EN

Qapısı tam bağlanmayan, şüşəsi qırıq avtobuslar... - Onlar xəttə necə çıxarılır? 

Bakıda istismar müddətini başa vuran avtobuslarin xəttə çıxması iddiaları yeni deyil. Deyilir ki, paytaxt ərazisində istifadə müddəti başa çatan və texniki cəhətdən yararsız avtobuslar hər gün minlərlə sərnişin daşıyır. Ümumiyyətlə, istismar müddəti bitmiş avtobusların sərnişindaşıma ilə məşğul olması nə dərəcədə doğrudur?

Referans.az xəbər verir ki, “Yeni Sabah”a bu mövzuda danışan nəqliyyat təhlükəsizliyi eksperti Orxan Musayev bir sıra vacib məqamlara toxunub:

“İstismar müddəti bitmiş və istifadəyə yararsız olan avtobusların ictimai nəqliyyatda fəaliyyətini davam etdirməsinə imkan verilməməlidir. Çünki belə olduğu halda insan həyatı müzakirə mövzusuna çevrilir. İstismar müddəti başa çatan avtobusların hər an qəza törətmə riski yüksəkdir”.

Ekspert bildirib ki, həm avtobuslar, həm də onları idarə edən şəxslər hər gün müayinədən keçirilməlidir:

“Beynəlxalq təcrübəyə əsaslansaq, ictimai nəqliyyatda insanların daşınması üzrə xidmət göstərən avtobuslar gündəlik olaraq, texniki müayinədən, baxışdan keçirilməlidir. Bu cür həssas nəqliyyat vasitələrini idarə edən avtobus sürücülərinin özləri də ilkin və dövri olaraq, tibbi müayinələrdən keçirilməlidirlər”.

O.Musayev nəqliyyat vasitəsində aparılan bütün proseslərin sənədləşdirilməli olduğunu da vurğulayıb:

“Reys öncəsi tibbi müayinə təşkil olunmalıdır. Reysə çıxmadan əvvəl sürücünün sağlamlığı yoxlanılmalı, nəzərdən keçirilməlidir. Bununla paralel olaraq, nəqliyyat vasitəsinin texniki sazlığına baxış keçirilməli və nəticələr xüsusi jurnallarda rəsmiləşdirilməlidir. Baxış zamanı nəqliyyat vasitəsinə hər hansı müdaxilə olunub, yaxud detal dəyişdirilibsə, onların siyahısı rəsmiləşdirilməli və sənədləşdirilməlidir”.


Chosen
16
7
referans.az

8Sources