“Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır: “Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər.
Dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur.
Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının-29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik”. (Qafqazinfo)