EN

"Tərəflər razılıq verərsə Türkiyə bu müharibənin uzunmüddətli həllinə nail ola bilər" - POLİTOLOQ

"Tərəflər razılıq verərsə Türkiyə bu müharibənin uzunmüddətli həllinə nail ola bilər" - POLİTOLOQ"Türkiyə lap əvvəldən Rusiya-Ukrayna müharibəsinə ədalətli meyarlardan və mövqelərdən yanaşıb. Türkiyə bu müharibədə heç vaxt "araqarışdıran" missiyasına sahiblənməyib. Türkiyənin mövqeləri hər zaman ona əsaslanıb ki, Rusiya-Ukrayna müharibəsində barış əldə edilsin".

Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, Türkiyənin Rusiya və Ukrayna ilə bağlı barışdırıcı missiyası digər dövlətlər üçün də örnək olmalıdır:

"Hətta bu müharibə ilk başlayan günlərdən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ortaq yolun tapılması, həmçinin bu məsələdə müəyyən vahid qərarların verilməsinin vacibliyi vurğulanmışdı. Bu baxımdan, hesab edirəm ki, Türkiyənin barışdırıcı missiyası digər bir çox dövlətlər üçün də örnək olmalıdır. Onlar da çalışmalıdır ki, bütün dünyanın, bəşəriyyətin gələcəyi naminə maraqlı addımlar atsınlar və doğurdan da sülhə, pozitivizmə yönəlik səmimiyyət nümayiş etdirsinlər. Təəssüf ki, son dövrlər baş verən hadisələr onu söyləməyimizə əsas verir ki, dünyanın bir sıra güc mərkəzləri Rusiya və Ukrayna arasındakı müharibənin nəyinki, həllinə maraqlıdır, əksinə, bu müharibəni daha da qızışdırmaq və ölkələrarası problemlərin sayını artırmaqla məşğuldurlar. Bu gün Türkiyə qlobal mənada həm Rusiya-Ukrayna müharibəsinə böyük töhvələr verə bilər, həm digər coğrafiyalarda baş verən proseslərdə maraqlı tərəf qismində çıxış edib, həqiqətən də hadisələrin qarşısını ala bilərlər. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən hadisələrdə Türkiyənin çox önəmli rolu mövcud ola bilər və tərəflər razılıq verərsə, doğrudan da Türkiyə bu müharibənin uzunmüddətli həllinə nail ola bilər".

Vüsalə İbrahimli

Chosen
12
sonxeber.az

1Sources