmin şəxslərin sağlamlıq hüququnun təmininə ciddi təsir göstərdiyini qeyd edən ombudsman münaqişə zonalarında belə səhiyyə xidmətlərinin əlçatanlığının, uşaqların və qadınların əsas sağlamlıq xidmətlərindən istifadəsinin təmin edilməsinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Müvəkkil mövcud çağırışlar fonunda hər kəsin sağlamlıq hüquqlarının bərabər imkanlarla təmini istiqamətində daha səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, müvafiq sahədə fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə insan hüquqlarının qorunması haqqında illik məruzələrində həmin hüquqların təmini istiqamətində bir sıra tövsiyələr irəli sürdüyünü qeyd edib.

Ombudsman iqlim dəyişmələri ilə mübarizə sahəsində Azərbaycanda bir sıra əhəmiyyətli islahatların həyata keçirildiyini, eləcə də ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib.

Ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan Səbinə Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Müvəkkil işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.

Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib. Müvəkkil, həmçinin istismara yararsız olmasına baxmayaraq, fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də qeyd edib.

Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.

Chosen
4
4
hafta.az

6Sources