EN

Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır?

“Hazırda bir uşağın məktəbə getməsi üçün ciddi vəsait tələb olunur". 

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 1 yaşı saymasaq, təxminən yarım milyon uşağın məktəbəqədər təhsilə cəlb olunmasından söhbət gedir: 

"Hazırda çox sayda uşaq məktəbəqədər təhsildə növbə gözləyir. Bu, vaxtında məktəbəqədər təhsil müəsisələrinin düzgün tikilməməsindən irəli gəlir. Buna tələb olunan xərclər 2 milyard manatdır. 

Uşağın 1 il məktəbəqər təhsilə cəlbi vacibdir, amma 3 il getməsi onun anasının işləməsi ilə əlaqədardır. Məktəbəqədər təhsil müəssisələri uşağın saxlanc yeri olmamaldıır, bura təhsil müəssisəsidir". 

Qeyd edək ki, bu gün ölkədə kifayət qədər məktəbəqədər təhsil müəssisəsi yoxdur və bu istiqamətdə bir sıra layihələr irəli sürülməsinə baxmayaraq, hələ də müsbət nəticə əldə edilməyib. Üstəlik, bir neçə il əvvəl çox sayda bağça özəlləşdirilib və hətta verilən 3 il müddətində də təyinatı üzrə fəaliyyət göstərməyib. 

 Eləcə də yalnız çalışan deyil, hər bir ailə sosiallaşması, ictimai tərbiyəsi səbəbindən övladlarının bağçaya cəlb olunmasını istəyir. Bu gün problem ölkədə bağça çatışmazlığı, yoxsa çalışan valideynlərin övladlarını bu təhsil müəssisəsinə göndərməsi ilə bağlıdır? 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cebheinfo.az"- a bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin məktəbəqədər təhsil müəssisələri ilə bağlı fikirləri bir neçə vacib aspekti əhatə edir: 

“Məktəbəqədər təhsilin məqsəd və məzmunu, mövcud infrastrukturun çatışmazlığı və çalışan anaların sosial ehtiyaclar. Bu məsələ təkcə təhsil deyil, həm də sosial və iqtisadi reallıqların təhlilini tələb edir. 

Məktəbəqədər təhsil müəssisələrinin həm təhsil, həm də sosial dəstək funksiyalarını yerinə yetirməsi dövlətin gələcək nəslin inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Məktəbəqədər təhsilin əsas məqsədi uşaqların intellektual, emosional və sosial inkişafını təmin etməkdir. Bu mərhələ uşaqların təhsil həyatına hazırlıq dövrüdür və onların təməl bilik və bacarıqlarını inkişaf etdirmək üçün əvəzsizdir. Nazirin vurğuladığı kimi, məktəbəqədər təhsil müəssisələri sadəcə “uşağın saxlanc yeri” olmamalıdır, bu, onların əsas funksiyasına kölgə sala bilər. Məktəbəqədər təhsil uşaqların bilik əldə etməsi ilə yanaşı, onların erkən yaşdan öyrənmə sevgisi qazanmalarına və yaradıcı düşünmə qabiliyyətlərinin inkişafına töhfə verməlidir". 

Ekspert deyir ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığı ciddi problemdir: 

"Statistikaya görə, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi dünya standartlarına nisbətən aşağıdır. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların faizi təxminən 25%-dir ki, bu da regionlarda daha da aşağı səviyyədədir. Tələb olunan xərclərin 2 milyard manat səviyyəsində olması bu sahədə dövlətin daha ciddi investisiyalara ehtiyacı olduğunu göstərir. İnfrastruktur çatışmazlığı səbəbindən çox sayda uşaq məktəbəqədər təhsil üçün növbə gözləyir. Bu vəziyyət həm təhsilin əlçatanlığını məhdudlaşdırır, həm də sosial bərabərsizliyi dərinləşdirir". 

Çalışan anaların ehtiyacları məsələsinin də müzakirə edilən məqam olduğunu deyən ekspertin fikrincə, məktəbəqədər təhsil müəssisələri təkcə uşaqların təhsil alması üçün deyil, həm də çalışan anaların iş həyatında aktiv iştirakını təmin etmək üçün mühüm rol oynayır:

"Qadınların iş həyatında iştirakını artırmaq dövlətin sosial-iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. Belə ki, qadınların işgüzar həyatda daha fəal iştirakı həm ailə gəlirlərini artırır, həm də ümumi iqtisadi inkişafı dəstəkləyir. 

Məktəbəqədər təhsil müəssisələri çalışan analar üçün dayaq rolunu oynayaraq, onların iş fəaliyyətini daha rahat və davamlı etməyə kömək edir.

Nazirin “məktəbəqədər təhsil müəssisələri uşağın saxlanc yeri olmamalıdır” fikri ilə razılaşmaq olar, lakin bu yanaşma sosial reallıqları da nəzərə almalıdır. Əgər bu müəssisələr yalnız təhsil məqsədli fəaliyyət göstərərsə, çalışan analar üçün ciddi çətinliklər yarana bilər. Belə müəssisələrin həm təhsil, həm də sosial dəstək funksiyalarını birləşdirməsi vacibdir. Bu yanaşma beynəlxalq təcrübədə geniş tətbiq olunur. Məsələn, Skandinaviya ölkələrində bağçalar həm yüksək keyfiyyətli təhsil, həm də valideynlərə sosial dəstək funksiyası yerinə yetirir. Bu modellər dövlətin maliyyələşdirdiyi müəssisələrin müasir tələblərə uyğun fəaliyyətini göstərir". 

Ekspertin sözlərinə görə, Azərbaycanda bu problemin həlli üçün bir neçə istiqamətdə iş görülə bilər: 

"İlk növbədə, məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalı və mövcud olanlar müasir standartlara uyğun təmir edilməlidir. İnfrastrukturun genişləndirilməsi ilə yanaşı, bu müəssisələrin təhsil proqramları da yenilənməlidir. Uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək üçün innovativ və interaktiv metodlar tətbiq olunmalıdır. 

Eyni zamanda, bağçaların fəaliyyət saatları çalışan anaların iş rejiminə uyğunlaşdırılmalı, bu müəssisələrdə uzadılmış iş saatları tətbiq edilməlidir. Məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsi də vacibdir. Dövlət bu sahədə daha geniş subsidiyalar təqdim edərək, bağçaların əlçatanlığını artırmalıdır. Əlavə olaraq, özəl sektorun bu prosesə cəlb olunması məktəbəqədər təhsilin keyfiyyətini artırmağa və infrastrukturu genişləndirməyə kömək edə bilər. Özəl bağçaların dövlət tərəfindən müəyyən dərəcədə maliyyələşdirilməsi və qiymətlərin tənzimlənməsi ilə bu müəssisələr daha çox valideyn üçün əlçatan ola bilər. 

Məktəbəqədər təhsil müəssisələrinin əsas funksiyası uşaqların inkişafı olsa da, onların çalışan valideynlər üçün sosial dəstək funksiyasını yerinə yetirməsi də vacibdir. Bu iki istiqaməti balanslaşdıran yanaşma həm təhsil keyfiyyətini artırar, həm də cəmiyyətin iqtisadi və sosial ehtiyaclarını qarşılaya bilər. Azərbaycanın məktəbəqədər təhsil sistemi bu istiqamətdə yeniliklər etməklə, gələcək nəsillərin inkişafına və ailələrin rifahına mühüm töhfə verə bilər. Bu, yalnız təhsil siyasəti deyil, həm də sosial inkişaf strategiyasının bir hissəsi olmalıdır". 

Chosen
16
1
cebheinfo.az

2Sources