EN

Qazaxıstan Azərbaycanın üzərindən 20 milyon ton neft ixrac edə bilər...

Image

Məlum həqiqətdir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Bu xüsusda Prezident İlham Əliyev hələ ötən il  Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib ki, əks istiqamətdə də tranzitin əhəmiyyəti az deyil: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

Faktdır ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bunlar fonunda qarşılıqlı fəaliyyət nəqliyyat-tranzit sahəsində getdikcə daha çox diqqət çəkir. Bakı-Tiflis-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində reallaşdırılan genişmiqyaslı layihələr, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin alınması, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəminin daha da artırılması bunun bariz ifadəsidir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyini gücləndirmək üçün vahid strategiyanı əks etdirir.  Elə bu fonda məlum olub ki, Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft nəqlinin illik həcmini 1,5 milyon tondan 20 milyon tona çatdırmaq imkanlarını öyrənir. Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev məsələ ilə bağlı bildirib: “Bu il Bakı-Tiflis-Ceyhan vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”. Beləliklə, Bakı-Tiflis-Ceyhan vasitəsilə tədarükün həcmi 13 dəfədən çox arta bilər. Nazir bildirib ki, Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan vasitəsilə nəqlinin həcminin artırılmasında həm bizim, həm də azərbaycanlı tərəfdaşlarımız tərəfindən maraq var. Qeyd edək ki, Qazaxıstan neft ixrac marşrutlarını şaxələndirmək üçün ötən ildən Bakı-Tiflis-Ceyhan ilə tədarüklərə başlayıb. Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan marşrutu ilə illik həcmi 1,5 milyon ton olan neftin tranzitini nəzərdə tutan 5 illik müqavilə bağlanılıb. İxrac 2023-cü ilin aprelində başlayıb.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Transxəzər marşrutu ilə neft ixracının həcminin artırılması barədə tapşırıq vermişdi. Həmin il Qazaxıstanın “KazMunayQaz” və Azərbaycan SOCAR şirkətləri arasında “Tengiz” yatağından hasil olunan neftin Bakı-Tiflis-Ceyhan qaz boru kəməri ilə nəql olunması haqqında müqavilə imzalanıb.  Görünən odur ki, Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq istəyir. Qazaxıstan dünya neft ehtiyatının 2 faizinə malikdir, gündə 2 milyon barrel neft istehsal edir. Bu neftin 80 faizi Rusiya ərazisindən Qara dənizdəki Novorosiysk limanına çatdırılır. Ancaq bu marşrut etibarlı deyil və  Rusiyadan keçən boru xəttində tez-tez qəzalar baş verir. Buna görə Qazaxıstan neftinin nəqli dayandırılır və bu zaman ölkənin gəlirləri azalır. Rusiya bır sıra hallarda Qazaxıstan neftinin nəqlini siyasi səbəblərdən əngəlləyir.  Bakı-Tiflis-Ceyhanla yanaşı, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin nəql edilməsini təklif edib. Bu istiqamətdə də müzakirələr aparılır. Bundan başqa, yuxarıa qeyd edildiyi kimi Azərbaycan Xəzərdə ən böyük donanmaya malik ölkədir. Bununla yanaşı, Azərbaycan donanmasına hər il yeni gəmilər daxil edir. Araşdırmalar da göstərir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Son 20 ildə ölkəmiz tranzit potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr gerçəkləşdirib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalı istifadəyə verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissəsində bu önəmli infrastrukturların səmərəliliyini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Bu məqamda xatırlatmaq yerinə düşər ki, son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ilə birləşdirilərək yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən tədbirlər də xüsusi yer tutur. Bunlar Qazaxıstanın da diqqətindən yayınmır. Azərbaycanın Qazaxıstanın hasil etdiyi “yaşıl enerji”nin də dünya bazarlarına çıxarılmasında ölkəmiz müstəsna rol oynamaq iqtidarındadır. O səbəbdən qarşılıqlı işbirliyinin daha da dərinləşməsi gözlənilir.

Tahir TAĞIYEV





Chosen
32
baki-xeber.com

1Sources