Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis belə danışıb:
"Bura 3 xal qazanmağa gəlmişdik. Təəssüf ki, buna nail olmadıq. Son ötürmələrdə üç dəfə daha yaxşı oynaya bilərdik. İkinci yarı başlayanda qol buraxdıq. Bu vəziyyətdən çıxmaq asan deyildi. Rəqibin fiziki cəhətdən hazırlıqlı olması işimizi çətinləşdirirdi. Amma futbolçularımız yaxşı mentalitet nümayiş etdirdilər və cavab qolunu vura bildik.
Əlbəttə, yeddi oyunda qələbə qazana bilməməyimiz məni də qayğılandırır. Amma 3-cü yerlə xal fərqimiz o qədər də çox deyil. Enişdə olduğumuzu deməzdim. Bu qədər xal itirməyə layiq deyilik. Son 6 oyunda 12 Real qol vəziyyətindən yarısını qola çevirmişik".
Nihat