EN

Jalə Əliyeva niyə gündəmə gəlməyə çalışır?

III, IV, V, VI və nəhayət VII çağırış Milli Məclisə seçilən deputat Jalə Əliyev nə az, nə çox, düz 20 ildən sonra danışmağa, təmsil etdiyi seçicilərin “problemlərini” dilə gətirməyə başladı.

Musavat.com xəbər verir ki, Milli Məclisin 2025-ci il büdcə müzakirələrində diqqətçəkən, həm də gündəm ola biləcək məqamlardan biri məhz onun çıxışı idi.

Ona görə yox ki, xanım deputat ictimai və dövlət əhəmiyyətli nələrdənsə bəhs edib. Xeyr, məsələ 24 il ərzində cibində mandat daşısa da, parlament kürsüsündə görünməyən, səsi nadir halda eşidilən deputatın “cuşə gəlməsidir”.

Jalə Əliyevanın 20 ildən artıq deputat fəaliyyəti ya susmaqla keçib, ya da “ailələr və talelər” tipli verilişlərdə qonaq kimi iştirak etməklə.

Misal üçün, xanım deputatın səsi sonuncu dəfə təxminən 6 öncə eşidilib, o da televiziyaların birində yayımlanan verilişdə.

“Xəzərin sahilində” danışan Jalə Əliyeva uşaqlığından, hələ balaca olanda tanınmış adam olmaq arzusundan bəhs edir və qeyd edir ki, “məndən tez-tez sorşurlar ki, sən necə oldun ki, deputat oldun?!”. Hərçənd, “deputat olmağın” nə siyasi, nə qanun baxımından mümkün olmadığını, deputatın seçildiyini belə bilmir, ya da cibində mandat daşısa da, siyasətlə məşğul olmadığı üçün belə bir təcrübəsi yoxdur.

Jalə Əliyevanın təbirincə desək, o “deputat olub”, amma cibində daşıdığı mandatın mahiyyətinə və missiyasına uyğun fəaliyyəti gözə dəyməyib. O baxımdan, xanım deputatın büdcə müzakirələrindəki çıxışı təəccüb doğururdu. Həm də ona görə ki, təmsil etdiyi 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinə beş ildən bir – seçkilər zamanı gedən, başqa vaxtı seçicilərini yada salmayan xanım deputat kağıza yazdığı və üzündən oxuduğu mətndə “seçicilərimin problemləri” deyə qeyd olunan məsələlərdən danışırdı.

Xanım deputat təmsil etdiyi seçki dairəsinə daxil olan Kürdəmir rayonundakı problemlərdən danışıb. İddia edib ki, rayonda əkinçilik, suvarma, heyvandarlıq, elektrik, yol, təhsil və işsizlik problemləri var. Belə problemlərin olub-olmaması, yaxud iddianın nə qədər doğru olması müzakirə mövzusudur.

Məsələ ondadır ki, bu iddialardan bəhs edən Jalə Əliyevanın sonuncu dəfə seçildiyi dairəyə daxil olan ərazilərdə nə vaxt olması sual altındadır. Bunu anlamağın sadə və dəqiq yolu var: “Google” axtarış sisteminə “Deputat Jalə Əliyeva seçicilərlər görüşdə” sözlərini yazanda cəmi 5 məlumat çıxır. Seçicilərlə birbaşa görüşlərdən biri 2015-ci ildə, digəri 2022-ci ildə olub, yerdə qalan görüşlər isə 2020-ci il və 2024-cü il parlament seçkilərində namizəd kimi keçirilib. Jalə Əliyevanın getmədiyi, görmədiyi Kürdəmirdəki “problemlərdən” bəhs etməsi ən azı gülünc səslənir.

Və sual yaranır: o, deputat kimi seçicilərinin hansı problemini həll edib, yaxud niyə indiyə qədər bu problemləri parlament kürsüsündən dilə gətirmirdi və niyə məhz indi səsləndirir?

Görünür, xanım deputatın “alovlu çıxışı” ilə gündəmə gəlmək niyyətindədir. Təsadüfi deyil ki, o, bəhs etdiyi “problemləri” üzündən oxuyurdu, çünki heç vaxt iddia etdiyi “problemlərin” olduğu yerlərə getməyib, öz gözü ilə şahidi olmayıb. Yəqin ki, “uşaqlıq arzularından” və “necə deputat olduğundan” həvəslə danışdığı verilişlərdən sonra qərara gəlib ki, büdcə müzakirələrində “özünü göstərsin” və qulaqdan-qulağa eşitdiklərini araşdırmadan, dəqiqləşdirmədən kağıza köçürərək, parlament kürsüsündə üzündən oxuyub. Ki, ayrıca araşdırma mövzuzu olsa da, onun iddia etdikləri “problemlərin” bir çoxu həqiqətə uyğun deyil, xüsusilə ölkədə işsizliyin minumum səviyyəyə çatdırılması istiqamətində atılan addımlar, bütün regionlarda infrastrukturun qurulması ilə bağlı görülən işlər fonunda.

Burada ayrı bir məsələyə xüsusilə diqqət etmək lazımdır. “İşsizlik və sosial problemlər” haqqında mühazirə oxuyan deputat Jalə Əliyeva seçicilərin bu “problemini” həll etmək üçün niyə heç nə etmir? Əvəzində, özü deputat maaşı ilə kifayətlənməyib, əlavə QHT fəaliyyəti ilə də məşğuldur. Xanım deputatın ən azı bilinən iki QHT-si var: biri həmtəsisçisi olduğu “Həsən bəy Zərdabi irs mərkəzi” İctimai Birliyi, digəri yaxınları üzərindən idarə etdiyi “Biz İnkişaf Zamanındayıq” İctimai Birliyi;

Jalə Əliyeva deputat maaşı ilə kifayətlənmir, həm də bu QHT-lər vasitəsilə qrant layihələri alır. Beləliklə, birdən çox işi yerini zəbt etməklə başqalarının gəlir yerini azaldır, sonra da “işsizlik problemindən” danışaraq, hökuməti günahlandırır. Onu da qeyd edək ki, iş və gəlir yerlərinə “göz dikən” deputat təkcə Jalə Əliyeva deyil. Məlumatlara görə, VII çağırış Milli Məclis üzvlərinin 55-nin öz adı ilə qeydiyyata alınan İctimai Birliyi var. V-VI çağırış Milli Məclisin üzvü olmuş 24 eks deputat da İctimai Birliyə sahibdir. Bunlar hələ rəsmi sənədlərdə deputatların adlarına olan birliklərdir, adlarının olmadığı, amma dolayısı ilə sahib olduqları, yaxud gəlirinə “şərik çıxdıqları” QHT-lərin olduğu da istisna deyil, xanım deputat Jalə Əliyeva kimi.

Yalnız seçki vaxtı yada saldığı seçiclərin “problemlərini” parlament kürsüsündə üzündən oxumaqla “gündəmə” gəlmək olar, amma hörmət qazanmaq çətindir, çünki coğrafi baxımdan çox da böyük olmayan gözəl ölkəmizdə heç nəyi gizli saxlamaq mümkün deyil. Xanım deputatın bundan sonra edə biləcəyi yeganə iş də 24 ildir necə susubsa, eləcə də qalsın, çünki danışdıqca özünü daha çox ələ verir.

Mənbə: yenisabah.az

Chosen
30
5
yenisabah.az

7Sources