EN

“Oxumaq bir vərdişdir və bu vərdiş ardıcıl aparılan proses nəticəsində formalaşır” - Adilə Nəzərova

“Kitab Evi” İctimai Birliyinin sədri Adilə Nəzərova QHT.az- a özəl açıqlamasında Azərbaycanda oxu mədəniyyətinin məktəb mühitində formalaşdığını, lakin bunun davamlı olaraq təbliğ edilməsinə ehtiyac olduğunu bildirib.

Oxu mədəniyyətinin inkişafı məqsədilə rəhbərlik etdiyi birlik tərəfindən bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Bakı, Sumqayıt, Mingəçevir, Göyçay, Neftçala, Xaçmaz və Qubada təlimlər keçirilib, iştirakçılara kitablar paylanıb. Xüsusilə bölgələrdəki insanların tədbirlərə maraq göstərdiyini vurğulayan Nəzərova, mütaliə vərdişlərinin formalaşdırılmasının uşaqlıqdan başlamalı olduğunu qeyd edib:

“Oxumaq bir vərdişdir və bu vərdiş ardıcıl aparılan proses nəticəsində formalaşır. Tədbirlərdə ailələrin və müəllimlərin rolunun vacibliyini qeyd edirik, bəzi valideynlərin özlərinin də maarifləndirilməyə ehtiyacı olduğunu bildiririk. Layihənin çətinliklərindən biri də maliyyə çatışmazlığı səbəbindən daha geniş auditoriyanı əhatə edə bilməməsidir. Bölgələrdəki oxucular kitab əldə etməkdə maddi çətinlik çəkirlər, bu səbəbdən kitab bağışlarının artırılması və kənd kitabxanalarının zənginləşdirilməsi vacibdir".

QHT sədri həmçinin bölgələrdə yazıçıların imza günlərinin təşkilində qarşılaşılan problemlərə toxunub və aidiyyəti qurumlara müraciət edərək, bu məsələnin həll olunmasının vacibliyini vurğulayıb. O, uşaq və yeniyetmələr üçün məktəblərdə yazıçılarla görüşlərin təşkilinin də zəruri olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı

Chosen
21
qht.az

1Sources