EN

ABŞ-Azərbaycan əlaqələri yeni mərhələyə daxil olur

Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Prezident Trampın dövründə Azərbaycan ilə ABŞ arasında çox səmərəli əməkdaşlıq olub və bu əlaqələr qarşılıqlı hörmət üzərində qurulub

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib. Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını vurğulayan dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.

Xatırladaq ki, cənab Tramp ilk dəfə 2016-cı ildə sabiq dövlət katibi Hillari Klintona qalib gələrək “Amerikanı yenidən möhtəşəm edəcəyik” devizi ilə prezident seçilmişdi. Qlobal koronavirus pandemiyası zamanı 2020-ci il seçkilərində demokrat rəqibi Co Baydenə uduzsa da, təxminən iki illik kampaniyadan sonra 2024-cü ildə yenidən Ağ evə iddia etdi və “Amerikanı bir daha möhtəşəm et” şüarı ilə prezident seçkilərinə qatılaraq qalib gəldi. Respublikaçılar Partiyasının namizədi Donald Tramp bu siyasi kampaniyada demokratların nümayəndəsi Kamala Harrislə yarışırdı. Onu da qeyd edək ki, demokratlar bir müddət Cozef Baydenin namizədliyini dəstəkləyirdi. Kampaniyanın başlamasına bir neçə ay qalmış, bu ilin iyulunda namizədliyini geri çəkərək vitse-prezident K. Harrisi müdafiə etdiyini bildirmişdi. O, ABŞ-də hakimiyyətə ikinci dəfə fasilə ilə gələn ikinci prezidentdir. İlk dəfə Stiven Qrover Klivlend Ştatların 22-ci və 24-cü dövlət başçısı seçilib. Donald Tramp isə 2016-2020-ci illərdə prezident olub. Bu ildən sonra fövqəladə hal baş verməzsə, ABŞ-nin 45-ci və 47-ci prezidenti 2028-ci ilədək daha dörd il bu vəzifəni icra edəcək. Ağ evin yeni sahibi tərəfdarları qarşısında çıxışında seçkilərdə qalib gəldiyini elan edərkən bunları demişdi: “Ölkəmizin bərpasına kömək edəcəyik. Ölkəmizin köməyə ehtiyacı var. Biz sərhədlərimizlə bağlı problemi həll edəcəyik, başqa problemləri də həll edəcəyik... Amerika bizə görünməmiş və güclü mandat verdi”, - deyə o bildirdi. Cənab Tramp əmin etdi ki, onun prezidentliyi “Amerika üçün qızıl dövr” olacaq: “Övladlarımızın layiq olduğu və sizin layiq olduğunuz güclü, təhlükəsiz və firavan Amerikanı yaratmayana qədər dincəlməyəcəyəm... Bizi çox gözəl bir dörd il gözləyir və biz çox xüsusi bir şey etməklə ölkəmizi dəyişəcəyik”.

Ümumiyyətlə, cənab Trampın birinci prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşahidə olunmuşdu. Onun azərbaycanlı həmkarına ünvanladığı məktublarda da hər zaman ölkələrarası münasibətlərin strateji xarakteri qabardılır, Bakının geosiyasi və geoiqtisadi əhəmiyyəti xüsusi vurğulanır. Birinci prezidentlik dövründə Amerika Prezidentinin Azərbaycanın dövlət başçısına Respublika Günü münasibətilə ünvanladığı məktubunda iki ölkə arasındakı münasibətlərin məzmunu və perspektivləri ilə bağlı maraqlı məqamları vurğulamışdı. Həcmi qısa olan məktubun məzmunu dərindir və orada geosiyasi kontekstdə əhəmiyyətli fikirlər ifadə edilmişdi: "28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram" cümləsi ilə başlayan məktubunda D.Tramp dərhal ifadə edir ki, "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir". Bu iki cümlə bir-birini məzmun və məqsəd baxımından qarşılıqlı surətdə tamamlayır. Belə ki, birinci cümlədə Amerikanın Azərbaycanın müstəqil dövlət olmasını tam qəbul etdiyi bildirilir ki, bu da məsələnin tarixinə Vaşinqtonun hörmətlə yanaşmasını göstərir. ABŞ Cənubi Qafqazda müstəqil Azərbaycan dövlətinin qurulmasını tamamilə təbii, zəruri və geosiyasi aspektdə faydalı hadisə adlandırır. İkinci cümlədə bu tezisin konkret siyasi arqumenti ifadə edilib. Yəni, Amerika Birləşmiş Ştatları Azərbaycanı həm də ona görə ürəkdən təbrik edir ki, bu dövlət suverenlik və müstəqilliyini təmin edə bilir!

