EN

YAP Mərkəzi Aparatında görüş keçirilib -Fotolar



Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə cari ilin 13-20 noyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş YAP nümayəndə heyətinin ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao ilə görüşü keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov möhkəm dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradələri sayəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ilə ölkələrarası münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan hər iki ölkə bütün sahələrdə işbirliyinin dərinləşdirilməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atılmaqdadır”.

Qarşılıqlı səfərlərin həm ölkələr, həm də partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin qiymətləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətinə diqqəti cəlb edən Tahir Budaqov vurğulayıb ki, Azərbaycan-Çin münasibətlərinin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir: “Partiyalarımız arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv xarakter daşıyır. Məmnunluqla qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçirildi, əlaqələrin hazırkı durumu və perspektiv imkanlar geniş müzakirə olundu. Xüsusilə də, iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanması tarixi əhəmiyyətə malik olmaqla bərabər, qarşılıqlı inam, hörmət və etimada əsaslanan səmərəli işbirliyinin genişləndirilməsi baxımından böyük önəm kəsb edir. Yeni mərhələdə görüləcək işlər ortaq maraqlarımızı təmin etməklə həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı və perspektivli olacaqdır”.

YAP Mərkəzi Aparatının rəhbəri daimi təmasların gənclər arasında da səmərəli ünsiyyətin gücləndirilməsinə, mütəmadi olaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə kimi önəmini diqqətə çatdırıb.

Tahir Budaqov səfər zamanı göstərilən yüksək diqqətə görə nümayəndə heyəti adından Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra YAP İdarə Heyətinin üzvləri, millət vəkilləri Pərvin Kərimzadə, Hikmət Məmmədov, Azər Badamov, Ülviyyə Həmzəyeva, partiyanın Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov səfər haqqında təəssüratlarını bölüşüblər.

ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao Çinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıyaraq uğurla inkişaf etdiyini söyləyib. O, ÇXR-in Baş nazirin müavini Din Süesənin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti və min nəfərədək digər iştirakçı ilə Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da təmsil olunduğunu və Bakıda mühüm görüşlərin keçirildiyini xatırladıb. Din Tao bəzi qüvvələrin qarayaxma kampaniyası aparmasına və prosesə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim etdiyini və COP29 çərçivəsində “Bakı Maliyyə Məqsədləri” sənədinin qəbul edilməsinin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə tarixi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın qlobal müstəvidə belə bir mühüm nailiyyətə imza atması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın önəmindən bəhs edən Din Tao YAP nümayəndə heyətinin səfərinin uğurlu olmasının böyük məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təşəkkürünü bildirərək müvəffəqiyyətlər arzulayıb.

Görüşdə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin üçüncü katibi Se Yilin də iştirak edib.



Chosen
11
8
aia.az

9Sources