EN

Dünya tarixi Bakı nailiyyətinə şahid oldu - COP29 yüksək səviyyədə təşkil edildi ŞƏRH

Bu gün Azərbaycan dünyada qlobal problemlərin həllinə mühüm töhfələr verən və bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə kimi tanınır. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir və dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 21 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

Dünyanın diqqətini Azərbaycana yönəldən və noyabrın 11-23 tarixlərini əhatə edən COP29 tədbirinin hər günü ölkəmizin tarixinə mühüm hadisələrlə yazıldı. Ölkəmizin iqlim dəyişmələrinə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilir. Bu addımların ümumiləşdirilmiş ifadəsi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eyni zamanda, 200-ə yaxım ölkənin dəstəyi ilə Azərbaycanın COP29-a ev sahibliyi oldu. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

Bu yerdə qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Bakı Olimpiya Stadionunun ərazisində COP29-un yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri ilə şəxsən özü maraqlanmasının nəticəsidir ki, ölkəmizdə səfərdə olan tədbir iştirakçılar hazırlıq işlərinin yüksək dəyərləndirmişlər. Dövlətimizin başçısı COP29-a hazırlıq işləri ilə bağlı çıxışnda da bildirmişdir ki, bu tədbirə hazırlıq işləri ən vacib amildir: «Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik».

Dövlətimizin başçısı deyib: «Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək».

«Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq», - deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: «Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir».

«Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir», -deyən dövlətimizin başçısı bildirmişdir ki, COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir və irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur». Bəli, həm də böyük məsuliyyət!. Və bu məsuliyyətin nəticəsidir ki, bütün dünya bir daha bunun şahidi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”.

Bakıda keçirilmiş COP29-un qəbul etdiyi ən mühüm qərarları sırasında hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusi yeri tutur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29-a Sədrliyi olaraq həyata keçirdiyi intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Dövlət Başçısının sözlərinə görə, “Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır”.

Eyni zamanda, Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin reputasiyasına zərbə vurmağa çalışan xarici dairələrin mövcudluğu, məqsədyönlü fəaliyyəti göz önündə idi. COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, ancaq bədxah dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. Bir sözlə, suyu bulandırıb balıq tutmaq tutmaq istəyənlər vardı. Ancaq onların xəyalları suya düşdü, Azərbaycan tərəfinin öz üzərinə düşən işləri hərtərəfli peşəkarlıqla görməsi bədxahlara “təşkilatçılıq zəif idi”, “təhlükəsizlik qaydalarında boşluqlar vardı” kimi demaqoqluqlar etməyə imkan vermədi. COP29-un hər bir iştirakçısı tədbirin yüksək səviyyədə təşkilini, Azərbaycanın sözün əsl mənasında yaşıl keçidin güclü carçısı olduğunu təqdir etdi. Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlığı təqdir edildi. COP29-a ev sahibliyimiz ilə bağlı qərarın qəbul edildiyi gündən ölkəmizə qarşı qarayaxma kampaniyası başlandı. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxdılar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, neftimizin olmasında bizi ittiham etmələri bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında suçlamağa bənzədi. Hazırda Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası Azərbaycanı neft dövləti adlandırdı. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı paylaşımında da bu məqamlara diqqəti yönəldərək bildirdi ki, genişmiqyaslı və planlaşdırılmış böhtan, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

Bir sözlə, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. İki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edildi. COP29 Sədrliyi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyişə nail oldu. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Chosen
59
sesqazeti.az

1Sources