EN

Karyerasını bərpa edən müharibə qazisi: “Avtomobil qəzasından sonra...”

“Hazırda özümlə bağlı hər şey qaydasındadır və qaldığım yerdən davam edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında iki ildən sonra karyerasını bərpa edən Azərbaycanın sərbəst güləşçisi, Vətən müharibəsi iştirakçısı Əfqan Xaşalov deyib.

57 kiloqram çəki dərəcəsində yer alan güləşçi idmana fasilə verməyinin səbəbini açıqlayıb: “2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda sol gözümdən yaralandım. Növbəti ildə isə Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatında bürünc medal qazandım. Bu yarışdan bir müddət sonra avtomobil qəzası keçirdim. Yaralanan gözüm çox zəifləmişdi. Karyerama fasilə verərək müalicə almaq məcburiyyətində qaldım. Müalicələrin faydasını gördüm. Şükürlər olsun ki, indi səhhətimdə hər hansı problem yoxdur. Hər şey qaydasındadır”.

Bir aydan sonra ölkə çempionatında iştirak edəcəyini vurğulayan Ə.Xaşalov turnirə yaxşı hazırlaşdığını bildirib: “Məşqlərim yaxşı keçir. Birincilik üçün çalışıram. Ümid edirəm ki, buna birlikdə şahid olacağıq”.

Kəlbəcərin dörd il öncə bu gün Ermənistan işğalından azad edilməsinə də toxunan idmançı bu Qələbədə pay sahibi olduğu üçün özünü şanslı və xoşbəxt hiss etdiyini söyləyib: “İlk olaraq, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin. Bu Qələbəni onlara borcluyuq. Bu Zəfər bizim üçün olduqca qürurvericidir. O gün olsun Kəlbəcər Şəhəri Gününün 40 illiyini qeyd edək”.

Chosen
14
1
sportinfo.az

2Sources