EN

Prezident: “Enerji siyasətimizin prioriteti yaşıl texnologiyadır”

Əslində hamımıza məlumdur ki, yaşadığımız planet getdikcə çirklənir, temperatur qalxır və dünyamız tezliklə yaşayış üçün yararsız hala düşəcək. Ekoloji balansı pozan amillər isə çoxdur, kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr, avtomobillərin sürətlə artması, meşələrin məhv edilməsi kimi vəziyyət də bu amillərdəndir. Yəni, insan fəaliyyətinin yaratdığı bir sıra problemlər ümumi evimizi – dünyanı təhlükəyə aparır.

Əslində, ötən əsrin sonlarından etibarən dünya bu təhlükənin qarşısını almağın yollarını axtarır, cəhdlər edir. 1992-ci ildə UNFCCC (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası) ilə Birləşmiş Millətlər səviyyəsində özünü büruzə verən bu cəhdlərdən ən vacibi 1997-ci ildə imzalanan Kioto Protokolu adlı sənəd idi. Kioto Protokolu 1997-ci ildə iqlim dəyişikliyi ilə mübarizə üçün atılacaq addımların ən vacibidir deyə bilərik. Bu protokolu imzalayan ölkələr karbon qazı və istixana effektinə səbəb olan digər beş qazın emissiyalarını azaltmağı və ya bunu edə bilməyəcəkləri təqdirdə karbon ticarəti yolu ilə hüquqlarını artırmağı öhdələrinə götürüblər. Protokol ölkələri atmosferə buraxdıqları karbonun miqdarını 1990-cı il səviyyəsinə endirməyi tələb edir. 1997-ci ildə imzalanmış protokol 2005-ci ildə qüvvəyə minib. Çünki protokolun qüvvəyə minməsi üçün 1990-cı ildə ratifikasiya edən ölkələrin emissiyaları (atmosferə buraxdıqları karbonun miqdarı) yer üzündəki ümumi emissiyaların 55%-nə çatmalı idi və bu göstəriciyə 8 il sonra Rusiyanın da qatılması ilə nail olmaq oldu.

Daha sonra imzalanan Paris sazişi, 197 ölkənin iqlim böhranının qarşısını almaq üçün birgə hərəkət etməli olduqları barədə razılaşmaya gəldikləri haqda beynəlxalq müqavilədir. Paris sazişi mahiyyət etibarilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsaslanır. Bu saziş, Kioto Protokolunun müddətinin bitdiyi 2020-ci ildən sonra iqlim dəyişikliyi prosesini tənzimləmək məqsədi daşıyır. Paris sazişinin məqsədi 2020-ci ildən sonrakı dövrdə iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal sosial-iqtisadi dayanıqlığı gücləndirməkdir. Bu məqsəd mədən yanacaqlarının –neft və kömürdən istifadənin tədricən azaldılmasını və bərpa olunan enerjiyə meyllənməni tələb edir.

Paris sazişi iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığı fərqli şəkildə davam etdirir. Paris razılaşması və konvensiyaya əlavələr sistemi, qlobal emissiyalarda ən yüksək paya sahib olan ABŞ və Çinin öz məsuliyyətini anlaması, eləcə də bütün tərəflərin bu işdə əməkdaşlıq etməsini şərtləndirir. Bu razılaşma, iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq məqsədi daşıyır.

İnsan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyan bütün canlıların həyatı üçün ciddi təhlükə yaradır. Ətraf mühitin çirklənməsi ekosistemin tarazlığını pozur və qlobal istiləşməyə səbəb olur. Sənaye inqilabından sonra qalıq yanacaqlardan istifadənin artması bəşəriyyətin ətraf mühitə vurduğu əsas zərərlərdən biridir. Qalıq yanacaqların istifadəsi nəticəsində atmosferə atılan istixana qazlarının artan konsentrasiyası planetin daha da istiləşməsinə səbəb olsa da, qlobal temperaturun artması müxtəlif canlı növləri üçün çox təhlükəli olan iqlim dəyişikliyinə də səbəb olur. Emissiyaların qlobal temperaturun artmasında böyük rol oynadığını deyən ekspertlər, qalıq yanacaqlara qoyulan investisiyalar davam edərsə, 2030-2052-ci illərdə qlobal temperatur artımının 1,5-2 dərəcəyə çatacağını təxmin edirlər ki, bu da dünya üçün fəlakət deməkdir.

