EN

Aİ-95 markalı benzin ucuzlaşacaq? - Açıqlama


Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzin 1,60 AZN-ə satılır. Rəsmi məlumata əsasən, hələ ki Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib. Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salınacaq. Bu, qiymətin aşağı düşməsinə səbəb ola bilərmi?
.
Mövzuya münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a deyib ki, artıq Aİ-95 markalı benzin ölkə daxilində istehsal olunur. Bu, o deməkdir ki, daha ucuz maya dəyərində istehsal imkanları mövcuddur:
“Əvvəllər Aİ-95 markalı benzini xaricdən idxal edirdik. Bu zaman isə əlavə logistik xərclər, istehsalçının istədiyi mənfəət marjasını qəbul etmək məcburiyyətində idik. Hazırda Aİ-95 markalı benzinin ölkə daxilində istehsal edilməsi həm qiymətlərin kəskin tərəddüdünün, həm də benzinin həddən artıq qazancla satılmasının qarşısını alır. Beləliklə, logistik xərclər, istehsalçının istədiyi mənfəət marjası kimi məsələlər aradan qalxdığından Aİ-95 markalı benzinin qiyməti enə bilər. Bu da ondan istifadəyə marağı artıracaq”.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, əgər yerli istehsal olan benzinin qiyməti tənzimlənirsə, Aİ-95 markalı benzinin də qiyməti tənzimlənməlidir:



“Qiymətləri Tarif Şurası müəyyən edir və bu zaman bir çox məqamları nəzərə alır. Hazırda qiyməti SOCAR müəyyən edir. Bu səbəbdən də daha çox iqtisadi aspektlərdə məsələləri dəyərləndirir. Tarif Şurası ən azından nəzəri baxımdan sosial aspektləri də nəzərə almalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, Aİ-95 markalı benzinin qiyməti əvvəllər də dövlət tərəfindən tənzimlənirdi. Sonradan Nazirlər Kabinetinin qərarı ilə bu, dövlətin nəzarətindən çıxarıldı: “Faktiki olaraq, enerji şirkətləri bu növ benzini son aylara qədər xaricdən gətirirdilər. Qiymətləri də onlar müəyyən edirdilər. İndi bu məsələ yenidən dövlət tərəfindən tənzimlənəcək".

Sevinc,
BakuPost
Chosen
4
1
bakupost.az

3Sources