EN

Əhaliyə şad xəbər...

İcbari tibbi sığorta xidmətlərinin sayı artırılır

Bu gün dünya səhiyyə sistemində icbari tibbi sığorta geniş yayılmış tibbi xidmətlər modeli hesab olunur. Tibbi sığorta modelinin yaradılmasında əsas məqsəd səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməklə əhaliyə daha etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlər göstərilməsini təmin etməkdir. Məhz bu yolla xəstəliyi olan insanlar səmərəli müalicə ala bilirlər. İcbari tibbi sığorta əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verən sığorta növüdür. Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi məqsədilə hələ 1999-cu ildə “Tibbi sığorta haqqında” Qanun qəbul olunub. Bu məqsədlə 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.

Pulsuz tibbi xidmətlərin sayı artırılır

Qeyd edək ki, ölkəmizdə icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli tibbi xidmətlərə daha əlçatan olması məqsədilə tətbiq edilir. Bu sistem insanların maliyyə yükünü azaltmaqla yanaşı, müasir tibb xidmətlərindən bərabər şəkildə yararlanmaq üçün geniş imkanlar yaradır.

Sığorta çərçivəsində vətəndaşlar təcili, ilkin və ixtisaslaşmış tibbi yardım, laborator və diaqnostik xidmətlər daxil olmaqla geniş spektrdə tibbi xidmətlər əldə edə bilirlər. İcbari tibbi sığorta həmçinin xəstəliklərin erkən aşkarlanması və profilaktikası üçün şərait yaradaraq cəmiyyətin sağlamlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.

Bu sistem vasitəsilə tibbi xidmətlərin maliyyələşdirilməsi mərkəzləşdirilir və şəffaflıq təmin edilir. Beləliklə, icbari tibbi sığorta ölkədə səhiyyə sisteminin inkişafına mühüm töhfə verməkdədir.

Tibbi xidmətlərin sayı 3315-ə yüksəlib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, icbari tibbi sığorta ölkəmizdə tətbiq olunduğu dövrdən bu günə kimi əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Xidmətlər Zərfinə 2 dəfə dəyişiklik edilib: “İcbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayı 2 dəfə artırılaraq 3315-ə qədər yüksəlib.

Yeni xidmətlər hansılardır?

Agentlikdən bildirilib ki, ötən il təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub: “Habelə vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası kimi əməliyyatlar da daxil edilib.

Hazırda Xidmətlər Zərfi çərçivəsində qarşılanan tibbi xidmətlərin sayının artırılması məqsədilə ictimai müzakirələr keçirilir. İcbari tibbi sığorta ilə qarşılanan ürək-damar, neyrocərrahiyyə və oftalmoloji xidmətlərin növbəti ildə çeşidinin artırılması, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin də mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub.

İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinin qarşılanması planlaşdırılıb. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir”.

Ev şəraitində müalicə pulsuzdur, amma...

Qeyd edək ki, ölkəmizdə vətəndaşlara icbari tibbi sığorta ilə ambulator, yəni ev şəraitində də xidmət göstərilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Yeni Azərbaycan”a verilən açıqlamaya görə, planlı ambulator müalicə üçün ixtisaslı həkim tərəfindən vətəndaşa ev şəraitində müalicə təyin edilə bilər və bu müalicə xidməti ödənişsizdir: “Planlı stasionar müayinə və müalicə üçün isə ixtisaslı həkim tərəfindən vətəndaşa göndəriş vərəqəsi verilir. Sözügedən tibbi xidmət çərçivəsində ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi proflaktik tədbirlər və tibbi-sanitar maarifəndirmə işinin aparılması, eyni zamanda, qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər pulsuz qarşılanır. Lakin xəstəni müayinə və müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, məsələn, lor, nevroloq, oftalmoloq və.s həkimin evə çağırışı lazım gəldikdə bu, ödənişlidir və 35 AZN məbləğindədir.

Belə olduqda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində çalışan ixtisaslı həkimə göndəriş verilir. İxtisaslı həkimin qəbuluna gələn vətəndaş göndəriş vərəqəsini və şəxsiyyət vəsiqəsini tibb müəssisəsinin qeydiyyat şöbəsinə təqdim edir. İxtisaslı həkimin baxışından sonra müayinə üçün laborator analizlərin verilməsi, ultrasəs, rentgen və digər müxtəlif funksional diaqnostik müayinələr təyin edilə bilər. Müayinələrin nəticəsinə görə ixtisaslı həkim tərəfindən vətəndaşa planlı, təcili, təxirəsalınmaz ambulator və ya stasionar müalicə tələb oluna bilər”.

10Sources