EN

Gürcüstanda soydaşlarımız torpaqlarının müsadirəsinə razılaşmırlar - İşə məhkəmədə baxılacaq

Gürcüstanın Marneuli bələdiyyəsində səkkiz vətəndaşa məxsus torpaq sahələrinin bir hissəsi müsadirə olunur.

Teleqraf.com xəbər verir ki, buna səbəb Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yollarının inşasıdır.

Gürcüstanın iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Nino Enukidzenin qərarında deyilir ki, torpaq sahələrinin əldə olunması ilə bağlı hazırlanmış planda sahiblərə kompensasiyanın ödənilməsi məsələsi də yer alıb. Avtomobil Yolları Departamentinin apardığı danışıqlara baxmayaraq, torpaq sahələrinin sahibləri ilə razılıq əldə edilməyib.

Müsadirə olunacaq torpağın ümumi sahəsi 26 260 kvadrat metr təşkil edir.

Şəxsi əmlakı dövlət tərəfindən müsadirə edilən vətəndaşların 6-sı soydaşımızdır. Onlara məxsus torpaq sahələri Axlılələ, Dəmyə-Gorarxı, Araflı və Şulaveri kəndlərində yerləşir. Vətəndaşlara müsadirə haqqında qərardan şikayətlə bağlı məhkəməyə müraciət etmələri üçün bir ay vaxt verilib.

Xatırladaq ki, bu ilin avqustunda Rustavi-Sadaxlı avtomobil yolunun tikintisi üçün Marneulidə digər üç vətəndaşa məxsus torpaq sahələrinin müsadirəsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı yol sahələri Gürcüstanı Azərbaycanın və Ermənistanın sərhədi ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsidir. Avropa İnvestisiya Bankının maliyyələşdirdiyi layihəyə əsasən, 61,3 kilometr uzunluqda 4 zolaqlı beton örtüklü sürətli avtomobil yolu, 26 körpü və 11 yol qovşağı inşa olunacaq. Tikinti işlərinə 2025-ci ilin əvvəlində başlanılması nəzərdə tutulub.


Müəllif: Cəmilə Babayeva
Chosen
22
teleqraf.com

1Sources