EN

Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var

Ali Məhkəmədə Bakıda müxtəlif şəxslərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Hacıyev Rəşad Elxan oğlu və tanışı Müseyibov Rasim Ramiz oğlunun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

 

Qeyd: Dələduzluğa məruz qalan şəxslərdən biri də 2019-cu ildə vəfat edən Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevin qardaşı Hümbət Səfərovdur.

 

Belə ki, Rəşadla Rasim Səfərov Hümbət Nayfalı oğlunun mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən “Karnaval Hall” şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib.

 

Sabiq icra başçısının qardaşını aldadan şəxslər 2021-ci ilin yanvarında daşınmaz əmlakın qiymətləndirilməsi üçün ondan 5.000 manat alıblar. Tanışların növbəti yalanı isə daha maraqlı olub. Belə ki, Rəşadla Rasim Hümbət Səfərovun restoranını almaq üçün guya tapdıqları müştərinin pullarının xaricdə olduğunu, məbləğin Bakıya çarter reysi ilə gətirləcəyini bildiriblər. Bu məqsədlə sabiq icra başçısının qardaşından daha 30 min dollar alıblar. Ancaq bu, sonuncu dələduzluq olmayıb. Tanışlar alqı-satqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə Hümbət Səfərovdan daha 73.000 manat mənimsəyiblər. Ümumilikdə Hümbət Səfərova qarşı 129.000 manat məbləğində dələduzluq edilib.

 

Məhkəmənin hökmü ilə Hacıyev Rəşad Elxan oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Müseyibov Rasim Ramiz oğlu da eyni maddə ilə təqsirli bilinib və 5 il həbs cəzasına məhkum edilib. Rasimə təyin edilmiş cəza 2 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

 

Xatırlatma: Hümbət Səfərovun Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevlə qardaş olsalar da, soyadları fərqlidir. Hümbət Səfərov eyni zamanda “Elmed” klinikasının sahibidir.

 

Onu da əlavə edək ki, Hümbət Səfərov bir neçə il öncə 400 min manatlıq dələduzluq ittihamı ilə gündəmə gəlmişdi. Belə ki, Cəbrayıl rayon sakini Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşən şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini bildirmişdi. H.Səfərov isə həmin dövrdə mətbuata açıqlamasında iddiaları yalanlamışdı.

 

Kamal Məmmədov

Tarix: 25 Noyabr 2024, 09:49   
Chosen
13
1
pravda.az

3Sources