EN

COP29-un 2 qlobal qərarı

BMT-nin İqlim Dəyişmələri üzrə Qlobal İnnovasiya Mərkəzinin layihə rəhbəri Massamba Tioye Azərbaycan mediasına müsahibəsində 29-cu iqlim konfransında qəbul edilən 2 qərarın son dərəcə zəruri olduğunu bildirib. Onlardan birinin iqlim maliyyəsi ilə sıx bağlılığını vurğulayan layihə rəhbəri artıq gerçəkləşən həmin təşəbbüsün inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsinə böyük töhfə verəcəyi əminliyini diqqətə çatdırıb.

“Digər qərar isə karbon bazarı, 6.4-cü maddə ilə bağlıdır. Bu qərar karbon bazarının işləməyə başlamasını təmin edəcək. Karbon bazarı isə müsbət təsir göstərmək üçün iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin həyata keçirilməsini asanlaşdıran çox vacib beynəlxalq siyasət vasitəsidir”,–deyə M.Tioye vurğulayıb.

Onun sözlərinə görə, iqlim maliyyəsi ilə bağlı qərar bütün ölkələrə iş yerləri yaratmağa, daha sürətli iqtisadi inkişafı gerçəkləşdirməyə, hamı üçün daha ucuz və təmiz enerjinin əldə olunmasını sürətləndirməyə, eləcə də təmiz enerji bumunu genişləndirməyə əlverişli şərait yaradacaq. Bu, iqlim böhranının ön cəbhəsində gələnlər, xüsusən də ən həssas olanlar üçün real müdafiə tədbirlərini maliyyələşdirməyə kömək edəcək.

Paris Sazişinin 6-cı maddəsinin tam təsdiq edilməsi isə yüksək inteqrasiya olunan karbon bazarları üzrə danışıqların 10 ildən sonra uğurla başa çatmasıdır. Bununla COP29 Sədrliyinin əsas prioritetlərindən biri olan Paris Sazişi Tərəflərin intensiv ikitərəfli texniki və siyasi danışıqları vasitəsilə, nəhayət, tam təsdiqini tapır. Beləliklə, illərlə davam edən adıçəkilən strateji sənədin reallaşdırılmasına yol açılır.

Paris Sazişinin 6-cı maddəsi iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının gerçəkləşdirilməsi nəzərdə tutulur. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının həyata keçirilməsi nəticəsində xərclərin ildə 250 milyard dollara qədər azalcağı gözlənilir.

M.Tioye müsahibədə daha sonra qeyd edib ki, Paris sazişinin karbon emissiyalarının ticarəti və karbon vergilərini özündə ehtiva edən 6-cı maddəsi uzun illər idi ki, iqlimlə bağlı tədbirlərin əsas mövzusu idi. Hətta ötən il Dubayda keçirilmiş COP28 zamanı sözügedən maddənin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu mümkün olmadı. Bu da qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsaitin cəlb edilməsinə mane olurdu. Azərbaycan paytaxtında isə tərəflər bu sazişin 6.2, 6.4 və 6.8-ci maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tam nəzarəti altında fəaliyyətinə “yaşıl işıq” yandırdılar. Xatırladım ki, bu maddə ölkələr arasında mitiqasiya tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Belə ki, dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirləri barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində bunu göstərməlidirlər.

 

Chosen
83
xalqqazeti.az

1Sources