Bu il avqustun 20-də keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Prezident İlham Əliyev respublikaçılar hakimiyyəti ilə əlaqələrimizin nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olduğunu bildirmişdi. Dövlət başçısı, həmçinin əlavə etmişdi ki, Prezident Trampın dövründə Azərbaycan ilə ABŞ arasında çox səmərəli əməkdaşlığımız olmuşdu və bu əlaqələr qarşılıqlı hörmət üzərində qurulmuşdu və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Prezident İlham Əliyev, eyni zamanda, vurğulamışdı ki, ABŞ-la münasibətlərimiz, demək olar, hər zaman sabit olmuşdu. Azərbaycan münasibətlərdə sabitliyin, qarşılıqlı hörmətin gözlənilməsinin tərəfdarıdır. Göründüyü kimi, rəsmi Bakı münasibətlərdə yersiz dalğalanmaların hərtərəfli əməkdaşlığa zərər verdiyini hər zaman açıqlayır. Bu baxımdan respublikaçıların hakimiyyəti dövründə münasibətlərin inkişafına təsir göstərən süni amillərə yol verilməyəcəyin inam böyükdür.

Ümumiyyətlə, diplomatik əlaqələrin qurulduğu vaxtdan Azərbaycan-Amerika münasibətləri sıx tərəfdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnir. Donald Tramp ənənəvi olaraq xarici siyasətini başqa dövlətlərin daxili işlərinə qarışma prinsipləri üzərində qurmaq, onları idarə etmək niyyətində olmadığını göstərib. Amerika prezidentinin məqsədi digər ölkələrlə bir-birinin maraqlarına hörmət əsasında bərabər, qarşılıqlı faydalı əlaqələr qurmaqdır. O, bu prinsipini hər zaman bəyan edir. Həmçinin, D.Trampın cəmiyyəti sarsıdan neqativ hallara, o cümlədən cinsi azlıqlara münasibəti də heç kəsə sirr deyildir. Təsadüfi deyil ki, onun bu qələbəsi LGBT təşkilatında ciddi çaxnaşma yaradıb. Buna səbəb isə onun seçki kampaniyası müddətində çıxışlarında, reklamlarında və yazılı platforma siyasətlərində transseksuallara qarşı ritorika nümayiş etdirməsi olub. Bildirilir ki, Respublikaçılar Partiyası seçki dövründə cinsi azlıqlar əleyhinə reklamlara 215 milyon dollar xərcləyib. Bundan əlavə, siyasətçi LGBT üzvlərini qəzəbləndirəcək yeni açıqlamalar da verib. Daha öncə “Allah yalnız iki cins yaradıb: kişi və qadın” deyən Trampın prezidentliyi dövründə LGBT ilə bağlı planları da bəlli olub: Uşaqlara uyğun olmayan cinsi material və transseksuallığı öyrədən bütün məktəblərə maliyyə yardımı dayandırılacaq, Konqresdən ABŞ hökuməti tərəfindən tanınan yeganə cinslərin kişi və qadın olduğunu müəyyən edən qanun layihəsini qəbul etməsi tələb olunacaq, uşaqlara “yanlış bədənə aid olduqlarını” təlqin edən səlahiyyətli şəxslərlə bağlı ciddi tədbirlər görüləcək, hər bir federal agentliklə bağlı cinsin dəyişdirilməsini təşviq edən bütün proqramları dayandırmağa yönəlmiş Sərəncam imzalanacaq, bütün ştatlarda yetkinlik yaşına çatmayanlar üzərində cinsiyyət dəyişdirmə əməliyyatları qadağan olunacaq, cinsiyyət dəyişikliyinin uzunmüddətli yan təsirlərini gizlədərək, bu sektor vasitəsilə zənginləşən böyük əczaçılıq şirkətləri və xəstəxana şəbəkələrinin mənfəəti araşdırılacaq və s.

İllər öncə Nyu-Yorkda davam edən Birləşmiş Millətlər Təşkilatının 74-cü məclisində çıxış edən Donald Tramp “qloballaşmaya rədd” və “millətçiliyi qucaqlama” çağırışları edərək demişdir: "Ağıllı liderlər ilk sıraya öz xalqları və ölkələrini qoyar. Gələcək qloballaşmaya deyil, vətənpərvərlərə aiddir". Həmçinin bildirmişdir ki, hər bir ölkənin öz mədəniyyəti və tarixini qoruma haqqı var. Əgər azadlıq və demokratiya istəyirsinizsə, suverenliyə sarılın, sülh istəyirsinizsə, ölkənizi sevin. Öz millətini sevmək dünyada yaxşı bir yer qazanmağa səbəb olar.

Sevinc Azadi, “İki sahil”

Chosen
28
ikisahil.az

1Sources