Mütəxəssislər dünyada temperatur artımının 2 dərəcəyə çatacağı təqdirdə buzlaqların əriməsinin dəniz səviyyəsini yüksəldəcəyini, qitələrin bir hissəsinin su altında qalacağını, əkinçilik və heyvandarlığın ciddi şəkildə təsirlənəcəyini proqnozlaşdırırlar. Sektoral karbon emissiyalarının ən böyük payı enerji sektorundan və sənayenin müxtəlif sahələrindən yaranır. Qlobal karbon emissiyalarında enerji sektoru təxminən 26 fazilik bir paya sahib olsa da, sənaye fəaliyyətləri 20, meşə təsərrüfatı 17, nəqliyyat sektoru 14, kənd təsərrüfatı 13 faizlik paya malikdir. Bundan əlavə, torpaq, hava çirklənməsi, təbiətin məhv edilməsi və planlaşdırılmamış urbanizasiya kimi bəşəriyyətin ətraf mühitə vurduğu digər zərərlərin sürətlə artması təbiətdəki canlı növlərinin yox olması üçün ciddi risklər yaradır.

Qida ehtiyacının ödənilməsində mühüm rol oynayan torpaqlar, yanlış əkinçilik üsulları, sənaye və məişət tullantılarının istifadəsi kimi səbəblərlə gündən-günə daha çox çirklənir və bu çirklənmə həm torpaq ekosisteminə, həm də iqlimə zərər verir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı məlumatlar yer üzündə torpağın təxminən 1/3 hissəsindən çoxunun deqradasiyaya uğradığını göstərir. Bu, torpağın qorunması üçün dünyada kifayət qədər tədbir görülmədiyini göstərir. Ərzağın 95 faizinin torpaqdan gəldiyini nəzərə alsaq, əhalinin artması və torpağın deqradasiyası səbəbindən 2050-ci ildə adambaşına düşən qlobal əkin və məhsuldar sahələrin miqdarının 1960-cı ildəki səviyyənin 1/4-ə bərabər olacağını anlamaq olar.

Aparılan araşdırmalar göstərir ki, torpağın altındakı karbonun miqdarı atmosferdəkindən üç dəfə çoxdur. Bu karbon eroziya və yanlış əkinçilik üsulları nəticəsində atmosferə atılıb. Qeyd edək ki, torpaqdakı eroziyadan, təbii resurların vəhşicəsinə istismarından 3,2 milyard insan zərər görüb. Eroziyanın ən çox yayıldığı bölgələr Hindistan, Çin, Mərkəzi Afrikanın şimal hissəsi və Cənubi Amerikadır.

İqlim dəyişikliyi ilə mübarizədə istixana və metan qazlarının artmasına səbəb olan neft və kömür kimi qalıq yanacaqlar yerinə külək, su və günəş enerjisi kimi bərpa olunan enerji mənbələrinə üstünlük verməsi çox əhəmiyyətlidir. Təbiətin qorunması üçün beynəlxalq əməkdaşlıqla yanaşı yerli həll yolları da şərtdir. İnsanlar daha çox yerli olaraq yetişdirilən tərəvəz və meyvələrə üstünlük verməli, iqlimə uyğun olmayan məhsulların yetişdirlməsində maraqlı olmamalıdır. Enerjiyə qənaət etmək, avtomobil əvəzinə velosipedlə getmək, yaşıl dünya naminə bərpaolunmayan resurslardan istifadəni azaltmaq da təbiəti qorumaq deməkdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi də eyni məqsədi daşıyırdı – yaşıl bir dünya üçün bütün dünya ölkələrinin və bütün insanların həmrəy olması şərtdir. Prezident İlham Əliyev də konfransın ilk günündə öz çıxışında bu məsələ haqqında fikir bildirdi, COP29 beynəlxalq konfransının ekoloji baxımdan daha yaxşı bir dünya üçün əhəmiyyətindən danışdı. O bildirdi ki, Azərbaycan neft-qaz ölkəsi olmasına rəğmən yaşıl dünyanın inkşafı üçün öz dəstəyini göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Prezident vurğuladı ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Chosen
72
sesqazeti.az

1Sources