İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən ölkədə rəqabət siyasətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Xidmətindən Publika.az-a bildirilib ki, rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində cari ilin on ayı ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 146 müraciətə baxılıb, onlardan 87-si təmin olunub. Eyni zamanda, antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı daxil olmuş 21 müraciətdən 16-sı təmin olunub.
Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış 61 müraciətdən 33-ü təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı 48 olub, onlardan 28-i təmin edilib.
Bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipli əlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınması istiqamətində Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri, mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhlil edilməsinə dair tədbirlər həyata keçirilib. Rəqabət qanunvericiliyinə riayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlarda məhsul növləri müəyyən edilib.
Analoji dövrdə Dövlət Xidməti tərəfindən rəqabətpozucu davranışlarla mübarizə istiqamətində istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən və sahibkarların rəqabət imkanlarını məhdudlaşdıran haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadənin qarşısının alınmasına yönəlmiş tənzimləyici tədbirlər həyata keçirilib.
Bu ilin yanvar-oktyabr ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış 98 müraciətin 58-i təmin olunub. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.
Ötən dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 130 müraciətə baxılıb. Rəqibin üzərində əsassız üstünlük qazanmaq, onun təsərrüfat qərarlarının qəbuluna və icrasına qanunsuz vasitələrlə təsir göstərməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidməti tərəfindən 1 iş, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə isə 3 iş qaldırılıb, 9 işə (5-i ötən ildən davam edən) baxılması başa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində təsərrüfat subyekti tərəfindən yol verilmiş pozuntular aradan qaldırılıb.
Rəqabətli biznes mühitinin təmin olunmasını, bazar subyektlərinin rəqiblərinə qarşı ədalətli davranışını və rəqabət qanunvericiliyinə riayəti təşviq edən tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən cari ilin on ayı ərzində haqsız rəqabətə yol vermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və müvafiq icrası üçün məcburi göstəriş verilib.