EN

7 gün ard-arda iş olacaq 

Baş nazirin imzaladığı qərarda Əmək Qanunvericilyi pozulmayıb

“Əmək Məcəlləsinə görə, işçi həftə ərzində 40 saatdan artıq işləyirsə, bunu həftəlik yox, aylıq balansla tənzimləmək mümkündür”

  Yeni il ərəfəsində gözlənilən hadisələrdən biri də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günləri ilə bağlı qərar verilməsidir. Son illərdə bayramlarla bağlı vətəndaşlara xeyli istirahət günləri hədiyyə edilir. Kimlər istirahət edir, kimlər işləməkdə davam edir, bu, ayrı mövzudur. İstirahət günlərinin yeri dəyişdirilməklə bayram günlərinin sayı artır. Əvəzində həftə sonları iş günü elan edilir. Burada məqsəd iş və istirahət günlərinin ardıcıllığını təmin etməkdir. Ki, məsələn, xarici ölkələrə səyahətə getmək arzusunda olanalar və ya ölkəmizin səfalı guşələrində istirahət etmək istəyənlər bir neçə gün ardıcıl istirahət edib, yorğunluqdan azad olsunlar.  İlin sonlarına yaxın Baş nazir Əli Əsədov növbəti dəfə buna imkan yaradan qərar imzalayıb. Baş nazirin imzaladığı qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da, iş həftəsi 23 dekabrda başlanacaq dekabrın 29-u isə ilin sonuncu iş günü olacaq. Növbəti iş həftəsi isə artıq 2025-ci il yanvarın 6-dan etibarən başlanacaq.
  Lakin 7 günlük iş həftəsi bəzən işçilərin daha çox yorulmasına da səbəb olur. 5 və ya 6 günlük iş həftəsinə vərdiş etmiş insanlar 7 gün ard-arda işə gəlib-getməyin yorucu, sıxıcı olduğunu bildirir. Həmçinin Baş nazirin məlum qərarının Əmək Qanunvericilyini pozduğu iddiaları da var. Sosial şəbəkə istifadəçiləri arasında “1 həftəlik iş rekorddur həqiqətən. NK ölkədə olan 40 həftəlik iş rejimini pozur. Düzgün deyil”, “Noyabrda da pozulub bu norma, amma 6 günlə, indi isə 7 gün dalbadal”, “40 həftəlik iş rejimini də, həftəlik iş saatı rejimini də pozulur! Üstəlik, bu ildə 1 dəfə olan xüsusi hal deyil, bir neçə dəfə edilir”, yazanlar var. 
  Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Sherg.az"a açıqlamasında məlum qərarla Əmək Qanunvericiliyinin pozulmadığını bildirdi: 

- Bayram istirahətinin davamlı olması üçün belə bir qərarın qəbul olunması normaldır. Qonşu ölkələrdə də bu təcrübə var. İnsanlar kiçik məzuniyyət planlaşdıra bilir, xarici ölkələrə səfər edə bilir, qohum-qardaş evinə gedə bilir. Düzdür, bizdə özəl sektor bu qaydanı gözləmir. Həmçinin işində fasilə verə bilməyənlər də işini davam etdirir. Məsələn, nəqliyyat sektoru, səhiyyə, ərzaq təchizatı və sair. Amma idarə və müəssisələr, digər xidmət sahələri istirahət edir. Burada qanun pozuntusu yoxdur. 40 saatlıq iş həftəsi məsələsi isə belədir ki, Əmək Məcəlləsinə görə, işçi həftə ərzində 40 saatdan artıq işləyirsə, bunu həftəlik yox, aylıq balansla tənzimləmək mümkündür. Aylıq balans olmayanda isə illik balansla tənzimləmək olur. İşçinin iş saatı aylıq 177 saatı keçməməlidir. Əmək Məcəlləsinə görə, işçinin summativ iş saatları 177 saatdan artıq olmamalıdır. Bayram günləri olmayanda da işçini 10-12 saat işlədənlər var. Məlum qərarda isə qanunvericilik baxımından pozuntu yoxdur. 

Chosen
12
sherg.az

1Sources