"Ermənilər mənim başıma pul qoymuşdular. Mən onlara qənim kəsilmişdim. Rabitə bölüyünün rəisi idim. Zəng edib məni hədələyirdilər, deyirdilər ki, səni məhv edəcəyik."
Bu sözləri Bizim.Media-ya müsahibəsində qusarlı Birinci Qarabağ müharibəsi əlili Səmayə Xəlilova deyib.
Keçmiş hərbçi həmin vaxt Qubadlının Başarat və Kürdmahmudlu kəndləri ərazisində xidmət edərkən ermənilərdən gələn hədələrə baxmayaraq, onları hər zaman qətiyyətlə susdurduğunu vurğulayıb.
"Onlar hesab edirdilər ki, mən başqa ölkədən gəlmişəm və türk deyiləm. Mən isə deyirdim ki, Azərbaycan mənim əzəli vətənimdir və biz sizə heç vaxt təslim olmayacağıq," – deyə Xəlilova əlavə edib.
Birinci Qarabağ Müharibəsinin yeganə qadın döyüşçüsü olan Səmayə Xəlilova 1992-ci ilin yanvarında xalq drujinaçılarının təşəbbüsü ilə könüllü olaraq cəbhəyə yollanıb.
Onun ilk xidmət yeri Laçının Güləbird kəndində rabitə qovşağı olub. O, kişilərlə çiyin-çiyinə döyüşməyin asan olmadığını, lakin bütün çətinliklərə rəğmən 1997-ci ilə qədər cəbhədə xidmət etdiyini deyib. Səmayə Xəlilova Laçın, Ağdam və Füzuli rayonlarında 150 nəfərlik rabitə bölüyünə rəhbərlik edib.
Keçmiş hərbçinin bədənində müharibənin ağır izləri hələ də qalmaqdadır. Başında qəlpə, sol qolunda isə güllə yarası var. 1997-ci ildə Horadizdə minaya düşdüyünü bildirən Xəlilova, bu hadisə nəticəsində hər iki ayağından çanaq hissəyə qədər ağır xəsarət alıb. Müharibədə aldığı yaralar səbəbindən 1-ci qrup əlil olan Səmayə Xəlilova Qusara qayıtmalı olub.
"Əgər minaya düşməsəydim, qayıtmazdım, çünki Azərbaycanın ərazi bütövlüyü mənim üçün həmişə həssas məsələ olub," – deyə bildirib.
Qusarlı keçmiş hərbçi Vətən Müharibəsində qazanılan tarixi Zəfərimizin 4-cü ildönümündə sevincini gizlətməyib: "Dörd ildir ki, evimdə rahat yatıram. Torpaqlarımızın geri alınması məni sonsuz qürurlandırır," – deyə vurğulayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu