Filippin və Yeni Zelandiyanın sahillərində güclü zəlzələlər qeydə alınıb.
“Far.Az” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə görə, 5,7 maqnitudalı zəlzələ Filippinin Luson adasında qeydə alınıb. Yeraltı təkanların episentri 320 min nəfərin yaşadığı Kabanatuan şəhərindən 20 km cənub-qərbdə olub. Təbiət hadisəsinin ocağı 182 km dərinlikdə yerləşib.
Cəmi beş dəqiqə sonra 5,8 maqnitudalı zəlzələ Yeni Zelandiyanın Hiks-Bey (əhali: 1,3 min) şəhərindən 123 km şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 19 km dərinlikdə olub.
Hər iki halda zərərçəkmişlər və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan olunmayıb.